Türkiyədə quru, dəniz və hava qüvvələrinin KOMANDALARI DƏYİŞİB
Türkiyə Yüksək Hərbi Şurasının toplantısı başa çatıb. “Report” Türkiyə KİV-inə istinadən xəbər verir ki, baş nazir Binəli Yıldırımın sədrlik etdiyi toplantı 4 saat davam edib.
Məlumata görə, şuraya yeni üzvlər qatılıb. Belə ki, keçmiş ədliyyə naziri Bəkir Bozdağ və sabiq müdafiə naziri Fikri İşık bu dəfə baş nazirin müavinləri kimi toplantıda iştirak ediblər. Baş nazir müavinləri Receb Akdağ, Hakan Çavuşoğlu, ədliyyə naziri Abdulhamit Gül və daxili işlər naziri Süleyman Soylu Yüksək Hərbi Şuranın yığıncağına ilk dəfə qatılıblar.
Toplantıda qəbul edilən qərarlar Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən imzalandıqdan sonra qüvvəyə minəcək və ictimaiyyətə açıqlanacaq.
Məlumata görə, quru, dəniz və hava qüvvələrinin komandanları dəyişib.
Avqustun 2-də saat 19:00-da prezident iqamətgahında şura üzvlərinə şam yeməyi veriləcək.