“Saytı və qəzeti olanın atasına lənət…” - DEPUTAT

“Saytı və qəzeti olanın atasına lənət…” - DEPUTATMilli Məclisin üzvü, Azərbaycan Kikboksinq Federasiyasının prezidenti Adil Əliyev özünün facebook səhifəsində çox maraqlı bir status paylaşıb. Deputat yazır:

Dostlar, uşaqlıqda “Ofsayt Absətəli” adlı bir əsər oxumuşdum. Səhv etmirəmsə, müəllifi Seyfəddin Dağlı idi. Çox maraqlı, qəribə süjet xətti olan bu əsərin qəhrəmanı Absətəli dostlari ilə yeyib-içərkən qərara gəlirlər ki, axşam futbola tamaşa etməyə getsinlər.

Axşam olur, dostlari Absətəlini də götürərək, stadiona təşrif buyururlar. Ömründə futbol nə olduğunu bilməyən, stadion görməyən qəhrəmanımız minlərlə insanın tribunalarda əyləşərək, kimlərisə gözlədiklərini görür və ani fikrə dalaraq, nə edəcəyini fikirləşməyə başlayır. Sağa baxır, söhbət filan futbolçunun başla gözəl qol vurmasından, sola baxır Peledən, arxaya baxır Qarrinçadan, irəli baxır Yaşindən söhbətlər-polemikalar gedir. Özünü tanıyandan həmişə məclislərdə çənə-boğaz edərək, heç kimə ağız açmağa imkan verməyən Absətəli stadionda susurdu. Dostları təəccüb və təşvişlə ona baxırlar ki, əşi, buna nə olub görəsən, bəlkə xəstələnib? Axı heç kim onun bu qədər susduğunu görməmişdi. Canıyanan dostları haradan biləydilər ki, Absətəlinin futbol barəsində təsəvvürü bələ yoxdur.

…Futbol başlayır, qəhrəmanımız görür ki, yarıçılpaq kişilər bir dənə topun arxasıyla o tərəfə qaçır, bu tərəfə qaçır. Nə qədər baxırsa da, bir şey anlaya bilməyən qəhrəmanımız qəfildən sanki bomba kimi partlayan izdihamın uğultusundan səksəkəyə düşür. Qol vurulmuşdu. Qolun nə olduğunu bilməyən Absətəli, camaatın nədən bələ sevinərək bir-birini qucaqladığını, çığır-bağır salmağını dərk etməyə çalışarkən, arxa oturacaqda oturan tamaşaçılardan birinin qolun “ofsaytdan” vurulduğunu iddia etdiyini eşidir. Nə isə, hakim mərkəzı göstərir, futbol təzədən qızışır. Futbolçularımız bir müddətdən sonra ikincı qolu rəqib qapısından keçirirlər. Yenə çığır-bağır, hay-küy….Tamaşaçıların uğultusu kəsilən kimi, Absətəli cuşa gələrək “afsay-afsay” deyə bağırmağa başlayır. Anidən bütün tamaşaçıların nəzərləri ona yönəlir. Kimi qışqırır ki, nə “afsayt”, kimi deyir sən dəlisən və s…. Əlqərəz, dünyanı Absətəlinin başına dar edirlər, lakin necə deyərlər, qatar artıq getmişdi və Absətəli məşhurlaşmışdı. Hətta, sonralar teleaparıcılar da məşhur futbol azarkeşi “Ofsayt Absətəli”dən danışmağa başlayırlar. İş o yerə çatır ki, hamı onu “azarkəşlərin etalonu” adlandırırlar və “Ofsayt Absətəli” 1 nömrəli azarkeşə və futbol fanatına çevrilir. Bütün ictimaiyyət özlərini və digərlərini inandırmağa çalışırlar ki, “Absətəli ” yekdir, vəssalam.

Dostlar, bu əsəri xatırlamaqla məqsədim sizləri düşündürməkdir. Milli mətbuatımızın banisi H.B.Zərdabi “Əkinçı” qəzetini ərsəyə gətirənə qədər necə böyük çətinliklərlə üz-üzə qaldığını bilən də var, bilməyən də. Zərdabi nə istəyirdi? İstəyirdi ki, xalq maariflənsın, özünü dərk etsın, mətbuat vasitəsı ilə dərdini izhar edə bilsın və s. Bildiyiniz kimi Zərdabi “Əkinçı” qəzetini, hələ 1870-ci ildə yaratmaq istəyirdi. Çoxlari bəlkə də hələ bilmir ki, 1870-cı ildə Bakida ermənilərin 17 adda qəzetləri çıxırdı. Rəhmətlik Zərdabi 1870-cı ildə özünə dost bildiyi, ermənicə çap olunan “Mişak” qəzetinin redaktoru Qriqori Arzuruna müraciət edir ki, azərbaycanlıların ilk qəzetini yaratmaq fikrindədir. Özünə dost bildiyi bu ermənidən məsləhətlər almaq istəyir. Lakin bu erməni öz “Mişak” qəzetində hay-küy salaraq, aləmə car çəkir ki, müsəlmanlar, türklər qəzet açır və s… Zərdabinin arzusunu reallaşmağa imkan vermirlər. Güc-bəla ilə 1875-cı ildə “Əkinçı” qəzetinin çapına nail olan Zərdabiyə ancaq ermənilər mane olurdu, ya da ki ermənilərin havadarları. Hamıya bəllidir ki, ermənilər “Əkinçı” qəzetini bağlatdırmağa nail olsalar da necə deyərlər, qatar getmişdi….”Əkinçı” adını Zərdabi elə-belə seçməmişdi, ilk “cücərti” toxumunu torpağa məhz əkinçı səpir.

Zərdabi ermənilərə və havadarlarına təlqin edirdi ki, toxumu səpdik, cücərtini əldə etdik və xalq öyrəndi. Xalq öyrəndi ki, ermənilər onun düşmənidir və heç bir zaman onu uğurlarına sevinməyəcək.

…Lakin indi, müasir dövrümüzdə Zərdabinin qoyduğu ənənələr hərdən başqa səmtlərə yönəlir. Maşallah, gündə bir internet saytı, xəbər portalı yaranır. Çox əcəb, çox pakizə. Elə bir ziyalı yoxdur ki, səhər yuxudan duran kimi çay-qəhvə içə-içə internetdən xəbərlərə baxmasın. Bizlər də ləyaqətli insanlar kimi xalqımızın-dövlətimizin uğurlarına sevinir, hansısa kədərinə şərik çıxırıq. Təəssüflər olsun ki, bəzı saytlar işlərini-güclərini ataraq “bu sayt filankəsindi, o sayt bəhmankəsindi” deyə ara qatmağa çalışır. Bəzi hörmətli və imkanlı insanlar da bu yalanları araşdırmadan, inanırlar. Sonra da var gücləri ilə öz vəzifələrindən və imkanlarından istifadə edərək, günahsız adama pislik edirlər.

Cəfər Cabbarlının “Almaz” əsərində kimlərinsə hər dəqiqəbaşı “Ocaqqulunun qatırı axsaqdır” demələri, iddia etmələri yadıma düşür. Bu iddialardan canı boğazına yığılan Ocaqqulunun bağıraraq, “Qatırı axsaq olanın atasına lənət” deyə qışqırsa da, inanan olmur ki, olmur. İndi də mən deyirəm ki, saytı və qəzeti olanın atasına lənət olsun. Sizləri inandırım ki, elə bir jurnalist yoxdur ki, onun yazılarına nəzər yetirməyim. Analitik yazıları oxuyarkən, elə jurnalistlərimız var ki, onların təxəyyülünə mat qalmamaq olmur. Təbii ki, sevinmək lazımdır ki, artıq dərindən təhlil etmək bacarığı olan neçə-neçə jurnalistlərimız yetişıb.

Xahış edirəm, məni düzgün başa düşəsıniz. İstərdim ki, jurnalistlər Zərdabini unutmasınlar, onun o dövrdə təkbaşına erməni jurnalistləri ilə necə mübarizə apardığını hamı bilməli-öyrənməlidir. Axı Zərdabi millət uğrunda savaşırdı, qərəzçilikdən uzaq idi. Bu amilləri nəzərə alaraq qələminizı süngü edib, düşmənlərimizi faktlarla ifşa edin, onları yerində oturtmağa çalışın. Düşmənlərimizi yerində oturtmağa çalışan və buna nail olan çoxlu-çoxlu sayda jurnalistlərimız də var ki, onların qarşısında baş əyirəm və fəxr edirəm.

Tövsiyə edirəm ki, tez-tez Zərdabinin mübarək qəbrini ziyarət edək, vəsiyyətlərinə əməl edək. Onda, nə Absətəlilərdən yalançı qəhrəmanlar düzəltməyəcəyik, nə də ki, Ocaqqulunun qatırının axsaq olduğunu iddia etməyəcəyik”.






Fikirlər