Söyün Sadıqov Putinin göstərişi ilə Ukraynadakı separatçılara dəstək verir -ŞOK İDDİA
Məşhur azərbaycanlı biznesmen adının separatçılıqda hallanmasından danışmaq istəmədi; “Olarmı Ukrayna ilə bağlı suala cavab verməyim?” İspaniyanın Kataloniya əyaləti və Şimalı İraq Türk Muxtariyyətində başlayan separatçılıq dalğası Ukraynaya da çatdı. Belə ki, ölkənin Karpatyanı bölgəsindəki etnik macarlar oktyabrın 13-də “Karpatyanı üçün öz müqəddəratını təyin etmə” şüarı altında aksiya keçirməli idi. Qəzet çapa gedərkən aksiya barədə hələ ki xəbərlər çıxmamışdı. Amma istənilən halda Ukraynanın növbəti problemlər yaşayacağı göz önündədir. Virtualaz.org xəbər verir ki, Kiyev aksiyanı separatizm adlandırıb. Aksiyanın Macarıstanda fəaliyyət göstərən sağ-radikal “Yobbik” Partiyası tərəfindən təşkil edildiyi bildirilir. Macar azlığın küçələrə çıxmasının formal səbəbi kimi Ukrayna parlamentinin qəbul etdiyi yeni təhsil qanunu göstərilir. Bu qanuna əsasən orta təhsil 12 illik olacaq və Ukrayna dilində aparılacaq. Etnik azlıqlar isə öz dillərində ancaq məktəbəqədər müəssisələrdə təhsil ala bilərlər. Bu qanun Macarıstan, Rumıniya, Polşa və digər qonşu ölkələri bərk narazı salıb. Həmin ölkələr qanunu Ukraynanın “arxadan zərbə” vurması adlandırıblar və etnik azlıqların hüquqlarını məhdudlaşdırdığını bildiriblər. Macarıstan isə xüsusilə qəzəblidir və bu ölkənin sağ-radikalları neçə vaxtdır ki, Karpatyanı bölgədə separatizm toxumları əkirlər. Macarıstanın Xarici İşlər Nazirliyi Budapeştdəki Ukrayna səfirliyini rəsmən məlumatlandırıb ki, aksiyalara dəstək verəcəklər. Bu isə Kiyevi qəzəbləndirib. Xarici işlər naziri Pavel Klimkin özünün Tvitter bloqunda yazıb: “Macarıstan XİN bizim səfirliyə oktyabrın 13-də ”Karpatyanı üçün öz müqəddəratını təyin etmə aksiyası haqda xəbər verib. Bu nədir, Budapeşt separatizmi dəstəkləyir?". Nazir əlavə edib ki, Ukrayna XİN dərhal bu təxribatı dayandırmaq barədə etiraz notası göndərib".
Qeyd edək ki, bundan əvvəl Ukrayna hakimiyyəti “Yobbik” Partiyasından olan deputat Kristine Morvai və vəkil Tomaş Qaudi-Nadın ölkə ərazisinə daxil olmasını qadağan edib. Bu da macar azlığın etirazlarını daha da artırıb. “Yobbik” iddia edir ki, Karpatyanı macarları girova çevrilib və onlara doğma dillərində təhsil almaq, özlərini macar kimi hiss etmək qadağan olunub. “Yobbik” Partiyasının Rusiya ilə sıx əlaqələri var və Ukraynada hesab edilir ki, məhz Kreml Macarıstanın Rusiyayönümlü baş naziri Viktor Orbanla əlbir olaraq Karpatyanı bölgəni Ukraynadan qoparıb Macarıstana birləşdirmək planını işə salıb. Karpatyanı bölgəsindəki separatçılıq dalğasının başladığı ilk günlərdən proseslərin arxasında Rusiyanın dayandığı barədə xəbərlər yayılmağa başlayıb. Bu xəbərlərdə Azərbaycanı narahat edən bir məqam var. Belə ki, Ukrayna KİV-lərində yayılan məlumatlara görə, Kreml qərbi Ukraynada separatizmi dəstəkləmək üçün ölkə prezidenti Vladimir Putinin səlahiyyətli nümayəndəsi, Rusiyada yaşayan məşhur azərbaycanlı biznesmen Söyün Sadıqovu “kurator” təyin edib. Bu da rəsmi Bakının ciddi narahatlığına səbəb olmaya bilməz. Ekspertlər hesab edirlər ki, burada məkrli Rusiya planı var. Bununla Kreml Ukrayna-Azərbaycan arasındakı münasibətlərdə soyuqluq yaratmaq üçün belə bir kartdan istifadə etdiklərini düşünürlər. S.Sadıqov barəsindəki ittihamlarla bağlı “Yeni Müsavat”ın suallarından yayındı: “Olarmı Ukrayna ilə bağlı suala cavab verməyim? Bu siyasətdir, siyasətin də sirləri var. Bu barədə Ukrayna KİV-lərindən məlumat ala bilərsiniz”.
Politoloq Elxan Şahinoğlu hesab edir ki, Ukraynada baş verən hadisələrin Kataloniya və Şimalı İraq Türk Muxtariyyəti ilə bağlılığı yoxdur: “Ukraynadakı son hadisələr daha əvvəlcədən baş verirdi. Ukraynadakı ”Maydan" hadisələrindən sonra ölkənin Rusiya ilə münasibətləri gərginləşdi. Kreml Krımı işğal etdi, Donbas separatçılarına dəstək verdi. Rəsmi Moskva çalışdı ki, başqa separatçı bölgələri də hərəkətə gətirsin. Gördü ki, Ukraynanın qərbində macarlar yaşayır. Ona görə də macarları ayağa qaldırmağa çalışdı, onlara informasiya dəstəyi verdi. Bir müddət orada yaşayan macarlar Rusiyanın təxribatlarına uymadılar. Amma hadisələr inkişaf etdikcə biz görürük ki, macarlar bir qədər separatçı fəaliyyətə başlayır, Macarıstandan real dəstək verirlər. Bu nədən başladı? Ukrayna haqlı olaraq, öz dilini möhkəmləndirmək istəyir. Çünki uzun illər rus dili bu ölkədə hakim olub. İndi Ukrayna dilini, dövlətini möhkəmləndirmək istəyir. Bu da hər bir dövlətin haqqıdır. Əgər bir ölkədə yaşayırsansa, o ölkənin dilini bilməli, o dildə də təhsil almalısan. Ukrayna daha demir ki, azlıqların yaşadığı yerlərdə onlar öz dillərindən məhrum olmalıdırlar. Amma Ukrayna dilində mütləq təhsil almalıdırlar. Çünki səhəri gün vəzifələrdə çalışacaqlar. Bununla bağlı Bakıda olanda Ukraynanın xarici işlər naziri Pavel Klimkin ilə fikir mübadiləm oldu. Ona bu sualı verdim ki, bəs Ukraynada dillə bağlı növbəti qanun çıxandan sonra macarlarla münasibətlərdə hər hansı bir problem yaşayırlar? Nazir mənimlə söhbətində etiraf etdi ki, bəli belə bir problem başlayıb. Bildirdi ki, macarıstanlı həmkarı ilə görüşüb bu məsələyə aydınlıq gətirməyə çalışacaq. Təəssüflər olsun ki, Bakıdan gedəndən sonra Macarıstan tərəfdən Ukraynanın XİN rəhbərinin təşəbbüsünə heç bir reaksiya verilmədi. Açıqca Macarıstan tələb edir ki, Ukraynada yaşayan macarlar öz dillərində təhsil alsınlar. Faktiki olaraq, bu dəqiqə macarlar Rusiyanın əlinə oynayırlar. Ruslar üçün xoş xəbərdir ki, macarlar orada separatçı fəaliyyətə başlayıb, Ukraynanı zəiflətməyə çalışacaqlar. Nəzərə almaq lazımdır ki, Avropa İttifaqı ölkələrində Kremlə ən yaxın olan Macarıstandır. Putin Avropa ölkələrinin çoxuna səfər edə bilmir. Amma Macarıstana çox rahatlıqla səfər edir. Macarıstanın baş naziri onu tez-tez ölkəsinə səfərə dəvət edir. Bütün bunlar o ehtimalları yaradır ki, macarların separatçı fəaliyyətlərində Rusiyanın əli var. Macarıstan və orada yaşayan bəzi separatçılar bu prosesi inkişaf etdirməyə çalışırlar. Düşünürəm ki, belə bir məqamda gərək Brüssel və Avropa İttifaqı öz sözünü desin. İspaniyanın ərazi bütövlüyünü dəstəkləyən bəyanatlar verildi. Eyni bəyanatlar Ukrayna ilə bağlı da verilməlidir. Əgər macarların bu hərəkətlərinə reaksiya verilməsə, Ukraynada daha bir separatçı münaqişə ocağı yaransa, bu ölkənin problemlərini daha da artıracaq. Buna qətiyyən yol vermək olmaz". Politoloq S.Sadıqovun adının hallanmasına da münasibətini sərgilədi: “Bu Moskvanın hiyləgər gedişidir. Rusiya yaxşı bilir ki, Ukrayna və Azərbaycan tərəfdaş ölkələrdir. İki ölkə arasındakı ticarət mübadiləsi 5-6 dəfə artıb. Ukrayna prezidentinin Bakı səfəri oldu. İndi də Azərbaycanın dövlət başçısının Kiyevə səfəri gözlənilir. Üstəgəl Ukraynanın XİN rəhbərinin uğurlu Bakı səfəri də oldu. Belə bir məqamda bir azərbaycanlının Ukraynanın Qərbindəki separatçılara dəstək verməkdə məsuliyyət daşıması, ona belə bir görəvin verilməsi ilə Rusiya düşünür ki, Ukraynada narazılıq yaradır. Çünki Söyün Sadıqov da tək deyil. Onun da ətrafında müəyyən azərbaycanlılar var. Bu azərbaycanlıların separatçılara dəstək vermələri, hər hansı bir plan cızmaları istər-istəməz Ukraynada azərbaycanlılara qarşı narazılıq yarada bilər. Bu ölkədə 500 mindən çox azərbaycanlı yaşayır. Məqsəd odur ki, ukraynalılarla azərbaycanlılar arasında nifaq salsınlar. Əgər bu informasiya doğrulanarsa, yəni Putinin Söyün Sadıqovu bu işə göndərdiyi təsdiqini taparsa, biz də fəallaşmalı və bir daha Ukraynanın ərazi bütövlüyünü dəstəklədiyimizi vurğulamalıyıq. Ukraynada yaşayan azərbaycanlılar da bu istiqamətdə ciddi açıqlamalar verməlidirlər. Bunun bit təxribat olduğunu göstərməliyik”