Müsavat Bakı Meriyasının təklifini qəbul edəcək? - Arif Hacılı cavab verdi

Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) Müsavat Partiyasının oktyabrın 21-nə təyin etdiyi yürüşün keçirilməsinə razılıq verməyib.

Məsələ ilə bağlı Modern.az-a danışan Müsavat başqanı Arif Hacılı deyib ki, Bakı Şəhər İcra Hakimiyyətinin qəbul etdiyi qərar  sərbəst toplaşma azadlığı haqqında qanunlara ziddir.

“Çünki Bakı Şəhər İcra Hakimiyyətinin kütləvi aksiyaların keçirilməsinə qadağa qoyma səlahiyyəti yoxdur. Səlahiyyət həddini aşaraq, Bakı meriyası belə bil qərar qəbul edib.

Meriya tərəfindən qəbul edilən qərar həm də əsassızdır. Çünki bizim müraciət etdiyimiz marşrutlar heç də Bakı şəhər İcra Hakimiyyətinin qərarında göstərildiyi kimi, nəqliyyatın intensiv olduğu küçələr deyil. Biz Bakı şəhər İcra Hakimiyyətinin bəhanəsini əlindən almaq üçün belə marşrutlar seçmişdik”. 

Müsavat başqanı BŞİH-in partiyaya "Məhsul" stadionunda mitinq keçirməklə bağlı təklifinə  münasibət bildirərək deyib ki, Müsavat Partiyası qapalı yerdə toplaşmaq üçün deyil, yürüş keçirmək üçün müraciət edib.


“Biz yürüşün konkret istiqamətlərini də göstərmişik. Yürüş, nümayiş, mitinq vətəndaşların sərbəst toplaşmaq hüququnun növləridir. Yürüşlər, yürüş iştirakçılarının məqsədlərinin çatdırılması üçün keçirilir. Qapalı bir məkanda, toplantıda bu məqsədə nail olmaq mümkün olmur. Bunun üçün də biz yürüş üçün müraciət etmişik.

Yürüş üçün iki marşrut təqdim etmişdik. Bunlardan biri 20 saylı orta məktəbdən Hüseyn Cavid prospekti ilə hərəkət etməklə Hüseyn Cavidinin heykəlinin qarşına getmək, digəri isə “Azadlıq Prospekti” metrostansiyası  yaxınlığından Süleyman Sani küçəsindən keçməklə “Dərnəgül” metrostansiyasına doğru hərəkət etmək etmək. Bu marşrutun heçbiri Bakı şəhərinin mərkəzi küçələri deyil”.

 

A.Hacılı bildirib ki, Müsavat Partiyası yaranmış vəziyyəti müzakirə edir, yaxın saatlarda partiyanın Bakı Şəhər İcra Hakimiyyətnin qərarı ilə bağlı ictimaiyyət üçün açıqlanacaq.






Fikirlər