Qətər mediası AXC-dən yazdı: İSLAM şərqində... - FOTO
Qətərin nüfuzlu ərəb dilli “Əl-Ərəb” qəzetində səfir Tofiq Abdullayevin Azərbaycanın müstəqilliyinin bərpasının 26-cı ildönümü ilə əlaqədar geniş müsahibəsi dərc olunub. Azərbaycanın Qətərdəki səfirliyindən Publika.az-a bildiriblər ki, müsahibədə 1991-ci il oktyabrın 18-də Dövlət Müstəqilliyi haqqında konstitusiya aktının qəbul edildiyi və bununla ölkəmizin müstəqilliyinin yenidən bərpa olunduğu bildirilib. Yeni müstəqil respublikanın 1918-1920-ci illərdə İslam şərqində ilk demokratik respublika olmuş Azərbaycan Xalq Cümhuriyyətinin hüquqi varisi elan olunduğu qeyd edilib. Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycanın böyük və stabil addımlarla irəlilədiyi və dünyanın çiçəklənən dövlətlərinin sırasına daxil olduğu qeyd edilib. 2015-ci ildə Bakıda keçirilmiş Birinci Avropa Oyunları zamanı bütün dünyanın Azərbaycanın inkişafının bir daha şahidi olduğu vurğulanıb. Müsahibədə təbii sərvətlərlə zəngin olan ölkəmizin regionun ən sürətli iqtisadi inkişafa malik dövləti olduğu və xüsusilə, qeyri-neft sektorunda mühüm tərəqqiyə nail olunduğu vurğulanıb. Müstəqilliyinin ilk illərində xarici ölkələrdən yardım alan Azərbaycanın hazırda donor dövlətə çevrildiyi, strateji valyuta ehtiyatlarının həcminin 40 milyard dollardan artıq olduğu və bu rəqəmin getdikcə artdığı diqqətə çatdırılıb. Azərbaycanda aparılan iqtisadi islahatlara toxunularaq, ölkəmizin Davos Dünya İqtisadi Forumunun “2017-2018 Qlobal Rəqabətlilik Hesabatı”nda 140 ölkə arasında 35-ci yerdə qərarlaşdığı nəzərə çatdırılıb. Yazıda Azərbaycanın əlverişli strateji coğrafi mövqeyindən, Şərq-Qərb və Şimal-Cənub nəqliyyat qovşağında yerləşməsindən danışılaraq, yaxın zamanda istifadəyə veriləcək Bakı-Tbilisi-Qars dəmir yolunun Asiya və Avropa arasında yükdaşıma prosesində oynayacağı rolun əhəmiyyətinə toxunulub. Müsahibədə Azərbaycan-Qətər münasibətlərinə geniş yer verilib. 2016-2017-ci illər ərzində dövlət başçıları səviyyəsində həyata keçirilmiş qarşılıqlı səfərlərin ikitərəfli münasibətlərin inkişafına mühüm töhfə verdiyi qeyd edilib. 2017-ci ilin əvvəlində hökumətlərarası birgə iqtisadi komissiyanın ilk toplantısının keçirildiyi və bunun ticarət dövriyyəsinin artmasına müsbət təsir göstərdiyi qeyd edilib. Azərbaycan və Qətər arasında müxtəlif sahələrdə əməkdaşlığa dair indiyədək imzalanmış 31 sənədin ikitərəfli əlaqələrin inkişafına əlverişli zəmin yaratdığı xatırlanıb. Son illər ərzində ölkəmizdə xarici investisiyaların təşviqi istiqamətində görülən tədbirlərdən danışılaraq, Qətər iş adamlarının Azərbaycan iqtisadiyyatının müxtəlif sahələrinə, xüsusilə qeyri-neft sektoruna, turizm, tikinti və kənd təsərrüfatı sahələrinə investisiya qoyması üçün əlverişli şəraitin olduğu diqqətə çatdırılıb. Səfir Azərbaycanın turizm potensialından danışaraq, son illər ərzində ölkəmizdə bu sahənin yüksələn xətt üzrə inkişaf etdiyini və Azərbaycana gələn turistlərin sayının ilbəil artdığını diqqətə çatdırıb. Yazıda sadələşdirilmiş viza rejiminin tətbiqindən danışılıb və Qətərdən ölkəmizə gələn turistlərin sayında 6 faizə yaxın artımın olduğu qeyd olunub.