Türkiyədə azərbaycanlı və rus tarixçilər arasında QALMAQAL: “PUTİN NİYƏ SUSUR?” – VİDEO
Türkiyədə Qars Qafqaz Universitetində təşkil olunan tarix simpoziumunda azərbaycanlı və rus tarixçilər arasında qalmaqal yaşanıb. AzərTaym.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, Azərbaycan Milli Elmlər Akademiyasının Tarix İnstitutunun direktor müavini Cəbi Bəhrəmovun Rusiya nümayəndələrinə səslənməsi gərginliyi daha da artırıb. Buna səbəb isə rusiyalı tarixçi Yuri Zakunovun Azərbaycan haqqında qərəzli, yalan fikirlər səsləndirməsi olub. Qeyd edək ki, rusiyalı tarixçi Yuri Zakunov "Rus inqilabının tarixi elmi dərsləri" mövzusunda çıxış edib. Onunla yanaşı azərbaycanlı tarixçi Sevinc Əliyeva, rusiyalı tarixçi Damir Şapsunov da çıxışlar edib. Çıxışlardan sonra C. Bəhrəmov bildirib ki, çar Rusiyasının, SSRİ-nin yürütdüyü siyasət bütün xalqlar üçün faciəyə çevrilib və ən çox əziyyət çəkən də Azərbaycan xalqıdır. “Azərbaycan torpağı ikiyə bölündü. Rusiya millətimizə qarşı düşmən olan erməniləri mənim torpağıma köçürdü. Erməniləri siz bura köçürtmüsünüz, onların əlinə silahı siz vermişiniz. Bu sənədlərdə var, hətta Rusiyanın öz sənədlərində də. İkinci Dünya Müharibəsində ermənilər almanların tərəfinə keçdilər, lakin İrəvanda faşistlərə heykəl qoyanda Rusiya, Putin buna susdu. Niyə susdunuz? Ermənilərə olan bu məhəbbətiniz haradan qaynaqlanır?Qarağa gəlincə, Azərbaycan xalqına təcavüz edildiyi halda Putin susur. Sual edirəm, xeyir ola?!”- deyə C. Bəhrəmov bildirib. Rus tarixçi Yuri Zakunov cavab verib. O, Sovet inqilabından hər kəsin zərər gördüyünü bildirib. Tarixçinin sözlərinə görə Rusiya özü də bu inqilabın, böyük bir sınağın qurbanı olub. Bu zaman isə krımlı tarixçi də rusiyalı həmkarının fikirlərinə reaksiya verib: “Çarlıq zamanı Krım işğal edildi. SSRİ dövründə isə sürgün olunduq. Bu gün işğal altındayıq” Digər azərbaycanlı tarixçi Zaur Həsənov isə deyib ki, Çar Rusiyası Azərbaycan torpaqlarını işğal etmişdi. "Çar Rusiyası mənim torpaqlarımı işğal etdi. Çar Rusiyası, Qarsı, Batumini işğal etdi, on minlərlə insanı öldürdü. Burada Azərbaycan xalqına qarşı iftiralar atırlar". Bu çıxışdan sonra gərginlik bir az da artıb və sual-cavab bölümünə son qoyulub.