Aida Qəmbər: “Soyuq müharibədən sonra bir Koreya birləşə bilmədi, BİR DƏ AZƏRBAYCAN”
Test üsulu ilə qəbulun ilk yetirmələri olan bizləri Bakı Dövlət Universitetində sevməyən müəllimlər çox idi. Böyük bir qazanc imkanından məhrum olmuş xeyli sayda müəllim bizi xüsusi sərtliklə incidirdilər. Elə ona görə də o illərdə müdafiəmizə qalxan hər kəs yaddaşımızda silinməz izlər buraxırdı. Belə insanlardan biri də Aida xanım idi - 1994-cü ildə müəllim həmkarlarının ziddinə gedərək seminar apardığı qrupa mexaniki “məqbul” yazmaqla hamımızın sevimlisinə çevrilmişdi. Ona görə də Rauf bəy planlaşmada Aida Qəmbərlə müsahibə təklif edəndə dərhal “mən” dedim. (1-ci hissə) Ötən illər ərzində onunla birbaşa təmasım olmamışdı. Bu üzdən müsahibəni razılaşdırıb, iş yerində görüşəndə ilk olaraq məndən nə zaman təhsil aldığımı soruşdu. Bizim üçün etdiklərini söylədim, bir daha təşəkkür etdim. O isə gülümsəyərək, “deməli, ona görə sizin uşaqların hamısı mənə ”müəllimim" deyirmiş..." dedi. Söhbətimiz isə Yaxın Şərqdən başlayıb, Azərbaycanda, Bakıda və Qəmbər ailəsinin yeni üzvündə bitdi. - Aida xanım, sizcə, indiyədək Avropa və ABŞ-dan dəstək alan İraq Kürdüstanındakı referendumun nəticələri niyə tanınmadı? Kürd dövlətinin yaradılmasının qarşısını hansı səbəblər aldı? - Buna qədər həm Avropada, həm ABŞ-da kürdlərə münasibət xoş idi: həm iqtisadi, həm siyasi, həm humanitar sahədə dəstək verilirdi. Bundan başqa, kürdlər bəzi region dövlətlərinin dəstəyinə malik idilər. Amma kürdlərin öz aralarında birlik yox idi. Ən azından 2 böyük klanın nüfuzu vardı. Həm Tələbani, həm də Bərzani ailəsinin bir növ öz nüfuz ərazisi formalaşmışdı. 90-cı illərdə müxtəlif yönümlü digər təşkilatlar da formalaşdı. Düzdür, onların böyük nüfuzu yox idi, amma 3-cü qüvvə kimi meydana çıxmışdılar. İkinci Körfəz müharibəsindən sonra İraqın kürd regionunda dövlət strukturları yaranmağa başladı. Artıq bütün analitiklər yekun nəticəyə gəldilər ki, bu regionda müstəqil Kürdüstanın işartıları meydana gəlir: parlament, hökumət formalaşdırıldı. Tezliklə bu ərazidə Qərbin böyük dəstəyi ilə təhlükəsizlik zonası deyilən ərazi yaradıldı. Hətta Səddam Hüseynin dövründə belə bu əraziyə İraqın mərkəzi hökumətinin heç bir strukturu müdaxilə edə bilmirdi. 2003-cü il müharibəsindən sonra kürdlər ABŞ-ın formalaşdırdığı Koalisiyanın əsas müttəfiqinə çevrildilər. Koalisiya ilə münasibətlər 2 tərəfli idi: hər tərəf öz məqsədini güdürdü. Kürdlər bu münasibətlərdən istifadə edərək bütün ərazini öz nəzarətlərinə götürdülər. Bölgənin ərəb və türkman əhalisinin böyük bir qismi əraziləri tərk etmək məcburiyyətində qaldı. Demoqrafik üstünlük kürdlərə bölgənin Mosul, Kərkük kimi iri şəhərlərini, neftlə zəngin böyük əraziləri tam nəzarətə götürməyə imkan yaratdı. Konstitusiyada da İraq unitar dövlətdən federal dövlətə çevrildi: kürdlərin burada hüquqları çox geniş idi. Adı muxtariyyət olsa da, kürdlər bundan daha artıq səlahiyyətlərə malik idilər. Öz ordusu - peşmərgə qüvvələri vardı və hətta bu ordunun saxlanması üçün mərkəzi hökumətdən vəsait ayrılmasına belə nail olmuşdular. Yəni demək olar ki, tam müstəqil fəaliyyət göstərirdilər və bundan sonra kürdlər iqtisadi müstəqilliyi təmin etməyə başladılar: neft üzərində bütün nəzarəti ələ aldılar. Bu sahədə rəsmi Bağdadın rolu minimuma endirilmişdi. Mərkəzi hökumətin etirazlarına rəğmən, onun başı üzərindən Almaniya, Rusiya, Türkiyə və digər dövlətlərlə neft kontraktları imzaladılar. Beləliklə, neftdən gələn böyük gəlirlər Bağdada deyil, paytaxtı Ərbil olan Kürd Muxtariyyətinə çatırdı. Bölgədə siyasi və iqtisadi üstünlük əldə edildikdən sonra kürdlər dövlət müstəqilliyini təmin etmək mərhələsinə keçmək qərarına gəldilər. Bunun üçün də referendum məsələsi ortaya çıxdı. - Bu olaylarda İŞİD amili nə dərəcədə ciddi rola malikdi? - Bu məsələlərdən danışarkən İŞİD-in fəaliyyəti və onun nəticələrini qeyd etməmək mümkün deyil. “Ərəb baharı”ndan sonra İraqın şimal ərazilərində meydana çıxan İŞİD-in sayəsində Mərkəzi hökumət bu bölgədə də böyük bir əraziyə nəzarəti itirmiş oldu. Bu zaman kürdlərdə belə təsəvvür yarandı ki, 1918-ci ildə - Birinci Dünya Müharibəsinin nəticəsi kimi bu regionda müəyyənləşmiş dövlət sərhədlərini dəyişmək üçün əlverişli şərait yetişib. Bu təsəvvürlə də kürdlər münasib məqam seçərək referenduma getdilər. Amma məlum oldu ki, nə Avropa, nə də ABŞ regionda yeni bir dövlətin yaranmasına hazır deyillər. Referendumda əhalinin əksəriyyəti müstəqilliyə səs vermişdi, müstəqil Kürdüstan dövlətinin yaranması üçün hüquqi əsas yarandı. Lakin kürdlərin arxasında dayanan Qərb dövlətləri bu hadisənin ardınca başlayacaq proseslərə hazır olmadıqları üçün referendumun nəticələrini tanımadılar. Çünki kürdlər təkcə İraq ərazisində deyil, bölgədə bir neçə dövlətin - İranın, Türkiyənin, Suriyanın ərazisində kompakt yaşayırlar. İraqda əldə olunan nəticə tanınsaydı, bu, digər dövlətlərdə separatizmin alovlanması, çox ciddi qarşıdurmaların yaranması ilə nəticələnəcəkdi. Qərb bu prosesləri idarə etmək, nəzarətdə saxlamaq imkanında olmayacaqdı. Onsuz da bölgədə ciddi qarışıdurmalar, müharibələr gedir. Yeni bir və ya bir neçə münaqişə ocağının formalaşması bütöv regionda nəzarətin tam itirilməsinə gətirib çıxara bilərdi. - Axı ilk vaxtlar hər kəsdə belə təsəvvür vardı ki, Qərb bu refendumu dəstəkləyir və bölgədə kürd dövlətinin yaranmasında maraqlıdı... - Düşünürəm ki, Qərb referendumun baş tutmasını istəyirdi, əks halda, onun, ümumiyyətlə, keçirilməsinin qarşısını ala bilərdilər. Buna imkanları vardı, lakin gözləmə mövqeyi tutaraq referendumun yekunlaşmasını istədilər. Burada incə bir məqam var: formal olaraq kürdlərin əlində xalqın iradəsini əks etdirən sənəd var. - Yaxınmüddətli dövrdə kürdlərin müstəqillik məsələsinin yenidən gündəmə gətirilməsi mümkündürmü? Artıq onların əlində referendumun nəticələri də var
- Xeyr. Yaxın dövrdə bu məsələnin yenidən müzakirələrə daşınacağını gözləmirəm. Çünki bölgədə kürdlərə ən böyük dəstəyi verən İsrail belə bu məsələyə tam dəstəyini ifadə etmədi, İraqın parçalanması ilə razılaşmadı. - İraqdakı bu prosesin Suriya kürdlərinin fəaliyyətinə hansı təsirləri ola bilər? - Düşünürəm ki, Suriyada da kürdlər İraqdakı ssenari ilə hərəkət edə bilərlər: əvvəlcə siyasi, sonra iqtisadi müstəqilliyi təmin etməyə çalışacaqlar. Böyük ehtimal var ki, Suriya da federal dövlətə çevrilsin. Bildiyiniz kimi, Suriyada hazırda 4 böyük qüvvə - Qərb, Rusiya, İran, Türkiyə və bəzi Ərəb dövlətləri - proseslərə nəzarət edir, hərənin, elə demək mümkünsə, öz zonası var. Yaxın dövrdə həmin qüvvələrin heç birinin geri çəkiləcəyi, Suriyada mərkəzi hakimiyyətin güclənəcəyi gözlənilən deyil. Hətta İŞİD tam sıradan çıxarılsa belə, bunu yaxın zamanda mümkün görmürəm. Elə buna görə də İran və Türkiyə kürdlərin İraqdakı müstəqillik fəaliyyətlərinə qarşı çox aktiv hərəkətə keçdilər. Çünki bunun ardınca öz ərazilərindəki kürdlərin müstəqillik arzusu üçün hərəkətə keçəcəklərini bilirlər. - Qərbin və ABŞ-ın hətta indiki halında belə İraqın parçalanmasına imkan verməməsi Cənubi Azərbaycandakı proseslərlə bağlı pessimizm yaradır. Bu gedişlə İranın parçalanması, Güney Azərbaycanın müstəqillik qazanması ehtimalı çox azalır... - Bilirsiniz, kürdlər mərhələ-mərhələ çox şey əldə ediblər: siyasi-iqtisadi müstəqillikləri, muxtar da olsa dövlət strukturları var. Güney Azərbaycanda isə nəinki bunlardan hər hansı biri, heç mübarizəni aparan vahid qüvvə, hansısa partiya belə yaranmayıb. Heç bir istiqamətdə strukturlaşma getmir. Bu baxımdan, orada hansısa ciddi proseslərin getməsini, yaxud İranın hansısa formada parçalanmasını görmürəm. Bir tarixi fürsət dünyada soyuq müharibənin bitdiyi vaxtlarda yaranmışdı. Onda əksər parçalanmış xalqlar birləşdilər: Almaniya, Vyetnam, Yəmən. Bir Koreya qaldı - orada situasiya fərqliydi. Bir də biz birləşə bilmədik. İndiki dövrdə böyük dövlətlər regionun hər hansı dövlətində sərhədlərin dəyişməsini istəmirlər. Amma bu, tamam fəaliyyətsiz qalmağın lazım olduğu demək deyil. Müəyyən strukturlaşmalar başlamalıdır, hazırlıqlı olmaq lazımdır. - Regionda Livan problemi də yaranmaqdadır. Sizcə, orada nə baş verir? - Livanda ciddi bir münaqişə ocağı yaranmaqdadır. Bu yaxınlarda Livanın baş naziri Saad Hariri Səudiyyə Ərəbistanına gedərək istefa verdiyini bəyan etdi. Uzun müddət idi ki, onunla Livan prezidenti Mişel Aun arasında ziddiyyətlər mövcud idi. Livan konstitusiyasına görə, ölkə konfessional idarəçilik var: prezident xristian - maroni, baş nazir sünni, parlament sədri şiə müsəlman olmalıdır. Bu qüvvələrin arasında tarazlıq olanda dövlət stabil inkişaf edir. Qüvvələrarası tarazlıq pozulduqda isə sabitlik də pozulur. Livanın baş naziri sünni Səudiyyəyə sıx bağlıdır, prezident isə Hizbullaha. Hazırkı ziddiyyətlərin səbəbi kimi Hizbullahın ölkənin daxili işlərinə çox qarışması göstərilir. Hizbullah Qərb tərəfindən terrorçu təşkilat kimi tanınır. Suriyanın Livan üzərində təsiri həmişə böyük olub, hətta indiki zəif halında belə bu təsiri saxlamağa çalışır. İndi Livanda vəziyyət belədir ki, Hizbullahın burada zəifləməsi Suriyanın, onun vasitəsilə də İranın təsirinin zəifləməsi demək olacaq. Buna isə bu 2 dövlət yol verməməyə çalışır. Mənzərə belədir: İraqda şiələr hakimiyyətdədir, İran şiə dövlətidir. İran həm də Bəşər Əsəd hakimiyyətinin əsas dayaqlarından biridir, Tehran onun vasitəsilə Hizbullah və Livana nəzarət imkanı əldə edir. Yəni çox mürəkkəb proseslər gedir və düşünürəm ki, bu proseslər Livandakı sabitliyin uzunmüddətli pozulması istiqamətində ola bilər. - Regionun daha bir dövlətində - Səudiyyə Ərəbistanında da maraqlı proseslər baş verir - 300-dək həbs olunan var. Hakimiyyət bunu korrupsiyaya qarşı mübarizə adlandırır. Doğrudanmı, baş verənlər, sadəcə, korrupsiyaya qarşı mübarizədir?
- Səudiyyədə baş verənlər, adının nə qoyulmasından asılı olmayaraq, hakimiyyət uğrunda mübarizədir. Bu hadisələrdən əvvəl vəliəhd bəyan etmişdi ki, biz daha mötədil islama - yəni radikal cərəyanlardan ilkin islama qayıdacağıq. Bu, bir ziddiyyətdir. Bu, daha çox sünni elitalarının İranın dəstəklədiyi şiələrə rəqabətdə uduzmasından yaranır. Digər tərəfdən, hazırda dünyada postneft dövrü başlayır. Bu isə bütün dünyada müşahidə olunan yeni çağırışlara reaksiya vermək, siyasətdə müəyyən dəyişikliklər etmək zərurəti yaradır. Səudiyyə də nə əldə edibsə, neftin hesabına əldə edib. Ona görə də bu ölkə də postneft dövrünün çağırışlarına hazır olmalıdır. İkinci bir ziddiyyət bundan qaynaqlanır. Postneft dövründə ölkəni əvvəlki qaydalarla idarə etmək mümkün olmayacaq. Bütövlükdə Yaxın və Orta Şərqin dövlətləri bütün dünyada gedən geopolitik dəyişikliklərə, yeni çağırışlara, proseslərə hazır olmalıdır. Vəliəhd də bunu görür və müəyyən dəyişikliklər etmək istəyir. Bu zaman həm də çalışır ki, yeniliklərə müqavimət göstərəcək qüvvələri zərərsizləşdirsin. Çünki onun çoxlu rəqibi var - həm ölkə daxilində, həm də kənarda. Səudiyyədə dövlət iki mühüm qüvvənin ittifaqı sayəsində qurulub: Məhəmməd ibn Əbdülvahab ailəsi və Səud ailəsinin ittifaqı. Yeni siyasət vahabi dayağının zəifləməsini şərtləndirir. Bu da daha bir ziddiyyətdir. Üstəlik, vəliəhdin atası xəstədir, buna görə də vəliəhd güclənməlidir, özü də atası sağ olduğu dövrdə. Güclənmək üçün də radikal addımlar atılması lazımdır. - ABŞ-ın bu proseslərdə rolu nə qədərdir sizcə? - Əvvəla, baş verənlərin hamısını kənar qüvvələrlə bağlayıb, ölkədaxili və regional vəziyyəti gözardı etmək mümkün deyil. Səudiyyə ABŞ-ın regiondakı ən böyük müttəfiqlərindən biridir. Ehtimal ola bilər ki, Amerika Səudiyyəyə müəyyən dəyişikliklərin olmasının zəruriliyini deyir. Yaxın və Orta Şərqdə demək olar ki, bütün hakim elitalar dəyişib. Burada da dəyişikliklər getməlidir və gedəcək də. Digər tərəfdən, bu da mümkündür ki, Qərb dövlətləri regionda mərkəzi hakimiyyətin güclü olduğu dövlətin qalmasını istəmirlər. Yəni bu da ehtimallardan biridir. Amma Səudiyyə elə də güclü bir dövlət deyil. Yəmən ərəb dünyasının ən zəif dövlətlərindən biridir, Səudiyyənin orada istədiyini həyata keçirməyə gücü çatmadı. (ardı növbəti sayda) Dünya SAKİT “Səudiyyədə yeni siyasət vəhhabi dayağının zəifləməsini şərtləndirir”
“Livan Yaxın Şərqdə yeni münaqişə ocağıdır”