"İRAQDA müstəqil KÜRD dövlətinin yaranması HEÇ bir ölkənin marağında deyil" — Politoloq
Məsud Bərzani müstəqillik sevdasına düşüb Bir müddət öncə müstəqil kürd dövləti qurmaq üçün mövcud şəraitin olmadığını deyən Məsud Bərzani Kürdüstan demokrat partiyasının konfransında çıxış edərkən bildirib ki, yerli qanunvericilik orqanı müstəqillik üçün referendum keçirməlidir. Bərzani deyib ki, Müstəqillik bizim haqqımızdır. Qanımız bu yolda töküləcək. Ya hamımız yox olacağıq, ya da müstəqil dövlətimizi quracağıq. Bərzanin müstəqillik çağırışından sonra bölgədə onsuz da gərgin olan vəziyyət necə olacaq? Qonşu dövlətlər və Qərb Bərzaninin fikrinə necə reaksiya verəcəklər? Bərzaninin müstəqillik haqqındakı fikirlərini politoloq Qabil Hüseynli Ölkə.Az-a verdiyi açıqlamasında şərh edib: "Məsud Bərzani müstəqilliklə bağlı bir sıra addımlar atıb. Mərkəzi Bağdad hökuməti ilə demək olar ki, əlaqələri kəsib. Bağdad neftinin böyük bir qismini ələ keçirib. Özünün pul vahidini buraxıb, gerbini, bayrağını təsis edib, müstəqil ordusunu yaradıb. Bir sözlə müstəqilliyin bir çox atributunu formalaşdırıb. Bu o demək deyil ki, Bərzaninin subyektiv fikirləri və indiyə qədər etdikləri beynəlxalq güc mərkəzləri tərəfindən qəbul ediləcək. Doğrudur, hərdən ABŞ müstəqil kürd dövlətinin yaranması haqqında fikirlər səsləndirir. Türkiyə, İran, İraq və Suriya bölgədə sərhədlərin pozulmasına, yeni müstəqil kürd dövlətinin yaranmasına icazə verməyəcəklər. Bunu ABŞ da, digər güc mərkəzləri də yaxşı başa düşür. Onlar da sərhədlərin pozulmaması, yeni dövlətlərin yaranmaması haqqında bəyanatlar verirlər. Kürdlər müxtəlif dövlətlərin ərazisinə səpələnmiş qruplar olduğuna görə, kürd xalqına həmin dövlətlər ərazisində milli-mədəni muxtariyyət verilməsi təklifi ilə çıxış edirlər. Ancaq Məsud Bərzani mərkəzi Bağdad hökumətinin zəifliyindən istifadə edərək xeyli irəli gedə bilib. Onun səsləndirdiyi "Ya hamımız yox olacağıq, ya da müstəqil dövlətimizi quracağıq" fikri heç də o demək deyil ki, Bərzani bu fikrə axıra qədər sadiq qalacaq. Bölgədə müxtəlif qüvvələr var. İraq öz ərazisinin bölünməsinə qəti surətdə etiraz edəcək. Bölgə dövlətləri də bu məsələdə onu müdafiə edəcəklər. İraqdakı mövcud şiə hökumətini İran dişi ilə, dırnağı ilə müdafiə edir. Hətta Bəşər Əsədi müdafiə etdiyindən daha çox müdafiə edir. Türkiyə Məsud Bərzani ilə müəyyən əlaqələrinin olmasına baxmayaraq rəsmi Ankara da "Kürdüstan" hökumətinin yaranmasına imkan verməyəcək. Qərb dövlətləri də yaxşı başa düşür ki, "Kürdüstan"ın indiki şəraitdə burada yaradılması Suriya problemində qat-qat ağır, çətin və qanlı yeni bir münaqişə ocağının yaranmasına gətirib çıxaracaq. Ona görə də, bu məsələdə ehtiyatlı tərpənməlidir. Nəzərə almaq lazımdır ki, Səudiyyə Ərəbistanının özü də, İraqın, hətta Suriyanın ərazisinin parçalanmasının əleyhinədir. Bərzani yeni münaqişə ocağı yaratmaq istəyirsə, o zaman qısa bir müddətdə qazandıqlarını itirə biləcəyini göz önünə almalıdır". AzerTaym.az