İRAQ ORDUSU kürdlərdən təmizlənir - BAŞ NAZİR ÖZÜNƏ sadiqləri ətrafına toplayır

 

İraq hökuməti ordunun Baş qərargah rəisliyini kürdlərə vermək istəmir.

Azərtaym.az Strateq.az-a istinadən xəbər verir ki, bu məlumat Şimali İraq kürd muxtariyyətində ciddi xəyal qırıqlığına səbəb olub. Məlumatı kürdlərin xəbər agentliyi “Rudaw”a verən İraq Parlamenti Asayiş və Müdafiə Komissiyasının sədri Şahavan Abdullah baş nazir Heydər İbadinin həmin vəzifəni bu dəfə bir kürdə deyil, özünə yaxın adama həvalə etmək istədiyini bildirib.

Onun sözlərinə görə, Baş qərargah kürdlərin haqqı: “Amma şiə - sünni çəkişməsi kürdlərin bu haqqının əllərindən alınmasının bəhanəsinə çevrilir”.

Qeyd edək ki, Ərbil ilə Bağdad arasındakı anlaşmaya əsasən, İraq Baş qərargah rəisi vəzifəsini müəyyənləşdirmək səlahiyyəti Kürdüstan bölgəsinə aiddir. Həmin vəzifəni son olaraq general Babəkir Zəbari icra etmiş və ötən il öz istəyiylə təqaüdə ayrılmışdı. Bundan sonra Kürd muxtariyyətinin başçısı Məsud Bərzani başqa bir namizəd irəli sürmüşdü.

İbadi isə, deyəsən, bu təkliflə razılaşmaq istəmir. Əslində haqsız da deyil. Xüsusilə Mosulun işğalı zamanı İraq ordusunun heç bir uğurlu müdafiə təşkil edə bilməməsi ölkənin əhəmiyyətli qisminin İŞİD tərəfindən ələ keçirilməsiylə nəticələnmişdi. Kürdlər bu xəyanətdə keşmiş baş nazir Nuri əl-Malikini günahlandırsalar da, ərəblər məsuliyyəti kürd generallarında axtarırdılar. Elə bu səbəbdən də 12 noyabr 2014-cü ildə İŞİD-ə qarşı müvəffəqiyyətsizlik ittihamıyla 26 yüksək rütbəli komandir vəzifəsindən uzaqlaşdırılmış, 10 general isə təqaüdə göndərilmişdi. Ardından da İraq Baş naziri 18 komandiri onların yerinə təyin etmişdi.

Beləcə, İraq ordusunu kürd generallardan təmizləyən Baş nazir yenidən eyni səhvə yol verməmək üçün özünə yaxın adamları Silahlı Qüvvələrin başına gətirməyə çalışır. Bu isə kürdlər tərəfindən bağlanan əhdə vəfasızlıq kimi qəbul olunur.






Fikirlər