“Əvvəl INAM yaratmaq lazımdır, bu isə ƏN AĞIR prosesdir”

 Похожее изображение

 Arzu Nağıyev: “Əgər Sülh Platformanın iş istiqaməti buna uyğun qurularsa və Ermənistan rəhbərliyi də müvafiq addımlar atarsa, müəyyən irəliləyiş əldə etmək olar

Ermənistanın işğalçı siyasət yürütməsinə, qeyri-konstruktiv mövqeyinə, danışıqlara sadəcə vaxt qazanmaq vasitəsi kimi yanaşmasına rəğmən, Azərbaycan sülhməramlı missiyasını davam etdirir. Elə keçən ilin dekabrında Bakıda təsis olunan Sülh Platforması da ölkəmizin ən ağır problemlərin belə, qanlı yolla deyil, dinc vasitələrlə həllinə üstünlük verdiyini bir daha təsdiqlədi.

Düzdür, hələlik Azərbaycanın atdığı bu cür ciddi addım beynəlxalq təşkilatlar və aparıcı güc mərkəzləri tərəfindən yetərincə dəyərləndirilmir, ancaq Bakı hələ ki öz prinsiplərinə sadiqdir, işğalçıya torpaqlarımızı sülh yolu ilə azad etmək üçün yaranmış fürsətdən yararlanmaq şansı verib. Əks təqdirdə, silahlar işə düşəcək ki, bu da bölgədə fəlakətli vəziyyət yaratmaqla yanaşı, Ermənistanın bir dövlət kimi mövcudluğunu da sual altında qoyacaq. Politoloq Arzu Nağıyevlə söhbətimiz elə Sülh Platforması ətrafında oldu.

-Arzu bəy, oktyabrın sonunda Ermənistan-Azərbaycan Vətəndaş Sülh Platforması Tbilisidə təsis edildi. İlk dəfədir ki, 5 erməni, 5 azərbaycanlı, habelə ATƏT Minsk Qrupuna daxil olan digər  9 ölkənin hərəsindən 1 nəfər olmaqla 19 nəfərlik İdarə Heyəti formalaşdı. Bundan başqa 14 ölkəni təmsil edən 29 nəfərlik Ekspertlər Şurası fəaliyyətə başlayıb. Bu isə sülh yaratma prosesində yeni situasiya deməkdir. Münaqişənin sülh yolu ilə həllinə yönəlik ilk belə formatı necə dəyərləndirirsiniz?

- Düşünürəm ki, ən yüngül müharibədənsə, ağır sülh daha xeyirlidir. Yəni dünya praktikasında da illərlə müharibə aparan dövlətlər sonda müəyyən bir kompromisə gəlirlər. Məlumdur ki, hər hansı platformanın yaradılmasına baxmayaraq, münaqişənin həlli Azərbaycanın BMT tərəfindən tanınan sərhədləri çərçivəsində həll edilməlidir. Bununla belə, ATƏT-in Minsk Qrupunun həmsədrlərinin təmsil etdiyi cəmi üç dövlət ancaq deklorativ bəyanatlardan o yana keçmirsə, bu format daha da effektli ola bilər. Yəni artıq 3 dövlətin deyil, artıq 10-15 dövlətin nümayəndəsi bu platformada cəmləşib. Bir tərəfdən bu, yaxşı haldır.

- Necə bilirsiniz, vətəndaş cəmiyyəti tərəfindən belə bir yanaşmanın tətbiqi konfliktin həllinə yeni impuls verə bilərmi? Təsis qurultayında ciddi qərarlar qəbul olunub. Bunlardan biri Tiflis, İrəvan və Bakıda Platformanın ofislərinin yaradılması haqqında qərar. Sizcə, Platforma hər üç ölkədə fəaliyyətini qura biləcəkmi, hazırda buna şərait varmı?

- Qeyd edildiyi kimi, vətəndaş cəmiyyətinin yanaşması münaqişənin həllinin ancaq sülh yolu ilə həllini nəzərdə tutur və burada əsas məsələ məsləhət və təkliflərdən ibarət olmalıdır. Bu təkliflər isə hakimiyyət orqanlarına təqdim edildikdən sonra müəyyən nəticələr əldə etmək olar. Yəni bu platformaların qərarları tövsiyə və təklif ola bilər, əsas qərar isə təbii ki, hakimiyyətindir. Ofislərin yaradılmasına gəldikdə isə Tiflis neytral biri ərazi sayıla bilər, Bakıda və İrəvanda isə əsas məsələ nümayəndələrin təhlükəsizliyi və işləmək üçün şəraitin yaradılmasıdır. Bunlar həllini taparsa, problemlər olmayacaq.

- Münaqişənin tarixində ilk dəfədir ki, ermənilər və azərbaycanlılar bir araya gələrək hər iki ölkənin prezidentlərinə müraciət edərsə, onları sülh danışıqlarında konkret nəticə əldə etməyə çağırıblar. Sizcə, nə baş verir və bunun danışıqlar prosesinə nə kimi təsiri ola bilər?

- Hər hansı formada müraciətdən asılı olmayaraq, Azərbaycan prezidenti cənab İlham Əliyev mövqeyini daima bütün beynəlxalq tribunalardan da dəfələrlə səsləndirib. Bu mövqe Azərbaycanın ərazi bütövlüyü, suverenliyi, işğalçı ordunun ərazilərimizi tərk etməsidir. Əgər Sülh Platformasının iş istiqaməti buna uyğun qurularsa və Ermənistan rəhbərliyi də müvafiq addımlar atarsa, müəyyən irəliləyiş əldə etmək olar. Bu isə ATƏT Minsk Qrupu üçün vətəndaş cəmiyyətinin işinin necə qurulması ilə bağlı bir nümunə olar. Platformanın məşvərətçi status alması da maraqlı məsələdir və bu artıq BMT və ATƏT-in razılığı ilə olmalıdır.

- Müşahidələr göstərir ki, ATƏT-in Minsk Qrupu fəaliyyət göstərdiyi 25 il ərzində vətəndaş cəmiyyəti institutları ilə ciddi təmasda olmayıb. Platforma ATƏT-in Minsk Qrupunun nəzdində məşvərətçi iştirak hüququ almaq üçün həmsədrlərə müraciət edib. Bu maraqlı və yeni yanaşmadır. Bu təklifi necə dəyərləndirirsiniz? Belə bir təklif qəbul olunarsa, Platformanın vasitəçilik missiyasına nə kimi dəstəyi ola bilər?

“Söhbət sülhdən gedirsə, artıq biz diktə edən tərəf kimi çıxış edirik”

- Əsas dəstək işğal olunan ərazilərdə monitorinqlərin, təbliğat işinin aparılması, hərbçilərlə görüşlər, əsir-girovlarla bağlı arayışların hazırlanması, atəşkəs rejimi ilə bağlı müəyyən arayışların tərtib edilməsi, mədəniyyət və tarixi abidələri ilə bağlı məlumatların çatdırılması ola bilər.

- Danışıqları aparan hər iki ölkənin rəhbərləridir. Dəfələrlə bildirilib ki, ictimaiyyətin rəyi, dəstəyi olmadan hər hansı qərar qəbul etmək çətindir. Platforma hər iki prezidentə sülh prosesində dəstəkçi olmaq, qarşılıqlı etimadın yaradılması üçün köməyini əsirgəməmək məqsədilə müraciətlər edilib. Sizcə, prezidentlər bu dəstəyi necə qiymətləndirəcəklər? Ümumiyyətlə prezidentlərin belə bir dəstəyə ehtiyacları varmı?

- Qeyd edildiyi kimi, Azərbaycanla bağlı ərazi bütövlüyü çərçivəsində münaqişənin həlli Azərbaycan prezidentinin və xalqının bir-birini tamamlayan ümumi mövqeyidir və bu dəfələrlə dövlət başçısı tərəfindən də səsləndirilib. Məlum məsələdir ki, Azərbaycan hərbi yolla öz ərazilərimiz bərpa etməyə daima hazır və qadirdir. Bunun bariz nümunəsini 2016-cı ilin aprel hadisələri də sübut etdi və bu Azərbaycan xalqının bir zəfər günü kimi tarixə yazıldı. Söhbət sülhdən gedirsə, artıq biz diktə edən tərəf kimi çıxış edirik. Təbii ki, dövlət qurumları ilə yanaşı bu məsələlərdə vətəndaş cəmiyyətlərinin də mövqeyi vacibdir.

- Qurultayın qərarı var ki, Ermənistanda və Azərbaycanda ictimaiyyətlə görüşlər keçirilsin. Bu görüşlərin keçirilməsi mümkündürmü? Nələr edilməlidir ki, bu görüşlər baş tutsun?

- Düşünmürəm ki, bu görüşlər üçün elə böyük maneə ola bilər. Sadəcə olaraq təbliğat və maarifləndirmə işi çox yüksək səviyyədə aparılmalıdır ki, əsas məram və məqsəd aydın olsun.

- Hər iki cəmiyyətdə böyük nüfuza malik din xadimləri- erməni katolikosu Qaregin və Bütün Qafqazın Şeyxi Allahşükür Paşazadə münaqişənin həlli istiqamətində addımlar atmaq üçün görüşürlər. Heç kimə sirr deyil ki, barışıq üçün din xadimlərinin müstəsna rolu var. Platforma hər iki din xadiminə müraciət edərək bu fəaliyyətlərini vətəndaş cəmiyyəti ilə koordinasiya etməyi, diqqətlərini bu istiqamətdə daha da artırmağı xahiş edib. Din xadimləri sülh yaratma prosesində nə edə bilərlər?

- Din xadimləri çox böyük işlər görə bilərlər. Məlumdur ki, Ermənistan bu gün daha çox bir kilsə dövlətidir desək, yanılmarıq. Yəni kilsə bu dövlətin verilən hər bir qərarında mühüm rol oynayır və dövlət deyə bilmədiyi bir sıra bəyanatları kilsənin vasitəsilə edir. Azərbaycanda da Bütün Qafqazın Şeyxi Allahşükür Paşazadənin böyük nüfuzu var və Platforma bundan istifadə edə bilər. Ən uğurlu addım isə humanitar məsələlər ola bilər, bu əsasən əsir və girovlarla, yaralılarla, şəhid ailələri ilə bağlı ola bilər, yəni onlarla görüşlərin təşkil edilməsi və s.

- Arzu bəy, bu faktdır ki, ATƏT-in Minsk Qrupuna cəmiyyətdə inam qalmayıb. Ümumiyyətlə “Minsk Qrupu həmsədrləri bu problemin həllində maraqlıdılarmı” sualı çoxdan yaranıb. Müşahidələr göstərir ki, münaqişənin həlli nə Fransa, nə də ABŞ prezidentlərinin gündəliyində deyil. Sizin fikrinizcə, vətəndaş cəmiyyətinin prosesə qoşulması, Sülh Platformasının yeni yanaşması qeyd edilən ölkələrin rəhbərlərini hərəkətə gətirə bilərmi?

-ATƏT-in Minsk Qrupu çox təəssüf ki, öz işini tam şəkildə qura bilmədi. İkili standartlar, münaqişəyə müxtəlif prizmalardan yanaşmalar bu qurumun fəaliyyətini heçə endirdi. Missiya kimi özlərinə ancaq görüşlərin təşkil edilməsi və kritik vəziyyətlərdə bəyanatlarla çıxış etmək götürdülər. Bu isə effekt və ya müsbət bir nəticə vermədi. Buna görə də artıq başqa bir formata ehtiyac duyulur. Zənnimcə, Platforma müəyyən səlahiyyətlərə malik olmalıdır ki, təmsil olunan dövlətlərin rəhbərlərinə təsir edə bilsin.

- Arzu bəy, ümumiyyətlə, sizin üçün xalq diplomatiyası nədir? Bu formatla Ermənistan-Azərbaycan münaqişəsinin həlli perspektivlərini necə görürsünüz?

- Xalq diplomatiyası dövlət strukturları və qeyri-hökumət təşkilatlarının birgə işinin nəticəsində mühüm əhəmiyyətli məsələlərin həllində istifadə edilən bir fəaliyyət növüdür. Yəni tək bir Platforma yaratmaqla bu münaqişənin həllində müsbət nəticələr əldə etmək olmaz. Burada hamı, bütün strukturlar maraqlı olmalıdır və səbəb və məqsəd aydın olmalıdır. Bu olarsa, müəyyən irəliləyişə mütləq nail olunacaq.

- Etimadın yaradılması, xalqlar arasında əlaqələrin qurulması və digər bu kimi təşəbbüslər nə kimi fayda verər? Sizin şəxsi töhfəniz nədən ibarət ola bilər? Nə kimi təklifləriniz var?

- Qarşılıqlı inam nə qədər çox olsa, münaqişənin həlli yaxınlaşar. Əvvəl bu inamı yaratmaq lazımdır, bu isə ən ağır prosesdir. Qarabağ döyüşlərini tək kitab-dəftərdən bilməyən, o torpaqları müqəddəs bir məkan sayan və demək olar ki, hər qarışına, problemlərinə bələd olan şəxs və Azərbaycan vətəndaşı kimi münaqişənin həllinin istər hərbi, istər diplomatik, istərsə də xalq etimadı yolu ilə həlli üçün bu qurumlarla iş qurmaq vacib məsələdir və buna yardımçı olmaq lazımdır.






Fikirlər