Deputatların davası - dünyada və BİZDƏ...

Tahir Kərimli: “Həmkarlarımı maksimum dərəcədə bir-birinə qarşı dürüst olmağa çağırıram”; Fərəc Quliyev: “Parlament əslində mübahisə yeridir”

İki adaş deputat Fəzail Ağamalı və Fəzail İbrahimli arasında bir neçə gün öncə yaranan söz savaşı ictimaiyyətdə maraqla izlənildi, reaksiyalar doğurdu. Hər iki deputat bir-birinin ünvanına ən ağır ittihamları səsləndirdi, mətbuatın ən tirajlı mövzularından biri də bu oldu. Məsələyə dərhal Milli Məclisin Nizam-İntizam Komissiyası səviyyəsində reaksiya verildi. Qurumun sədri Ağacan Əbiyev mətbuata bunları dedi: “Mən onların bir-biri haqqında nə deməsindən məlumatsızam. Ancaq bizim Komissiyanın işi sırf Milli Məclisin iclaslarında olan xoşagəlməz hərəkətlərlə bağlı ölçü götürməkdir. Kimlərsə Milli Məclisdən kənarda, mətbuatda bir-biri haqqında hansısa fikirlər səsləndirirsə, buna biz cavabdeh deyilik. Bunun cavabdeh olan müvafiq qurumlar var. Yenə də deyirəm, Komissiya yalnız Milli Məclisdə baş verən hadisələrə cavabdehdir. İndi hansısa deputatlar kənarda bir-biri haqqında nəsə söyləyirsə, artıq ona biz qarışa bilmirik”.

Məlumdur ki, xarici ölkələrdə deputatların savaşı ən çox iqtidar və müxalifəti təmsil edənlərin arasında yaşanır. Nadir hallarda olur ki, bir siyasi qurumu təmsil edən millət vəkilləri üz-üzə gəlirlər. Azərbaycan parlamentində müxalif deputatlar sayca çox az olduğundan müxtəlif cəbhələrdə olanların savaşına demək olar rast gəlinmir. Belə hallar ümumiyyətlə Azərbaycanda çox az halda baş verir. Yəqin ki, buna cəmiyyətin marağı da davaların adi hala çevrilməməsi ilə bağlıdır.

Image result for Vəhdət partiyasının sədri, deputat Tahir Kərimli

Vəhdət partiyasının sədri, deputat Tahir Kərimli 90-ci illərdə Azərbaycan Ali Sovetində də belə qarşıdurmaların olduğunu bildirdi: “O zaman da belə hadisələr Azərbaycan ictimaiyyətinin diqqət mərkəzində idi. Amma o vaxt sanki dövlətin nəbzi parlamentdə vururdu. İndi Milli Məclisimiz səliqəli bir orqandır. İnsanlar burada da bir ayıb axtarmağa çalışırlar.  Jurnalistlər istəyirlər ki, oradan bir qalmaqal yaratsınlar, ictimaiyyət də buna reaksiya versin. Heç kəs arzulamır ki, xoşagəlməyən hadisələr yaşansın. Öz həmkarlarımı maksimum dərəcədə bir-birinə qarşı dürüst olmağa, bir-birinə mehriban yanaşmağa, bir-birinin səhvini şişirtməməyə çağırıram. Fəzail Ağamlı və Fəzail İbrahimli parlament yoldaşlarımdır. Uzun müddət idi ki, üzrlü səbəbdən Fəzail Ağamalını görmürdüm. Son iclasda gördüm və dedim ki, parlamentə xoş gəlmisən. Arzulamıram ki, deputatlar arasındakı belə qalmaqallar ictimaiyyətin müzakirəsinə çevrilsin. O ölkələrdə ki, cəmiyyətdə qarışıqlıq var, belə hadisələr orada adi qarşılanır. Məsələn, Ukraynada bayırda da qarışıqlıq var, parlamentdə də. Sanki insanlar orada belə hadisələrə öyrəşiblər. Amma heç rast gəlmisiniz ki, Amerikada deputatlar arasında belə hadisələr baş versin. Düşünürəm ki, bunlar millətlərin xarakterindən çox asılıdır. Bəzi dövlətlərdə deputatların savaşı çıx qınanır, bəzilərin də isə heç belə davalar yaşanmır. Bəzən parlamentdə veriləcək hər hansı bir qərar dövlətin siyasəti üçün əhəmiyyətli olur, o zaman deputatlar arasında qalmaqal yaşananda cəmiyyətin də diqqətini cəlb edir. Bəzi dövlətlərdə cəmiyyətin belə davaları adi qarşıladığını deyə bilərik, amma kim bilir, bəlkə orada da bizim kimi reaksiyalar var”.

Image result for Milli Dirçəliş Hərəkatı Partiyasının sədri, deputat Fərəc Quliyev

Milli Dirçəliş Hərəkatı Partiyasının sədri, deputat Fərəc Quliyev bizdən iki həmkarı arasında yaşanan söz savaşını eşitdiyini söylədi: “Parlament əslində mübahisə yeridir. Açığı Milli Məclisdə təmsil olunduğum müddətdə şəxsi intriqaların olması, bir-birinə qarşı münasibətlərin kəskinliyi epizodlarına rast gəlmədim. Çox mehriban bir kollektivimiz var. Başqa parlamentlərdə yumruq davaları belə yaşanır. Bu o deməkdir ki, xalqımızın mədəniyyəti daha yüksəkdir. Masa arxasında danışmaqla məsələləri həll edə bilirik. Hesab edirəm ki, biz Ukraynada deputatların arasında dava olur, amma biz də olmur kimi məsələlərdə geri qaldığımızı düşünmək yanlışdır. Əksinə biz daha irəli getmişik, parlamentdə təmsil olunanların hamısı çox səviyyəli insanlardır. İki həmkarım arasında bir mübahisə varsa, düşünürəm ki, ikisi də məsələni sahmana salarlar. Bunu çox şişirtməyə məncə ehtiyac yoxdur”.

Böyük Quruluş Partiyasının sədri, deputat Fazil Mustafa isı mövzu ilə bağlı belə dedi: “Görünür, daha çox konfliktin, müzakirələrin olmasını istəyənlər var. Burada xalqla bağlı nəsə yoxdur, deputatların fəaliyyətidir”.






Fikirlər