“NEFTİN QİYMƏTİ QALXAN KİMİ İSLAHATLAR DAYANDI” – Deputatdan hökumətə İTTİHAMLAR
2018-ci ilin dövlət büdcəsi Milli Məclisin komitə iclaslarında hökumətin iştirakı ilə müzakirə olundu. Qarşıdakı günlərdə isə plenar iclasda büdcə zərfinin geniş müzakirəsi keçiriləcək. Ancaq komitə müzakirələrindən də aydın oldu ki, hökumətin təqdim etdiyi layihəyə münasibət birmənalı deyil. Milli Məclisin deputatı, BAXCP sədri Qüdrət Həsənquliyevlə söhbətimiz də bu mövzuya aiddir. - Qüdrət bəy, büdcəyə həsr olunmuş komitə müzakirələrində siz də təklif və tənqidlərinizi səsləndirdiniz. Komitə müzakirələrinin nəticələri barədə nə deyə bilərsiniz? – Son günlər komitə iclasları keçirildi. Sağ olsun, Bahar xanım, şərait yaratdı, mən də öz fikirlərimi səsləndirdim. Bəzi fikirlərimi də plenar iclasda söyləyəcəyəm. İlk öncə bizim komitənin fəaliyyət sferasına aid sahələrlə bağlı fikrimi bildirdim. Bu da ondan ibarətdir ki, Azərbaycanda hakimlərin sayı ümumavropa göstəricisindən üç dəfədən də artıq azdır. Yəni bizdə hər yüz min nəfərə 6 nəfər düşür, Avropada bu göstərici 20-dir. Rəsmi statistikanı əldə etmək mümkün olmasa da, Fikrət müəllim (ədliyyə naziri – E.P.) AzərTAC-a verdiyi müsahibədə qeyd edib ki, son illər ərzində, xüsusən də devalvasiyadan sonra məhkəmələrdə baxılan işlərin həcmi 20 dəfə artıb. Mən də söylədim ki, bəzən bir hakim gün ərzində bir neçə işə baxmalı olur, bu isə səmərəli araşdırmanı mümkünsüz edir. Sadəcə, fiziki baxımdan deyirəm. Ona görə də büdcədən vəsait ayrılmalıdır və hakimlərin sayı ən azı iki dəfə artırılsın ki, heç olmasa, orta Avropa göstəricisinin 50 faizi miqdarında bizdə hakim olsun. - Amma nümayəndəliyin ləğvi halında hakimlərin sayının artırılması təklifi bir az da suallar doğura bilər, elə deyilmi? – Mən Vəkillər Kollegiyasının açıqlamasını oxudum ki, onlar bütün ali hüquq təhsili olan qanuni nümayəndələri Vəkillər Kollegiyasına probemsiz qəbul edəcəklər. Hər halda indi mətbuat da, dövlət hakimiyyət orqanları da, ictimaiyyət də bunu diqqətdə saxlamalıdır ki, həm orda vəkillərin işə qəbulu zamanı rüşvət faktoru olmasın – müəyyən işbazlar dərhal ehtiyac olan halda bundan yaraqlanıb, rüşvət tələb edə bilər, bu, olmasın – həm də Vəkillər Kollegiyası özünün verdiyi sözü tutsun. Bu istiqamətdə gərək hər kəs üzərinə düşəni etsin. - Büdcə müzakirələrində seçildiyiniz Naxçıvan Muxtar Respublikası ilə bağlı da bir sıra məsələlər qaldırdınız… – Bilirsiniz ki, Naxçıvan Muxtar Respublikası blokada vəziyyətindədir. Bu il də büdcədən ora 282 milyon manat vəsait ayrılır, bu da Naxçıvanın büdcəsinin 80 faizi deməkdir. Bu, o demək deyil ki, mən Naxçıvana diqqətin azlığından gileylənirəm. Yox, əksinə, Naxçıvanda hamı başa düşür ki, prezidentin xüsusi diqqəti və dəstəyi olmasa, orada həyat dözülməz olar. Onsuz da iş dalınca Naxçıvanı çoxlu sayda insanlar tərk edib gedib. Dəfələrlə parlamentdə məsələ qaldırılıb ki, naxçıvanlıların İstanbulda ayrıca məhəlləsi var, toylarını orda edirlər, ölülərini orada dəfn edirlər. Problem yaranacaq deyə, geri qayıda bilmirlər. Fazil Mustafa da bu məsələni qaldırmışdı, ordakı uşaqların təhsillə bağlı problemləri var. Bəzən qul kimi onları istismar edirlər. Hərbi xidmətini bitirən gənclərin isə əksəriyyəti Bakıya, digər bölgələrə, həmçinin Moskvaya üz tuturlar. Gömrük rüsumları ilə birgə Naxçıvanın büdcəsinin gəlirləri cəmi 73.4 milyon manatdır. Bu da onu göstərir ki, bölgədə kənd təsərrüfatı təyinatlı torpaqlar az olduğu üçün, sənayeni inkişaf etdirmədən Naxçıvanın iqtisadiyyatını inkişaf etdirmək mümkün deyil. Məsələn, uzun illərdir danışıqlar gedir ki, Naxçıvanda azad iqtisadi zona yaradılsın. Naxçıvan blokadada olsa da, onun Türkiyə və İranla sərhədinin olması baxımından üstünlükləri də var. Sərhədyanı ticarəti genişləndirmək olar. Bu da yerli hökumətdən yox, mərkəzi hökumətdən asılı məsələlərdir ki, azad iqtisadi zona məsələsi nəhayət, öz həllini tapsın. - Qüdrət bəy, elə isə niyə həllini tapmır? Söhbət blokadada olan bir bölgədən gedirsə, məntiqlə daha həssas münasibət olmalıdır. Səbəb nədir? – Bürokratik əngəllər məsələnin həllini yubadır. Məsələn, mənim doğulduğum Culfa rayonunda vaxtilə 3 şərab zavodu var idi, ikisi bizim Əbrəqunus kəndində, biri də Yayıcı kəndində. İndi onlardan biri də işləmir. Mən Ordubad-Culfa seçki dairəsindən seçilmişəm, orada konserv zavodu, baramaçılıq var idi, indi heç biri yoxdur. Ona görə də iş yerləri yaratmaq lazımdır. Naxçıvana buradan “pul veririk, alın, xərcləyin” demək əvəzinə, məqsədli investisiyalar qoyulmalıdır. Komitə iclasında da dedim, Neft Fondundan o məqsədlər üçün vəsait ayrılmalıdır. Məsələn, Neftçalada İranla birgə avtomobil zavodu tikilir. Bu zavodda istehsal olunan maşın kimə lazımdır? Naxçıvanda Çinin avtomobilləri ki yığılırdı, onlar xarici görkəminə və keyfiyyətinə görə “Peykan”dan daha irəlidə idilər. Şamaxıda “Peykan” yığırdılar da, onu bir adam aldı? Yox. İndi ağzı bağlanıb, qalıb orda. Yəni birini açdıq, özünü doğrultmadısa, İranla ikinci avtomobil zavodunu açıb ora vəsait qoymağa dəyərmi? Dünya artıq elektrik avtomobillərinə doğru gedir. Hazırda dünyada 2 milyon elektrik avtomobili var, amma ekspertlərin hesablamalarına görə, 2040-cı ildə 900 milyon olacaq. Avropanın bir çox şəhərləri yanacaqla işləyən avtomobillərdən imtina yolunu seçib. Dünyada avtomobil sənayesi üzrə ixtisaslaşmış ölkələr var: Yaponiya, Cənubi Koreya, ABŞ, Almaniya. Olkələrdəki brend sayıla biləcək avtomobillər buraxan zavodlarla müqavilələr imzalamaq lazımdır. Onlar gəlib Naxçıvanda elektrik avtomobilləri istehsal edən zavod tikə bilər. O avtomobillərin də bir çox ehtiyat hissələri Naxçıvanın özündə istehsal olunmalıdır. Naxçıvanı Almaniyanın Ştutqartına, Münheninə çevirmək olar. Biz özümüzü Tacikistanla müqayisə etməli deyilik ki. Nümunə çəkməli deyilik ki, bizim büdcəmiz Tacikistanın büdcəsindən iki dəfə çoxdur. Norveçin əhalisinin sayı bizdən az qala iki dəfə az olsa da, büdcəsi 220 milyarddır, üstəlik, valyuta ehtiyatları artıq 1 trilyon dolları keçib. Yəni biz belə ölkələri hədəf seçməliyik. Necə ki, deyirlər general olmaq istəməyən əsgər əsgər deyil. Qarşıya böyük hədəflər qoymalıyıq ki, o istiqamətdə hərəkət edək. Yoxsa Tacikistanla özümüzə təsəlli verməklə biz heç yerə gedə bilmərik. - Qəribədir ki, ənənəvi qaydada tənqidlər səslənir, büdcə müzakirələri keçirilir, sənəd qəbul olunur, növbəti il hökumətin hesabatı da qəbul olunur, məsələ bitir. Niyə ciddi dəyişikliklər baş vermir? – Çox təəssüf. Devalvasiyadan sonra, əlbəttə, hökumət islahatlar istiqamətində müəyyən addımlar atdı, amma neftin qiyməti qalxan kimi hər şey dayandı. Çox təəssüf ki, bu islahatlar davam etdirilmədi. Siz yəqin xatırlayırsınız, hər dəfə Elman Rüstəmov parlamentə gələndə mən sual verirdim ki, niyə bizim xaricdəki Neft Fondundakı pullarımızın bir hissəsi gətirilib Azərbaycan banklarında saxlanılmır? O, cavab vermirdi. Bir dəfə mənə cavab verdi ki, biz onsuz da neft pullarını büdcə vasitəsilə xərcləyirik. Bilirsiniz söhbət nədən gedir? Bir var neft pullarını məmur xərcləyə, bir də var sahibkar. Yəni büdcəyə gələndə artıq hökumət üzvləri müəyyənləşdirir ki, hara, nə qədər pul ayrılmalıdır – bir də var sən pulu gətirib bankda saxlayırsan, sahibkar da gedib aşağı faizlə kredit götürüb istədiyi layihəyə xərcləyir, həm də Azərbaycan vətəndaşı görür ki, dövlətin özü qorxmur, öz pulunun bir hissəsini kommersiya bankında saxlayır. - Amma Beynəlxalq Bankda da pullar var idi. Nəticəsi göz qabağındadır… – Yox, o, dövlət bankı idi. İndi xaricdəki pulların illik gəlirliliyi 1,5 faizdir, əvvəl ümumiyyətlə az idi – 0,89 faiz. Bunu kommersiya banklarında yerləşdir, 4,5 faizlə ver Azərbaycan sahibkarına, pulu o sahibkar xərcləsin. Axı, sahibkarın təfəkkürü ilə məmurun təfəkkürü eyni deyil. Dünyanın hər yerində sahibkar ola bilməyən insanlar gedib məmur olur. Sahibkar bilir ki, pulu hara qoymaq, hardan pul qazanmaq, hansı sahəni inkişaf etdirmək lazımdır. Ona görə də Neft Pullarının məsələn, 500 milyon dollarını gətirib Naxçıvanda banka qoymaq lazımdır, qoy sahibkarlar ordan götürsünlər. 2 milyardını Azərbaycanın digər bölgələrində banklara yerləşdirmək lazımdır. Yəni, bu işlər görülməlidir. Dövlət bankı olanda, gördünüz də Beynəlxalq Bank neylədi, girovsuz-zadsız kim gəldi, ən avantürist layihələrə cinayətkarcasına 10 milyarddan artıq pulu dağıtdılar, sonra da tutub 15 il iş verdilər. Nə olsun? İndi biz büdcədən onun qaytarılması üçün 460 milyon vəsait ayırırıq. Kimsə o pulları yeyib, özünə villalar, yaxtalar, nə bilim nələr alıb. İndi dövlət onun borcunu ödəyir. - Növbəti dəfə iri müəssisələrin özəlləşdirilməsi ilə bağlı təkliflər verdiniz. Necə bilirsiniz, bu dəfə təklifləriniz nəzərə alınacaqmı? – Görürsünüz ki, mən hər dəfə özümü öldürürəm ki, axı sosialist təsərrüfat sistemi, dövlət mülkiyyəti özünü doğrultmadı, özəlləşdirməyə getmək lazımdır. Dövlət mülkiyyəti həm hamınındır, həm də heç kimindir. Yəni bu, özünü 74 illik sovet dövründə doğrultmadı. Ona görə də özəlləşdirilməlidir, o pullar da kommersiya banklarında saxlanmalıdır. O vaxt özümüzü öldürürdük ki, Beynəlxalq Bankı özəlləşdirmək lazımdır. Amma təəssüf ki, zamanında özəlləşmə həyata keçirilmədi. Digər bir mühüm məsələ var: 2020-ci ildə Avropanın enerjisinin 20 faizi alternativ enerji hesabına olacaq – külək və Günəş hesabına. 2030-cu ildə 27 faizi olacaq. Bu dəqiqə İsveçin 53,9 faizi, Avstriyanın 33 faizi, Danimarkanın 35,8 faizi alternativ enerjinin hesabına ödənilir. Latviyada isə 38,3 faizdir. Hələ bu, keçmiş sovet respublikasıdır. Azərbaycanda da bilirsiniz… Bakıda il ərzində cəmi 45 gün külək olmur, küləkli şəhərdir. Xaricdə bunu başa gətirmək çətindir, torpaq sahələri itməsin deyə, adətən, dənizin içində bu qurğuları, külək mühərriklərini yerləşdirirlər. Amma bizdə onsuz da Bakıdan çıxan kimi yararsız torpaqlar var, Qaradağda dağların, təpələrin üstündə nə qədər desən, o qurğuları yerləşdirmək olar. Bakıda həm günəş bol, həm də külək, bundan istifadə etmək lazımdır, hökumət bu istiqamətdə işlər görməlidir. Dövlətin pul ayırması vacib deyil. Bununla bağlı sahibkarlara kredit vermək lazımdır, xarici investorlar cəlb olunmalıdır. Bunun da yolu vergi güzəştlərindən keçir. Mən demişəm, bir çox ölkələrdə təzə yaradılan müəssisələr 3-5 il vergidən azad olunur. Sonrakı 3-5 il ərzində də ciddi vergi güzəşti nəzərdə tutulur ki, bu adam qoyduğu xərci qısa müddətdə çıxarda bilsin, yəni həmin ölkəyə investisiya yatırmağa maraqlı olsun. Azərbaycanda mən dəfələrlə məsələ qaldırmışam, amma ciddi reaksiya yoxdur. Demişəm regionlara vergi güzəşti eləyin ki, insanlar Bakıya axışmasın. Amma Azərbaycanda investisiya əsasən Bakıya qoyulur. Sənaye parkları yaradılır, orada vergi güzəştləri nəzərdə tutulur, məsələn, o parklardan birini Naxçıvanda yaratmaq lazımdır. Yaxud bu il ali məktəb və xəstəxanaların tikintisinə, təmirinə 240 vəsait ayrılacaq. Bunları artıq dövlət tikməməlidir, universitetlər özəlləşdirilməlidir. Onsuz da bütün universitetlər pulludur, hərəsində bir fakültə pulsuzdur. Dünyanın hər yerində təhsil kreditləri var. Universitetə girdin, 25 il müddətinə kredit alırsan, sonrakı illərdə o pul səndən tutulacaq. Ona görə kredit götürən tələbə çalışır yaxşı oxusun ki, yaxşı mütəxəssis olsun, sonra o krediti qaytarsın. Dünyanın inkişaf etmiş xalqlarının keçdiyi yol var, biz də o yolla getməliyik. Biz Fazil bəylə 5 saylı Xəstəxanaya getmişdik, dostumuzu yoluxmağa. Xəstəxana dağılıb gedir. Xəstəxananı dövlət təmir etməməlidir, onu özəlləşdirmək lazımdır. İnsanlar da icbari tibbi sığortaya keçirilməlidir. Yoxsul insanlar, şəhid ailələri isə dövlət hesabına sığoralanmalıdır. Daha sonra “Azəriqaz”, “Azərişıq”, Azəristiliktəchizat”, “Azərsu”, BakuBUS” kimi bütün xidmət sahələri özəlləşdirilməlidir. Özəlləşdirməyə getmirlərsə, heç olmasa uzunmüddətli idarəetməyə versinlər. - Bəlkə peşəkar kadrlar yoxdur, ona görə tərəddüdlər var. Bu, mümkündürmü? – Niyə ki? Hesab edirəm ki, bunu bacaran kifayət qədər istedadlı, səviyyəli kadrlar var. Sadəcə olaraq o kadrları iş başına gətirmək lazımdır. Təbii ki, gənc kadrlar irəli çəkilməlidir. Məsələn, mən açıq deyirəm, təqdir edirəm ki, Mehriban xanım Əliyeva kifayət qədər gənc insanları özünə köməkçi götürür, təhsilli, yüksək intellektli şəxsləri ətrafına toplayır. Yəni burada islahatçı təfəkkürlü insanlar lazımdır. Bəzən xaricdə təhsil almaq da əsas rol oynamır. Təşəbbüskar olan, cəsarətli qərarlar qəbul edə bilən, siyasi proseslərdə mütərəqqi insan kimi tanınan, yenilikçi, reformist insanlar irəli çəkilməlidir. Ona görə də deyirəm ki, Azərbaycanda ciddi islahatlara ehtiyac var. Əgər radikal islahatlara getməsək, ciddi nəticələr əldə etmək mümkün deyil. Dediyim sahələrdə özəlləşdirilməyə gedilməyincə iqtisadi sahədə sıçrayışlar gözləməyə dəyməz(musavat.com).“Əgər radikal islahatlara getməsək, ciddi nəticələr əldə etmək mümkün deyil”
“Tacikistanla özümüzə təsəlli verməklə biz heç yerə gedə bilmərik”