Deputatlar Sankt-Peterburqa gedir - Nüvə MÜZAKİRƏSİ
Milli Məclisin deputatları Rüfət Quliyev və Adil Əliyev Müstəqil Dövlətlər Birliyi Parlamentlərarası Assambleyanın komissiya iclaslarında iştirak etmək üçün noyabrın 27-də Rusiya Federasiyasının Sankt-Peterburq şəhərinə səfər edəcək. Teleqraf.com xəbər verir ki, Siyasi məsələlər və beynəlxalq əməkdaşlıq komissiyasında Suriyada baş verən münaqişənin tənzimlənməsi ilə bağlı Astana danışıqları, Parlamentlərarası İttifaqın 137-ci Assambleyasının nəticələri, MDB PA-ya üzv ölkələrin milli parlamentlərinin ATƏT Parlament Assambleyasının illik sessiyasında iştirakı, BMT-nin nüvə təhlükəsizliyi ilə bağlı təşəbbüsü, Avropadakı miqrasiya böhranının MDB məkanına təsiri, Qırğızıstanda prezident, Qazaxıstan və Ermənistanda parlament seçkilərinin monitorinqi barədə məsələlərə baxılacaq. Müdafiə və təhlükəsizlik komissiyasının iclasında sərhəd təhlükəsizliyinin pozulmasına görə məsuliyyətin tənzimlənməsi ilə bağlı qanunvericiliyin təkmilləşdirilməsi, “Mülki müdafiə haqqında”, “Könüllü yanğından mühafizə haqqında” model qanun layihələri ilə bağlı müzakirələr aparılacaq.