Pənah Hüseynin PARTİYASI qurultaya HAZIRLAŞIR - AÇIQLAMA
“Yaxın günlərdə partiyamızın qurultayı keçiriləcək. Qurultayda prezident seçkilərinə hazırlıq məsələsi müzakirə olunacaq və bundan sonra müvafiq qərar veriləcək. Mənim şəxsi mövqeyim ondan ibarətdir ki, Azərbaycanda normal seçki mühiti yoxdur, ona görə də cəmiyyətin də bu seçkilərə konkret münasibəti aşağı səviyyədədir”. Bu sözləri Modern.az-a açıqlamasında Azərbaycan Xalq Partiyasının (AXP) sədri, sabiq baş nazir Pənah Hüseyn deyib. “Azərbaycanda bərabər rəqabətdən danışmaq mümkün deyil. O baxımdan prinsip etibarı ilə prezident seçkiləri faktiki olaraq həm cəmiyyətin, həm də siyasi təşkilatların fəaliyyətində prioritet təşkil etmir. Bütün bunlara baxmayaraq, müəyyən hazırlıqlar gedir, o cümlədən kütləvi tədbirlər keçirilir, partiyalar öz namizədlərini irəli sürəcəklərini elan edirlər. Bizim partiyanın qurultayında da bu məsələlər müzakirə olunacaq”. “Bu il ərzində ölkədə gedən ictimai-siyasi proseslərə münasibətl bildirilməsi, keçirilən aksiyalarda iştirak etmək, siyasi məhbuslarla bağlı bəyanatların və başqa şəkildə mövqelərin ifadə olunması, ölkədəki korrupsiya şəraiti və bununla bağlı meydana çıxan faktların tənqid olunması partiyamızın fəaliyyətinin tərkib hissəsidir. Ölkənin demokratiyanın inkişafı, azad, ədalətli seçki mühitinin yaradılması üçün müəyyən təkliflər vermişik. Ölkənin xarici siyasi kursu barədə də kifayət qədər iş görmüşük. Bu il ərzindn müxalifət partiyalarının təşkil etdiyi bir neçə tədbirdə iştirak etmişik, danışıqlar aparmışıq. İctimai və siyasi təşkilatlarla əlaqələrin qurulması istiqamətində xeyli işlər görülüb. Bir siyasi partiya Azərbaycanda hansı işləri görə bilirsə, biz də onları etmişik”.
Pənah Hüseyn sədri olduğu partiyanın işindən danışaraq deyib ki, nizamnamə və proqrama əsasən, AXP il ərzində öz fəaliyyətini davam etdirib.