Putindən YAŞIL İŞIQ, Ermənistanı QAN gölünə ÇEVİRMƏK...

​​​​​​​Putindən YAŞIL İŞIQ, Ermənistanı qan gölünə ÇEVİRMƏK... - HƏFTƏNİN SİYASİ XÜLASƏSİ

Dekabrın 13-də İstanbulda İslam Əməkdaşlıq Təşkilatının fövqəladə iclası keçirilib. İclasda qəbul edilən bəyannamədə Şərqi Qüds Fələstinin paytaxtı elan olunub. Avropa İttifaqı ölkələrinin siyasi liderləri ABŞ prezidentinin Qüdsün statusu ilə bağlı kursundakı son dəyişikliklərlə razılaşmayıblar. İrəvan Türkiyə ilə imzalanan Sürix protokollarından imtina edəcəyini açıqlayıb. Rusiya prezidenti Vladimir Putin Rusiya qoşunlarının Suriyadan çıxarılması barədə əmr verib. Rəsmi Vaşinqton Suriya prezidenti Bəşər Əsədi 2021-ci ilədək hakimiyyətdən uzaqlaşdırmaq niyyətində deyil. İsrail Livanı “daş dövrünə çevirməklə” hədələyib. Mixail Saakaşvili Kiyevdə hakim qarşısına çıxarılıb. Rusiya Ukraynaya qarşı genişmiqyaslı müharibəni istənilən an başlaya bilər. ABŞ Şimali Koreya ilə danışıqlar aparmağa hazır olduğunu bəyan edib.

Azərbaycan, Dağlı Qarabağ

Dekabrın 20-də Bakıda Azərbaycanın, İranın və Rusiyanın xarici işlər nazirlərinin görüşü keçiriləcək. Görüşdə üçtərəfli əməkdaşlıq əlaqələrinin inkişaf perspektivləri müzakirə ediləcək.

Dekabrın 13-də İstanbulda keçirilən İslam Əməkdaşlıq Təşkilatının fövqəladə iclasında Azərbaycan Prezidenti İlham Əliyev çıxış edib.

 

Prezident İlham Əliyev: “ABŞ Qüdslə bağlı qərarına yenidən baxmalıdır”

 

Ermənistan prezidenti Serj Sarkisyan Dağlıq Qarabağla bağlı Rusiyaya məxsus “Lavrov planı”nın mövcudluğunu inkar edib və münaqişənin həlli ilə bağlı danışıqların ruhuna zidd açıqlamalar verib. “Ermənistan” telekanalına müsahibə verən Sarkisyan Qarabağ münaqişəsinin nizama salınması üzrə aparılan danışıqlarda konkret bəndlərin müzakirə edilmədiyini bildirib.

 

Sarkisyan rusların planından imtina etdi - Qorxulu QARABAĞ AÇIQLAMASI

 

Ermənistan

2017-ci ilin 11 ayı ərzində Ermənistan ordusu 52 itki verib. İitkilərin 22-si atəşkəs rejimini pozan zaman Azərbaycan ordusunun cavab atəşi nəticəsində baş verib.

Yerdə qalan 30 itki isə erməni hərbi birləşmələrinin daxilində baş verən hadisələr zamanı - qeyri-qanuni münasibətlər, sağlamlıq problemləri, bədbəxt hadisələr, əsgər yoldaşı tərəfindən vurulma, intihar və s. hallarda qeydə alınıb.

Erməni siyasi şərhçi Sarqis Artsruni yazır ki, vəziyyət çox həyəcanlıdır.

 

52 erməni hərbçisi ÖLDÜRÜLDÜ - Düşmənə sarsıdıcı zərbə və ÜZƏ ÇIXAN ŞOK FAKTLAR

 

2018-ci ilin yazını Ermənistan-Türkiyə protokolları olmadan qarşılayacağıq. Bunu Ermənistan Xarici İşlər naziri Edvard Nalbəndyan jurnalistlərə açıqlamasında söyləyib.

“Bildiyiniz kimi, Ermənistan prezidentinin təşəbbüsü ilə Ankara-İrəvan əlaqələrinin normallaşdırılması prosesi başladıldı. Bu da 2009-cu ilin oktyabrında Sürixdə protokolların imzalanması ilə nəticələndi. İndiyə qədər bu sənədlər ratifikasiya edilməyib. Belə ki, Türkiyə protokolların ruhuna zidd olan şərtlər irəli sürüb. Bu sənədlər əbədi girov olaraq qala bilməz”, – deyə o bildirib.

Qeyd edək ki, 2009-cu ildə imzalanan protokolların əsas şərtlərindən biri Ermənistan-Türkiyə sərhədinin açılması idi. Sonradan Türkiyə bu protokolların icrasından Ermənistanın Qarabağdan ordularını çəkməməsi ucbatından imtina etmişdi.

Ermənistanın Milli Təhlükəsizlik Xidməti ölkə ərazisində terror aktları həyata keçirməyi planlaşdıran şəbəkəni ifşa edib. Bu haqda qurumun mətbuat mərkəzindən bildirilib.

Həyata keçirilən axtarış və istintaq tədbirləri nəticəsində aydın olub ki, ABŞ vətəndaşı, milliyyətcə erməni olan R.K. 2017-ci ilin sentyabrında Feysbuk sosial şəbəkəsində “Martin Avagyan” adlı səhifə açıb.

 

Amerika ermənisi Ermənistanı qan gölünə çevirmək istəyirdi - DETALLAR

 

Türkiyə, İran, Yaxın Şərq

Hazırda İmralı adasında həbsdə olan PKK terror təşkilatının lideri Abdullah Öcalan Türkiyədə hərbi çevrilişə cəhdin olacağını bir il əvvəldən bilirdi. Bunu Ədalət və İnkişaf Partiyasının (AKP) Mardindən olan millət vəkili Orhan Miroğlu qonağı olduğu bir teleproqramda deyib.

 

“Öcalan bunu 1 il əvvəl söyləmişdi” - AKP-li deputatdan ŞOK İDDİA - VİDEO

 

FETÖ-nun sui-qəsd qrupları sensasiyalı planlar qurub. Bu barədə türkiyəli keçmiş hərbi prokuror Əhməd Zəki Üçox danışıb. Keçmiş hərbi prokurorun sözlərinə görə, FETÖ həmin sui-qəsd qruplarına Makedoniya və Kosovoda təlim keçib.

“Siyasət adamlarına, əhəmiyyətli qeyri-hökumət təşkilatlarının nümayəndələrinə, din adamlarına, idman rəhbərlərinə, sənətçilərə qarşı hücumlar həyata keçiriləcək. Bildiyim qədəri ilə qarşıdakı bir neçə ay ərzində bunlar baş tutacaq”, - ekspert deyib.

Qeyd edək ki, Əhməd Zəki Üçox bir qədər əvvəl də FETÖ-nun xarici əks-kəşfiyyat idarələri nümayəndələrinin də iştirakı ilə Kosovada yerləşən fermada sui-qəsdçilərə təlim keçdiyini bildirmişdi.

Rusiya dövlət başçısı Vladimir Putin dekabrın 12-də Ankarada türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla görüşüb. Prezidentlər arasında danışıqlar iki saata yaxın davam edib.

Görüşdən sonra keçirilən birgə mətbuat konfransında Putin Türkiyə prezidenti ilə danışıqların işgüzar və konstruktiv şəraitdə keçdiyini bildirib.

“Qeyd etmək istərdim ki, danışıqlar işgüzar və konstruktiv şəraitdə baş tutdu. Biz ikitərəfli əməkdaşlıq, o cümlədən strateji ticarət-iqtisadi və hərbi-texniki layihələrin həyata keçirilməsini müzakirə etdik, beynəlxalq və regional gündəliyin aktual məsələləri ilə bağlı fikir mübadiləsi apardıq” deyə V.Putin bildirib.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Suriyada nizamlanma prosesini müzakirə etmək üçün rusiyalı həmkarı ilə Soçidə görüşmək niyyətində olduğunu bildirib.

"Bölgədəki mühüm məsələləri müzakirə etdik. Bu gün Suriya ilə bağlı məsələyə, son görüşümüzdə qəbul edilən qərarlara toxunduq və Soçidə daha bir görüşün keçirilməsinə dair razılığa gəldik. Əsas məsələlərdən biri Qüdslə bağlı vəziyyətdir. ABŞ müsəlmanları, xristianları və hətta yəhudiləri də məyus edən qərar qəbul edib. İsrail bunu Fələstinə təzyiq etmək imkanı kimi görür”, deyə Ərdoğan qeyd edib.

O həmçinin bir həftə ərzində Rusiyadan “S-400” zenit-raket komplekslərinin tədarükü ilə bağlı məsələnin həll olunacağını vurğulayıb.

“YPG-nin (PKK terror təşkilatının Suriya qanadı olan PYD-nin silahlı gücü - red.) Suriya Xalqları Konqresində olmasına İran da qarşıdır. Biz kürdləri təmsil edənlərin siyahısını Rusiyaya vermişik”.Bunu Türkiyənin Xarici İşlər Nazirliyinin başçısı Mövlud Çavuşoğlu NTV telekanalının efirində deyib.

Türkiyə Silahlı Qüvvələrinin həyata keçirməyi planlaşdırdığı Afrin əməliyyatına toxunan Çavuşoğlu bildirib ki, Afrinə girmək üçün orada hansısa ölkənin hərbçilərinin olub-olmaması şərt deyil.

 

“Əsəd bizim üçün təhdid deyil” - Ankara əsas təhlükəni AÇIQLADI

 

“Bəşər Əsədin Suriyanı birləşdirə bilməyəcəyini düşünürük”. Bunu Türkiyənin Xarici İşlər Nazirliyinin başçısı Mövlud Çavuşoğlu NTV telekanalının canlı efirində deyib.

“Rejim və müxalifət qruplarının bir uzlaşma əldə etməsi önəmlidir. Amma Bəşər Əsədin Suriyanı birləşdirə bilməyəcəyini düşünürük. Eyni zamanda, Əsədin bir keçid hökumətində Suriyanı seçkilərə hazırlaya bilməyəcəyini düşünürük”, - o bildirib.

Xatırdadaq ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan noyabrın 22-də Soçidə Rusiya və İran prezidentləri ilə üçtərəfli görüşdən sonra Suriya lideri Bəşər Əsədlə əməkdaşlığın bərpasını istisna etmədiyini bildirib.

 

Çavuşoğlu: “Əsəd Suriyanı birləşdirə bilməyəcək”

 

Rusiya prezidenti Vladimir Putinin Rusiya Silahlı qüvvələrinə Suriyadan çıxması ilə bağlı əmr verməsi Türkiyənin Afrinə hücumunu tezləşdirə bilər. 2012-ci ildən bu yana PYD-nin (PKK terror təşkilatının Suriya qanadı - red.) nəzarətində olan Afrində hazırda 300-dən çox Rusiya hərbçisi var.

Türkiyə KİV-inin yazdığına görə, prezident Rəcəb Tayyib Ərdoğanın “bir gecə qəfil gələ bilərik” sözləri ilə xəbərdarlığını etdiyi Afrin əməliyyatı hər an başlaya bilər.

 

Putindən “Mehmetcik” üçün YAŞIL İŞIQ: Hücum hər an BAŞLAYA BİLƏR

 

İstanbulda böyük qətliama səbəb olacaq terror hücumun qarşısı Milli İstihbarat Təşkilatı (MİT) və polisin birgə əməliyyatı ilə alınıb. Dünən Bahçelievlərdə keçirilən əməliyyatla park halında olan avtobusda 60 kiloqram bomba ələ keçirilib.

İlk araşdırmalardan sonra bombaların RDX, PENT və HMX tipli olduğu müəyyən edilib. NATO arsenalında olan bombaların PKK tərəfindən asanlıqla əldə edilməsi diqqət çəkir.

 

İstanbul havaya UÇURULACAQDI - NATO-dan XAİN ADDIM

 

Rəsmi Ankaranın kəskin narazılığından sonra ABŞ Prezidenti Donald Trampın Milli təhlükəsizlik məsələləri üzrə müşaviri Herbert Makmaster qalmaqala səbəb olan çıxışı barədə danışıb. Makmaster Türkiyə ilə güclü ittifaqa inandığını bildirib.

Qeyd edək ki, Herbert Makmaster Türkiyənin radikal qruplara dəstək verdiyini və ABŞ-ın dekabrın 18-də qəbul edəcəyi Milli Təhlükəsizlik Strategiyasında bunun əks olunacağını qeyd etmişdi. Türkiyə isə bu açıqlamaya sərt reaksiya göstərmişdi.

ABŞ prezidenti Donald Trampın Yerusəlimi İsrailin paytaxtı kimi tanımaq qərarı Yaxın Şərqdə vəziyyətin nizamlanmasına kömək etmir. Bunu Rusiya prezidenti Vladimir Putin Ərdoğanla görüşdən sonra keçirilən birgə mətbuat konfransında deyib.

“Həm Rusiya, həm də Türkiyə hesab edirlər ki, ABŞ rəhbərliyinin Yerusəlimi İsrailin paytaxtı kimi tanımaq və səfirliyini oraya köçürmək qərarı Yaxın Şərqdəki vəziyyətin nizamlanmasına kömək etmir. Bu, əksinə, Yaxın Şərqdə onsuzda mürəkkəb vəziyyəti daha da gərginləşdirə, Fələstin-İsrail sülh prosesinə xətt çəkə bilər”, - deyə Putin vurğulayıb.

Dekabrın 13-də İstanbulda İslam Əməkdaşlıq Təşkilatının fövqəladə iclası keçirilib. Toplantının sonunda yekun Bəyannamə qəbul edilib. Bəyannamədə Şərqi Qüds Fələstinin paytaxtı elan edilib. Təşkilat dünya ölkələrini işğal altındakı Şərqi Qüdsü Fələstinin paytaxtı kimi tanımağa çağırıb.

 

İƏT Şərqi Qüdsü Fələstinin paytaxtı elan etdi (YENİLƏNDİ)

 

Avropa İttifaqı ölkələrinin siyasi liderləri ABŞ Prezidenti Donald Trampın Qüdsün statusu ilə bağlı kursundakı son dəyişikliklərlə razılaşmayıblar. Bu barədə Avropa Şurasının sədri Donald Tusk danışıb.

Tusk Brüsseldə keçirilən sammitdə iştirak edən 28 ölkə adından Avropa Birliyinin Qüds məsələsində mövqeyinin dəyişməz olaraq qaldığını qeyd edib.

Fələstin BMT-nin tamhüquqlu üzvü olmaq üçün BMT-yə müraciət etmək niyyətindədir. Bunu Fələstin lideri Mahmud Abbas İstanbulda keçirilən İslam Əməkdaşlıq Təşkilinin (İƏT) fövqəladə sammitinin nəticələrinə görə təşkil olunan mətbuat konfransında bildirib.

“Suriya üzərində Rusiya təyyarələrinin vurula biləcəyi barədə Pentaqonun nümayəndəsinin bəyanatı çox təhlükəlidir. Bu “özünüz getməsəniz, vurub çıxardacağıq” şəklində son xəbərdarlıqdır”.

Bunu ABŞ-ın Hərbi-Hava Qüvvələrinin mərkəzi komandanlığının nümayəndəsi Demyen Pikartın bəyanatını şərh edən siyasi ekspert Aleksandr Neykropnıy “Planet Today” portalında yazıb.

Aleksandr Neykropnıy hesab edir ki, ABŞ Suriyada Rusiya qoşunlarına hücüm etməyə səylə hazırlaşır.

 

“Rusları öldürmək istəmirik, amma...” - ABŞ Rusiya ilə müharibənin ANONSUNU VERDİ

 

Rusiya prezidenti Vladimir Putin dekabrın 11-də Suriyaya səfər edib.V. Putini Xmeymim aviabazasında Suriya prezidenti Bəşər Əsəd, Rusiyanın müdafiə naziri Sergey Şoyqu və Suriyadakı Rusiya hərbi qüvvələrinin komandanı Sergey Surovikin qarşılayıb.

Dekabrın 11-dəRusiya prezidenti Vladimir Putin Rusiya hərbi qüvvələrinin Suriyadan çıxarılmasına başlanması barədə əmr verib.Suriyaya səfər edən V. Putin bu haqda Xmeymim hərbi bazasında hərbçilər qarşısında çıxışında bəyan edib.

"Müdafiə nazirinə, Baş Qərargah rəisinə Rusiya qoşun qruplaşmalarının çıxarılmasına başlanmasını və daimi dislokasiya məntəqəsinə göndərilməsini əmr edirəm", - deyə Vladimir Putin çıxışında bildirib.

Putin Rusiya hərbçilərinin Suriyadan vətənə qələbə ilə döndüyünü vurğulayıb: "Bundan sonra terrorçular Suriyada başlarını qaldırsalar, onlara yenidən zərbələr endirəcəyik".

Qeyd edək ki, Rusiya Hava Kosmik Qüvvələri 2015-ci ilin sentyabrın 30-dan Suriyada terrorçulara qarşı əməliyyatlarda iştirak edir.

Rusiya prezidenti Vladimir Putin Suriyanın Tartus şəhərindəki hərbi dəniz bazasının genişləndirilməsi ilə bağlı müqaviləni Dövlət Dumasına təqdim edib. Bu haqda Kremlin mətbuat xidmətindən bildirilib.

Rusiya ilə Suriya arasında imzalanan 49 illik razılaşmada hərbi-dəniz bazasının genişləndirilməsi nəzərdə tutulur

“Suriyanı tərk edəcək Rusiya hərbi qulluqçularının bir hissəsi yəqin ki, Ukraynanın şərqində döyüş əməliyyatları zonasında olacaq”. Bu haqda “İnformasiya müqaviməti” qrupunun koordinatoru, Ukrayna Ali Radasının (“Xalq cəbhəsi” fraksiyası) üzvü Dmitri Tımçuk deyib.

 

Rusiyanın Donbasla bağlı planı AÇIQLANDI

 

Rəsmi Vaşinqton Suriya Prezidenti Bəşər Əsədi 2021-ci ilədək hakimiyyətdən uzaqlaşdırmaq niyyətində deyil. "The New Yorker" jurnalının avropalı və amerikalı rəsmilər arasında olan mənbələrinin ötürdüyü məlumata əsasən, Donald Tramp administrasiyası Suriyada 2021-ci ildə keçiriləcək növbəti prezident seçkilərinə qədər Prezident Bəşşar Əsədin hakimiyyətini qəbul etməyə hazırdır.

"Bu qərar hər dəfə Əsədin istefasının sülh yolu ilə nizamlanmanın əsas elementlərindən biri olmasının zəruriliyini vurğulayan ABŞ-ın geriyə addım atmasıdır", - nəşr vurğulayıb.

Məqalədə bildirilir ki, Moskvanın Bəşər Əsədi hava dəstəyi ilə təmin etməsi dönüş nöqtəsi olub və Suriya prezidentinin hakimiyyətini qorumasına imkan verib.

Jurnalın mənbələrinin məlumatına görə, ABŞ rəsmiləri həmçinin B.Əsədin 2021-ci ildə Suriyada keçiriləcək seçkiləri də bu və ya digər yolla qazanacağından və hakimiyyətdə qalacağından narahatdır.

ABŞ qoşunlarını Suriyadan çıxarmağı planlaşdırmır. Bunu Ağ Evin sözçüsü Sara Sanders bəyan edib. Onun sözlərinə görə, Vaşinqton İraq və Suriyada terrorçularla mübarizəni davam etdirmək niyyətindədir.

“Rusiya güclərinin Suriyadan çıxarılması ABŞ-ın bu ölkə ilə bağlı prioritetlərinə təsir etməyəcək”.Bunu Rusiya prezidenti Vladimir Putinin bugünkü əmrini şərh edən ABŞ Müdafiə Nazirliyinin (Pentaqon) Yaxın Şərq üzrə nümayəndəsi Erik Pahon deyib.

“Rusiya qoşunlarının Suriyadan çıxarılması haqqında xəbərlər kontingentin real ixtisarını nəzərdə tutmurlar. Bu, ABŞ-ın Suriya ilə bağlı prioritetlərinə təsir etməyəcək”, - Pahon bildirib.

O, əlavə edib ki, qlobal koalisiya Suriyada işləməyə davam edəcək.

Livanın “Hizbullah” şiə təşkilatı bütün müttəfiqlərini İsrailə qarşı birləşməyə çağırıb. “Hizbullah” lideri Həsən Nəsrullah ilk hədəflərinin Qüds və Fələstin olduğunu bildirib.

Həsən Nəsrullahın sözlərinə görə, Qüds addımı İsrailin sonunun başlanğıcı olacaq.

Xatırladaq ki, İsrail 11 il əvvəl Livana hücum edəndə “Hizbullah”ın güclü müqaviməti ilə qarşılaşıb və bir müddət sonra geri çəkilməyə məcbur olub. “Hizbullah” son olaraq Suriyadakı vətəndaş müharibəsində İranla birlikdə rejim qüvvələrini dəstəkləyib.

“Hizbullah”ın 2006-cı ildə 33 min raketinin olduğu təxmin edilirdi. Döyüş təcrübəsini xeyli artıran təşkilatın əlində hazırda təxminən 150 min raketin olduğu bildirilir.

İsrail Baş naziri Benyamin Netanyahu Brüsselə səfərini yarımçıq kəsərək, geri dönüb. Bu barədə informasiyanı “Anadolu” agentliyi yayıb. Avropa Komissiyasının rəhbəri Jan Klod Yunker və Avropa Birliyinin xarici işlər nazirləri ilə görüş üçün Brüsselə gedən Netanyahu burada heç bir dəstək ala bilməyəcəyini dəqiqləşdirdikdən sonra Yunkerlə görüşünü ləğv edərək, ölkəsinə qayıdıb.

Netanyahu Brüsseldə yalnız Avropa Komissiyasının Təhlükəsizlik və Xarici Siyasət üzrə komissarı Federika Moqerini ilə görüşüb. Görüşdən sonra Moqerini AB-nin ABŞ kimi addım atmayacağını söyləyib. Netanyahunun kəskin qərar qəbul etməsinə də məhz bu məsələ səbəb olub.

Qeyd edək ki, Netanyahu AB-yə 22 ildən sonra ilk dəfə rəsmi səfər edib.

İran Livanda müasir raket mərkəzi qurur. Bu haqda Səudiyyə Ərəbistanın xəbər portalı “Elaph”a müsahibəsində İsrailin Kəşfiyyat naziri Yisrael Katz bildirib.

“İran Livanda müasir raket mərkəzi inşa edir. Bu, bizim “qırmızı xətt”imizdir. Nəyin bahasına olursa-olsun, buna icazə verməyəcəyik. Hərbi müdaxilə ilə buna mane olacağıq, eynilə Suriyada olduğu kimi. Daha geniş və güclü bir hücum olacaq, bu dəfə bütün Livan hədəf alınacaq”, - o bildirib.

 

“Ölkəni daş dövrünə qaytaracağıq!” – İsraildən MÜHARİBƏ ELANI

 

ABŞ-ın vitse-prezidenti Maykl Pensin İsrailə planlaşdırılan səfəri qeyri-müəyyən müddətə təxirə salınıb. İsrail mediasının yazdığına görə, səfərin ABŞ Konqresində vergi islahatı ilə bağlı müzakirələrlə əlaqədar təxirə salındığı bildirilir.

Daha əvvəl isə Fələstin lideri Mahmud Abbas Maykl Penslə görüşməyəcəyini açıqlayıb.

ABŞ İrana qarşı koalisiya yaratmaq niyyətindədir. Bu barədə ABŞ-ın BMT-dəki daimi nümayəndəsi Nikki Heyli danışıb.

“Görəcəksiniz, İrana və etdiklərinə qarşı mübarizə üçün koalisiya yaradılacaq”, - Heyli deyib.

Heyli həmçinin İranın raket istehsalı barədə BMT qətnamələrinin tələblərini pozduğunu bildirib.

Rusiya, ABŞ, Qərb-Rusiya münasibətləri

Dekabrın 11-də Rusiya Federal Təhlükəsizlik Xidməti (FTX) Moskva regionunda genişmiqyaslı terror aktları həyata keçirməyi planlaşdıran kamikadzelər qrupunu zərərsizləşdirib. Bu haqda Milli terrorçuluğa qarşı komitənin sədri Aleksandr Bortnikov bildirib.

Onun sözlərinə görə, terror aktlarının Yeni il və prezident seçkiləri (2018-ci ilin martında – red.) ərəfəsində həyata keçirilməsi planlaşdırılırdı. Bortnikov qeyd edib ki, qrupun tərkibinə Mərkəzi Asiyadan gəlmələr daxil idi.

Terrorçulardan əldəqayırma partlayıcı qurğular, həmçinin odlu silah-sursatlar götürülüb. FTX həmçinin terror aktlarında istifadə ediləcək vasitələrinin istehsalı üzrə laboratoriyanı məhv edib






Fikirlər