QARABAĞın “QAYNAR YAYI” – Nalbəndyanın son sərsəmləməsi NƏDƏN XƏBƏR VERİR?!

Ermənistanın xarici işlər naziri Edvard Nalbəndyan başa çatmaqda olan ilin yekunlarından danışıb. O, daha çox Qarabağ probleminə toxunub.

Musavat.com-un erməni qaynağına istinadən verdiyi məlumata görə, “dəsmalı ağrıyan başdan ağrımayan başa bağlayan” nazir yenə öz xalqını çaşdırmağa çalışıb. Konfliktin bu günədək həllini tapmamsının yeganə səbəbini “illərdir Azərbaycanın qeyri-konstruktiv” mövqe tutması ilə izah edib.

Nalbəndyanın növbəti sərsəmləmələrindən bir daha qənaət hasil olur ki, Ermənistanın hazırkı rəhbərliyindən ötrü “konstruktiv danışıqlar” anlayışı tamamən fərqli anlam daşıyır, münaqişənin dinc yolla həlli yalnız “Dağlıq Qarabağ xalqının öz müqəddəratını azad təyin etməsi” halında mümkün hesab edilir. Belə çıxır ki, bundan qeyri həll yolunu İrəvan heç vaxt qəbul etməyəcək.

Yəni faktiki şəkildə Nalbəndyan gələn ildə işğalçı ölkənin indiki təxribatçı və maksimalist mövqedə qalacağının və müharibənin anonsunu vermiş olub. Çünki təkcə erməni siyasi elitası deyil, beynəlxalq birlik də bilir ki, Azərbaycan öz ərazisində ikinci erməni dövlətinin yaradılmasına izn verməyəcək. Bunu etsəydi, 24 ildə edərdi. Ərazi bütövlüyünüz üzərində israr - bizim beynəlxalq hüquqla təsbit edilmiş müstəsna hüququmuzdur və onu kimsəyə bağışlamağa və ya güzəştə getməyə hazırlaşmırıq.

Bunu bilə-bilə, Ermənistan XİN rəhbəri, məsələn, iddia edir ki, guya Bakı ATƏT-in Minsk Qrupu həmsədrlərinin adından hansısa uydurma təkliflər təqdim edir, danışıqlar prosesini təhrif edir. “Qarabağ konfliktinin nizamlanması prosesi əlbəttə ki, uzun prosesdir. Niyə biz hansısa nəticəyə gələ bilmirik? Mən Vyanadakı çıxışımda da dedim: 9 səbəb var. Məhz Azərbaycan tərəfindən irəli sürülən bu 9 səbəb bizim irəli getməyimizə mane olur. Halbuki Vyanada Rusiya, ABŞ və Fransa xarici işlər nazirləri səviyyəsində bəyan edildi ki, danışıqlar prosesinin əsası üçün konkret təkliflər var. Onlar üç əsas həll prinsipi təklif edirlər. Bu prinsipləri bilirsiniz - ərazi bütövlüyü, xalqların öz müqəddəratını təyinetmə hüququ və güc tətbiq etməmək və ya güclə hədələməmək. Biz münaqişənin bu prinsiplər üzrə həllinə sadiqik. Mən azərbaycanlı həmkarımdan (Elmar Məmmədyarov – red.) soruşdum ki, siz də bu prinsiplərə sadiqliyinizi təsdiqləyə bilərsinizmi? Çünki vaxt var idi, Azərbaycan həmin prinsiplərlə razılaşmışdı”, - deyə erməni diplomatı iddia edib.

Nalbəndyanın sözlərinə görə, həmsədrlərin irəli sürdüyü sənəddən hansısa birini götürüb xüsusi seçdirmək olmaz. “Çünki bu paket həll variantıdır. Orada çox mühüm bir təklif var: Dağlıq Qarabağın yekun status Dağlıq Qarabağ xalqının öz müqəddəratını təyinetməsi əsasında müəyyən edilməlidir. Özü də müqəddəratı təyin etmə azad şəkildə həyata keçməli, beynəlxalq hüququ qüvvəyə malik olmalı və o cümlədən Azərbaycan üçün də məcburi xarakter daşımalıdır”, - deyə Ermənistan XİN başçısı əlavə edib.
***** 
Necə deyərlər, erməni tərəfinin iştahasına söz ola bilməz. Elə bu iştaha üzündən də problem illərdir həllini tapmır. Əgər danışıqların sonu referendum və ya başqa bəhanə altında Dağlıq Qarabağın Azərbaycandan ayrılması ilə bitəcəksə, Azərbaycan niyə də bu danışıqlarda iştirak eləməlidir ki? Bəs verdiyimiz on minlərlə şəhid?

Yeri gəlmişkən, erməni tərəfinin iddia elədiyi və hələ ki, tərəflərin rəsmən qəbul eləmədiyi sənəddə referendum haqda deyilir ki, o, tərəflərin qarşılıqlı razılığı əsasında hüququ akta anlamı daşıya bilər. Yəni Azərbaycan razılıq verməsə, referendumun anlamı qalmır. Ona qalsa, separatçı bölgədə iki dəfə “müstəqillik” referendumu keçirilib. Biz hələ onu demirik ki, hətta referendum keçirilsə belə, orada Dağlıq Qarabağın azərbaycanlı əhalisinin iştirakı labüddür. 
Edvard Nalbəndyanın gerçəyi baş-ayaq təqdim edən sayıqlamalarından isə bir daha belə nəticə hasil olur ki, Ermənistan güzəşt deyəndə problemin birdəfəlik

(paket) həllini və Dağlıq Qarabağın qarşılığında bir neçə rayonu qaytarmağı nəzərdə tutur. Başqa sözlə, konstruktivlik deyərkən Azərbaycanın beynəlxalq səviyyədə tanınmış torpaqlarının bir hissəsini (6,5 rayon) başqa bir hissəsi ilə (Dağlıq Qarabağla) dəyişməyi nəzərdə tutur. Yəni bizim halal torpaqlarımız üzərində bizim özümüzlə alver qurub cırtdan Ermənistanın ərazisini böyütməyə ümid edir.

Sözsüz ki, Azərbaycan heç vaxt belə avantüraya getməz. Son olaraq, Azərbaycan prezidentinin müşaviri Əli Həsənov bu günlərdə İsrail nəşrinə verdiyi müsahibədə rəsmi Bakının mövqeyini, məsələnin həllinə baxışını ifadə edərək bildirdi ki, Dağlıq Qarabağa yalnız Azərbaycanın tərkibində ən yüksək status – muxtar respublika statusu verilə bilər.

Bu, Azərbaycan üçün “qırmızı xətt”dir və onu keçəcək heç bir siyasi qüvvə bizim ölkədə yoxdur, olmayacaq. Üstəlik, konfliktin nizamlanması erməni tərəfinin iddia elədiyi kimi, paket yox, mərhələli həll şəklində mümkündür. İşğalçı tərəf nə qədər bu gerçəyi tez qəbul eləsə, bir o qədər tez danışıqlar prosesində ümidverici canlanma yarana bilər, özü isə izolyasiya rejimindən tez qurtular. Əks halda, İrəvan sülhün alternativi olan müharibəni yaxınlaşdırmış olacaq. 
*****
Əgər danışıqlar prosesində aktivlik olmasa, o zaman gələn ilin yayında hərbi əməliyyatlar bərpa oluna bilər”. Musavat.com xəbər verir ki, bunu Azərbaycanın sabiq xarici işlər naziri Tofiq Zülfüqarov deyib.

Qarabağ problemi bu il də həll olunmamış qaldı. Ona görə ki, Ermənistan konstruktiv mövqe tutmur. İrəvan mövqeyini dəyişməyincə, situasiya da dəyişməyəcək. Ermənistanın siyasi elitası və ictimaiyyəti əslində başa düşür ki, Qarabağ siyasəti dəyişikliyə məruz qalmalıdır və yalnız bu halda sülh prosesində tərəqqi mümkündür” - keçmiş diplomat qeyd edib.

Onun sözlərinə görə, münaqişənin nizamlanması təkcə Azərbaycandan asılı məsələ deyil. “Qarşı tərəf konstruktiv mövqe göstərməlidir ki, Azərbaycan öz maraqlarının müdafiəsində irəliləyişə nail ola bilsin. Ermənistan isə buna meylli görünmür. Odur ki, Bakı öz tərəfdarlarının arıtmaqla aktiv xarici siyasət kursunu davam etdiməlidir. Ən əsası - dövlətçiliyi və müdafiə mexanizmlərini möhkəmləndirməliyik. Əgər Qarabağa dair danışıqlar prosesində fəallıq olmasa, o zaman 2018-ci ilin yayında təmas xəttində toqquşmaların intensivliyi artacaq və hərbi əməliyyatların bərpa ehtimalı yaranacaq”, – deyə T.Zülfüqarov sonda əlavə edib.  

Musavat.com

 






Fikirlər