Həmsədrləri deyil, yanaşmanı dəyişmək - Qarabağda sülhün ƏSAS ŞƏRTİ

Böyük müharibədən qaçmağın yolu daimi və ədalətli sülh anlaşmasıdır, nəinki müvəqqəti və məcburi atəşkəs; Dağlıq Qarabağ probleminin həllində açar söz - “işğal”dır, “kompromis” yox; politoloq: “Ermənilər hazırda başlarını iki sual üzərində sındırırlar...”

ABŞ ATƏT-in Minsk Qrupundakı səfirini yenilədi. Cəmi 8 ay həmsədr postunda işləyən Riçard Hoqlandı bundan sonra Endrü Şofer əvəzləyəcək. Dövlət Departamentinin bununla bağlı yaydığı məlumatda deyilir ki, “Cənab Şofer Avropada və beynəlxalq təşkilatlarda qazandığı böyük iş təcrübəsini özü ilə birlikdə bu vəzifəyə gətirəcək”.

“Birləşmiş Ştatlar əvvəlki kimi qəti şəkildə Minsk Qrupu prosesinə və Dağlıq Qarabağ münaqişəsinin dinc yolla və davamlı nizamlanmasına müvəffəq olmaqda tərəflərə kömək göstərməyə tərəfdardır”, - deyə ABŞ xarici siyasət idarəsinin bəyanatında qeyd olunur. O da bildirilir ki, rəsmi Vaşinqton Qarabağ münaqişəsinin beynəlxalq hüququn, o cümlədən Helsinki Yekun Aktının norma və prinsipləri əsasında ədalətli həllini dəstəkləyir. “ABŞ Endrü Şofer tərəflərin bu məqsədə çatmalarına kömək etməyə ümid bəsləyir” - sənəddə bildirilir.

Bu ümidlərin nə dərəcədə reallaşacağını isə yəqin ki, zaman göstərəcək. Ancaq hələ ki nikbinlik üçün ciddi əsas görünmür. Çünki Güney Qafqazın ən “uzunömürlü” konfliktinin nizamlanması üçün indiyədək edilən təşəbbüslərin heç biri real dönüşə gətirməyib. Əsas səbəb də işğalçı Ermənistanla bu günədək işğalçı kimi davranılmaması, hətta onu razı salmağa çalışılmasıdır; yaxud münaqişə tərəflərinə bərabər gözlə baxılmasıdır.

Əgər belə yanaşma davam edəcəksə, o zaman yeni həmsədrin səyləri də əvvəlkilər tək boşuna gedəcək. Dağlıq Qarabağa dair danışıqlarda pozitiv dəyişiklik əlçatmaz olaraq qalacaq. Çünki Azərbaycan heç vaxt öz torpaqlarının siyasi alver (mübadilə) predmeti olmasına razılıq verməyəcək.

*****

Qısası, Qarabağ münaqişəsinin nizamlanmasından ötrü həmsədrləri yox, mövcud yanaşmanı dəyişmək lazımdır. Problemin həllində açar söz də nə status məsələsidir, nə də “kompromis”, açar söz - əlbəttə ki, “işğal”dır. Münaqişə zonasında yeni və daha böyük hərbi toqquşmadan qaçmağın tək yolu məhz bu faktdan çıxış edib də Azərbaycanın beynəlxalq hüquqla təsbit edilmiş ərazi bütövlüyü məsələsini öndə tutmaqdır. Yalnız bu yolla müharibəni həmişəlik istisna edən daimi sülhə çatmaq mümkündür, nəinki müvəqqəti və kövrək atəşkəs rejimi ilə.

Bundan ötrü təbii ki, işğalçı tərəfə - Ermənistana öz layiqli yeri göstərilməlidir. Məhz həmsədrlər öz dövlətləri adından İrəvana anlatmalıdırlar ki, əgər rəsmi İrəvan öz xalqı üçün gerçəkdən də daimi və ədalətli sülh arzusundadırsa, Ermənistanın, erməni xalqının tərəqqisini və rifahını istəyirsə, nəhayət, konstruktiv mövqe tutmalı, ölkəmizə qarşı qeyri-mümkün tələblərdən əl götürməli, Azərbaycan torpaqlarını Azərbaycan torpaqlarına dəyişib “sülhə nail olmaq” kimi xülyadan əl çəkməlidir.

Təəssüf ki, cinayətkar Sərkisyan rejiminin hakimiyyətdə olduğu Ermənistan konstruktivliyi yaxına buraxmaq niyyətində deyil. Əksinə, hətta erməni ictimai şuruna işğal altındakı ərazilərin “azad olunmuş ərazilər” kimi sırınması yönündə absurd və təhlükəli təbliğat davam edir. Aydındır ki, belə təbliğat davam etdikcə, Ermənistanı həqiqi sülhün vacibliyinə inandırmaq azan olmayacaq - hərçənd, erməni ictimai fikrində adekvat düşünənlər də var.

Lakin onlar azlıqda olduğu üçün situasiya dəyişməz qalır. Onların çoxluqda - dominant olması isə həm də vasitəçi dövlətlərin İrəvana təsirindən asılıdır. Bu da, təkrar edirik, Ermənistanın konfliktdəki işğalçı statusunu daim rəsmi İrəvana anlatmaqdır. Sözsüz ki, bu yöndə çox şey Ermənistanın əsas havadarı Rusiyadan asılı olaraq qalır.

*****

Lakin bəzi siyasi müşahidəçilərə görə, bu istiqamətdə xəfif də olsa müəyyən müsbət dinamika sezilməkdədir.

“Ermənistan illərdir işğal etdiyi Azərbaycan torpaqlarını qaytarmayacağına arxayın idi və bu yolda Rusiyaya ümid edirdi, ancaq bu ümidlər artıq puç olur”. Bu barədə axar.az-a açıqlamasında politoloq İlqar Vəlizadə danışıb. Konfliktoloq müharibə başlayacağı təqdirdə Rusiyanın açıq-aşkar ermənilərə dəstək verməyəcəyini düşünür.

“İş orasındadır ki, Azərbaycan öz torpaqaqlarını işğalçılardan boşaltmaq qərarına gəlsə, burada Rusiya aciz olacaq və birbaşa müdaxilə edə bilməyəcək. Eyni zamanda danışıqlar prosesində mərhələli həll planından daha çox danışılır. Bu isə erməni cəmiyyətində illərlə möhkəmlənən fikirləri sarsıtmağa başlayıb. İrəvan bu və ya digər şəkildə yaranmış vəziyyətdə nəsə etməyə çalışır. Ermənistan rəsmiləri və siyasi fəalları artıq açıq şəkildə dilə gətirirlər ki, torpaqları Azərbaycana qaytarsınlar və bunun qarşılığında Dağlıq Qarabağın ”müstəqilliyi" tanınsın. Fikir verin, əvvəllər bu fikirləri çox səsləndirmirdilər. Beynəlxalq ictimaiyyət və həmsədrlərin son açıqlamaları da göstərir ki, bu varinat predmetli şəkildə müzakirə edilir və danışıqların növbəti mərhələsində konkret göstərilməlidir. Həmsədrlər çox yaxşı başa düşürlər ki, Azərbaycanın tələbi nəzərə alınmadan danışıqlar prosesini aparmaq olmaz" - politoloq qeyd edib.

Onun sözlərinə görə, bu fonda Ermənistan cəmiyyəti hazırda böyük təşviş içərisindədir və ölkə rəhbərliyinə qarşı tələblər güclənir. “Ermənilər hazırda başlarını iki sual üzərində sındırırlar: Ermənistan bu 25 il ərzində nəyə nail oldu və bu mübarizə, verilən itkilər nəyə lazım idi? Bax, bu suallar açıq olaraq qalır”, - deyə o əlavə edib.

*****

Doğrudan da, bu gün erməni toplumunun cavab tapmalı olduğu əsas sual budur ki, ötən müddətdə o, iztirablar, kütləvi emiqrasiya, səfalət və blokadadan başqa nəyə nail olub? Məgər hələ də aydın deyilmi ki, kriminal Sərkisyan rejimi - hakimiyyəti 19 ildir zəbt eləmiş “Qarabağ klanı”, “müharibə partiyası” ölkəni və erməni xalqını hara aparır? Şərin yarısından da qayıtmaq xeyirdir deyirlər. Qayıdacaqlarmı?






Fikirlər