Prezident bir sıra ölkələrin yeni SƏFİRlərinin etimadnamələrini qəbul etdi - FOTOLAR (YENİLƏNDİ)

Prezident bir sıra ölkələrin yeni səfirlərinin etimadnamələrini qəbul etdi - FOTOLAR

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 8-də Bosniya və Herseqovinanın ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Bakir Sadoviçin etimadnaməsini qəbul edib.

Səfir Bakir Sadoviç fəxri qarovul dəstəsinin qarşısından keçdi.

Bakir Sadoviç etimadnaməsini Prezident İlham Əliyevə təqdim etdi.

Sonra Azərbaycan Prezidenti İlham Əliyev səfirlə söhbət etdi.

Söhbət zamanı ölkələrimiz arasında yüksək səviyyəli görüşlərin əhəmiyyəti qeyd edildi, ikitərəfli münasibətlərimizin çox yaxşı səviyyədə olduğu bildirildi, dostluq əlaqələrinin daha da möhkəmləndirilməsinin önəmi vurğulandı.

Görüşdə, həmçinin Azərbaycanın Bosniya və Herseqovinanın aqrar sənayesinə investisiya qoyuluşunun, sosial və humanitar layihələrə dəstəyinin Bosniya və Herseqovinada yüksək qiymətləndirildiyi qeyd olundu.

***

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 8-də Ekvatorial Qvineyanın ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Xose Esono Miça Akenqin etimadnaməsini qəbul edib.

Səfir Xose Esono Miça Akenq fəxri qarovul dəstəsinin qarşısından keçdi.

Xose Esono Miça Akenq etimadnaməsini Prezident İlham Əliyevə təqdim etdi.

Sonra Azərbaycan Prezidenti İlham Əliyev səfirlə söhbət etdi.

Dövlətimizin başçısı İlham Əliyev Xose Esono Miça Akenqin Azərbaycana bu səfərinin ikitərəfli əlaqələrimizin inkişafı baxımından əhəmiyyətli olacağına və onun Bakıda olarkən ölkəmizin müvafiq qurumlarının rəhbərləri ilə görüşləri zamanı əməkdaşlığımızın perspektivlərinin müəyyənləşdiriləcəyinə ümid etdiyini bildirdi.

Səfir ölkələrimizin neft və qaz istehsalçısı olduğunu vurğulayaraq diplomatik fəaliyyəti dövründə əməkdaşlığın inkişafı üçün səylərini əsirgəməyəcəyini dedi.

Görüşdə ölkələrimiz arasında əvvəllər mövcud olan əlaqələrin bərpa edilməsinin önəmi vurğulandı, müxtəlif istiqamətlərdə, xüsusilə də enerji, təhsil, sərmayə qoyuluşu, idxal-ixrac sahələrində və digər sahələrdə əməkdaşlığımızın inkişaf etdirilməsinin vacibliyi bildirildi.

***

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 8-də Nigeriyanın ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Hamzat İbrahimin etimadnaməsini qəbul edib.

Səfir Hamzat İbrahim fəxri qarovul dəstəsinin qarşısından keçdi.

Hamzat İbrahim etimadnaməsini Prezident İlham Əliyevə təqdim etdi.

Sonra Azərbaycan Prezidenti İlham Əliyev səfirlə söhbət etdi.

Dövlətimizin başçısı Nigeriyanın Azərbaycan üçün qardaş ölkə olduğunu vurğulayaraq ölkələrimizin beynəlxalq səviyyədə, BMT və İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində bir-birini dəstəkləməsinin əhəmiyyətini qeyd etdi. Azərbaycanın İslam həmrəyliyi işinə verdiyi töhfəni vurğulayan Prezident İlham Əliyev bununla bağlı ölkəmizdə bir sıra mühüm tədbirlərin keçirildiyini bildirərək, ötən ilin ölkəmizdə “İslam Həmrəyliyi İli” elan olunmasının və Bakıda İslam Həmrəyliyi Oyunlarının keçirilməsinin əhəmiyyətini qeyd etdi. Siyasi əlaqələrin çox yaxşı səviyyədə olduğunu deyən dövlətimizin başçısı, eyni zamanda, qarşılıqlı ticarətin səviyyəsinin artırılması, investisiya qoyuluşu, biznes sahəsində əməkdaşlıq imkanlarının müəyyən edilməsinin önəmini vurğuladı və bu baxımdan iki ölkə arasında müxtəlif səviyyəli nümayəndə heyətlərinin qarşılıqlı səfərlərinin zəruriliyini bildirdi.

Səfir Hamzat İbrahim Nigeriya Prezidenti Məhəmməd Buxarinin salamlarını dövlətimizin başçısına çatdırdı. Hamzat İbrahim ölkələrimiz arasında möhkəm siyasi əlaqələrin olduğunu qeyd edərək iqtisadi əməkdaşlığımızın bu səviyyəyə uyğun olmadığını dedi. O, Bakıya bu səfəri zamanı Azərbaycan rəsmiləri ilə keçirəcəyi görüşlərdə iqtisadi əlaqələrin inkişaf etdirilməsi yollarının müəyyənləşdiriləcəyini bildirdi. Ölkələrimizdə qeyri-neft sektorunun inkişaf etdirilməsi istiqamətində tədbirlərin həyata keçirildiyini vurğulayan səfir turizm, təhsil, ticarət və digər sahələrdə əməkdaşlıq üçün yaxşı imkanların olduğunu dedi.

Görüşdə əməkdaşlığımızın iqtisadi, sərmayə qoyuluşu, ticarət, müdafiə sənayesi və digər sahələrdə inkişaf etdirilməsinin vacibliyi vurğulandı və bu istiqamətdə əlaqələrimizin genişləndirilməsi üçün birgə hökumətlərarası komissiyanın yaradılmasının məqsədəuyğun olduğu qeyd edildi.

Dövlətimizin başçısı Nigeriya Prezidenti Məhəmməd Buxarinin salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını Nigeriya Prezidentinə çatdırmağı xahiş etdi.

***

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 8-də Monqolustanın ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Bold Ravdanın etimadnaməsini qəbul edib.

Səfir Bold Ravdan fəxri qarovul dəstəsinin qarşısından keçdi.

Bold Ravdan etimadnaməsini Prezident İlham Əliyevə təqdim etdi.

Sonra Azərbaycan Prezidenti İlham Əliyev səfirlə söhbət etdi.

Dövlətimizin başçısı ölkələrimiz arasında dostluq münasibətlərinin bundan sonra da uğurla inkişaf edəcəyinə ümidvar olduğunu bildirdi və qeyd etdi ki, Azərbaycan tərəfi Monqolustan hökuməti ilə qarşılıqlı maraq doğuran sahələrdə - siyasi, iqtisadi, mədəni sahələrdə gələcəkdə də birgə fəaliyyət göstərməkdə maraqlıdır. Monqolustan Prezidenti ilə bu yaxınlarda telefon danışığını məmnunluqla xatırladan Prezident İlham Əliyev söhbət zamanı qarşılıqlı maraq doğuran məsələlərin müzakirə edildiyini bildirdi və hər iki tərəfin bu vaxtadək dövlət başçıları və hökumətlər səviyyəsində fəal əlaqələrin olmamasını təəssüf hissi ilə qeyd etdiklərini vurğuladı. Dövlətimizin başçısı bildirdi ki, bu baxımdan ölkələrimizin müxtəlif qurumları - parlamentlər, nazirliklər, biznes qrupları arasında və siyasi sahədə əlaqələrin həyata keçirilməsi önəmlidir və əməkdaşlığımızın genişləndirilməsi üçün yaxşı imkanlar var.

Xoş sözlərə görə minnətdarlığını bildirən səfir, ilk növbədə, Monqolustan Prezidenti Xaltmaaqiyn Battulqanın salamlarını dövlətimizin başçısına çatdırdı və onun da Azərbaycan Prezidenti ilə telefon danışığını məmnunluq hissi ilə xatırladığını vurğuladı. İkitərəfli münasibətlərin istənilən səviyyədə olmadığını bildirən səfir əməkdaşlığımızın genişləndirilməsi üçün səylərini əsirgəməyəcəyini qeyd etdi.

Görüşdə, eyni zamanda, idxal-ixrac, müdafiə sənayesi, sərmayə qoyuluşu, təhsil, kənd təsərrüfatı və digər sahələrdə əməkdaşlıq məsələləri müzakirə edildi.

Prezident İlham Əliyev Monqolustan Prezidenti Xaltmaaqiyn Battulqanın salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını Monqolustan dövlətinin başçısına çatdırmağı xahiş etdi.  






Fikirlər