80 yaşlı İlyas İsmayılovu niyə yenidən PARTİYA SƏDRİ seçildi...
Bir neçə gün öncə Ədalət Partiyası 6-cı qurultayını keçirib. Qurultayda sabiq baş prokuror İlyas İsmayılov yenidən partiyanın sədri seçilib. Seçkilərdən əvvəl partiya sədrliyinə İlyas İsmayılovun oğlunun namizəd olacağı ilə bağlı fikirlər səslənsə də, İlyas İsmayılov tək namizəd olub. İlyas İsmayılovun yeganə namizəd olmasının səbəbi nədir? Partiyanın sədr müavini Mütəllim Rəhimli Modern.az-a bildirib ki, İlyas İsmayılıov “Ədalət”in yaradıcısıdır. “İlyas İsmayılov Azərbaycandakı fəaliyyəti dövründə və yüksək vəzifələrdə daim ədalət prinsipini gözləyib. İlyas müəllimlə çalışanlar da bunu təsdiq edir. O, Azərbaycanda çox az şəxslərdəndir ki, SSRİ rəhbərliyi fəaliyyətini xüsusi olaraq dəyərləndirib və SSRİ Prokurorluğunda işə dəvət edib. Azərbaycandan SSRİ-də yüksək vəzifələrdə işləmiş şəxslər barmaqla sayılacaq qədərdir”. M.Rəhimli deyir ki, İlyas İsmayılovun yenidən Ədalət Partiyasının sədri olmasına həm ictimai, həm də siyasi bir tələbat var. “Ona görə ki, biz qurultayda qonaqların çıxışlarından bir daha gördük ki, İlyas İsmayılov Azərbaycan müxalif düşərgəsində, ümumiyyətlə Azərbaycan siyasətində birləşdirici fiqur rolunu oynayacaq nadir şəxsdir. Bu missiyanı yalnız İlyas İsmayılov yerinə yetirə bilər. Ona görə də bu gün İlyas İsmayılovun Azərbaycan siyasətində olması, Ədalət Partiyasının sədri seçilməsi bir növ zamanın tələbi kimi səslənir. Biz partiya sədrliyinə seçkilərdə formalizmdən qaçmağa çalışdıq, ona görə də obyekltiv olaraq, situasiyanı tam dəyərləndirərək, heç kim öz namizədliyini İlyas İsmayılovun namizədliyinə qarşı qoymadı. Bu yalnız yalançı bir görüntü ola bilərdi. Çünki İlyas İsmayılovun sanbalı, siyasi, elmi dünyagörüşü, işlədiyi vəzifələr, təcrübələri, xüsusilə də dövlətçilik sahəsində yığdığı təcrübə onu deməyə əsas verir ki, Azərbaycanda ən yaxşı və cavabdeh vəzifələri tutmağa qadirdir. Ədalət Partiyası bu sırada o qədər də mühüm vəzifə sayılmır. İlyas İsmayılovun partiya sədrliyinə seçilməsi indiki zamanda tamamilə uyğun seçimdir”. M.Rəhimli deyib ki, İlyas İsmayılovun 80 yaşı olsa da, üzərinə düşən və iddia elədiyi vəzifələri yerinə yetirmək qabiliyyətindədir. “Dünya təcrübəsinə baxsaq görərik ki, 80 yaşdan yuxarı olan insanlar ölkə prezidenti seçiliblər. Ona görə də yaş faktorunu qabartmağa dəyməz. İlyas İsmayılov özünü fiziki baxımdan da yaxşı hiss edir. Eyni zamanda, o, mənəvi baxımdan da, düşüncələri baxımından da gəncdir. Ölkədə və dünyada gedən prosesləri kifayət obyektiv dəyərləndirib, real qərarlar verə bilir”.