İlyas İsmayılovdan bahalaşmaya münasibət - “Xor oxuyan vaxtım deyil”

Sabiq deputat, Ədalət Partiyasının sədri,  hüquq elmləri doktoru İlyas İsmayılov uzun müddətdir ki, mətbuatdan uzaq gəzir.

Sabiq deputatın görünməməsinin səbəbi kimi səhhətində problemlər olduğu bildirilir. 

Moderator.az olaraq İlyas İsmayılovla əlaqə saxlayıb səhhəti barədə, həmçinin, ictimai-siyasi həyatda aktiv olmamasının səbəbləri haqqında məlumat əldə etməyə çalışdıq. 
Səsindən də gümrah olduğu hiss olunan İ.İsmayılov indi yaxşı olduğunu bildirdi: “Problem hər kəsdə olur, xüsusilə də mən yaşda olan adamlarda. Olur da, keçir də. İndi yaxşıyam”. 
Sabiq deputat “Tarif Şurasının məlum qərarından sonra ölkədəki bahalaşmaya münasibətiniz necədir?” sualımızı da cavablandırdı: “Mən nə deyim, xor oxumağı sevmirəm. Hamı deyir ki, pisdir və əlbəttə ki, pisdir. Mənim xor oxuyan vaxtım deyil”. 
Xatırladaq ki, İlyas İsmayılov artıq parlametdə təmsil olunmadığı üçün ötən ildən rəhbərlik etdiyi partiyanın  maliyyəsi də kəsilib. Fürsətdən istifadə edib partiya sədrindən hazırda partiyanın maddi ehtiyaclarını necə qarşıladıqlarını də soruşduq: “Çətinliyə bacardığımız qədər sinə gəririk, partiyamızın ehtiyaclarını özümüz ödəyirk. Bizə həmişə pul vermirdilər ki, təzə başlamışdılar. Ondan qabaq çətinliklə üzləşirdik və özümüz də o çətinlikləri həll edirdik. İndi də həmin yolla gedirik”. 

 






Fikirlər