BÖYÜK GÜCLƏRİN “YORĞAN” DAVASI – BAKI və QARABAĞ üçün UNİKAL ŞANS
ABŞ və Rusiya arasında gərginlik günbəgün böyüyür. Hazırda onlar arasında Suriyaya görə toqquşma ehtimalı beynəlxalq gündəmin əsas mövzusudur. Xüsusən də rəsmi Moskvanın dəstək verdiyi Bəşər Əsədin az öncə öz xalqına qarşı növbəti dəfə kimyəvi silahdan istifadə eləməsi haqda xəbər Qərbdə, ABŞ-da qəzəb, Suriya rejimini sərt cəzalandırmaq üçün güclü motivasiya yaradıb. Siyasi təhlilçilər hazırda ən çox iki supergücün mümkün hərbi toqquşmasının doğuracağı nəticələri hesablamağa çalışırlar. Bu ərəfədə ABŞ-in “Skripal olayı”ndan sonra Putin Rusiyasına qarşı növbəti sərt sanksiyalar tətbiq eləməsi vəziyyəti daha da tündləşdirib. Rus rublu zəifləməyə başlayıb, ölkənin iqtisadiyyatı və maliyyə sistemi yeni və daha ağır itkilər və risklərlə üzləşib. Bütün bunlar yekun olaraq Moskvanın Qərblə münasibətlərini bir az da soyudub, iki güc mərkəzi arasında hərbi toqquşma riskini artırıb. Siyasi müşahidəçilərə görə, heç birinci “soyuq savaş” dövründə də iki qütb arasında münasibətlər bunca təhlükəli həddə çatmayıb. İndi hətta “üçüncü dünya savaşı”ndan danışılır. ***** Baş verənlər, sübhəsiz, Azərbaycanın yerləşdiyi Cənub, Qafqaz regionundakı vəziyyətə də təsirsiz ötüşməyəcək. Bölgə uğrunda fövqəldövlətlərin rəqabəti başqa “maraq zonaları” kimi, burada da güclənəcək və mümkündür ki, bu rəqabət savaşa keçsin. Bunu da unutmaq olmaz ki, Suriyadakı hərbi əməliyyatlar teatrı Güney Qafqazdan çox da uzaqda deyil və Qərbin hədəf aldığı Rusiya və İran bizə qonşu ölkələrdir. Bundan əlavə, strateji müttəfiqimiz Türkiyə və strateji tərəfdaş ölkə İsrail də yeni sınaqla üzləşəcək.
Aydındır ki, konfrontasiya yaşanacağı təqdirdə Bakının böyük güclər arasında ənənəvi balanslı siyasət aparması çətinləşəcək. Çünki ABŞ və Rusiya da, İran da region ölkələrindən, ilk növbədə isə strateji tərəfdaş və müttəfiq ölkələrdən daha konkret mövqe istəyə bilər. Bəs “dalaşan fillərin ayağı altında ot olmamaq” üçün Azərbaycan tarazlaşdırılmış xarici siyasət kursunu qoruyub saxlaya biləcəkmi? Analitiklərin bu yöndə diqqətçəkən gözləntiləri və xəbərdarlıqları var. ***** “Üçüncü Dünya müharibəsi olmayacaq. Bunun əvəzinə dünya müharibəsinin bütün formalarına bənzər şəkildə postsovet məkanının bölüşdürülməsi uğrunda müharibə olacaq”. Bu sözləri Axar.az-a açıqlamasında tanınmış rusiyalı politoloq Qriqori Trofimçuk deyib. Onun sözlərinə görə, ümumi böyük müharibə üçün ilkin şərt kimi hərbi baxımdan bərabər olan dünya mərkəzləri olmalıdır. “Ona görə də gələcək böyük hadisələrə hazırlaşmaq lazımdır. İlk növbədə bu hazırlığa Avrasiya məkanındakı ölkələr başlamalıdırlar. Əgər Suriyadakı situasiya tam olaraq qeyri-stabilləşsə, mənfi kütlə Qafqaz-Xəzər-Türküstan xəttinə qalxacaq. Üstəlik, kiçik olmayan Ukrayna da hər zaman bu prosesləri ”dəstəkləməyə" hazırdır. Cənubi Qafqaz bu kontekstdə stabilliyə, xüsusən də istənilən an alovlana bilən Qarabağda stabilliyə ümid etməməlidir", - deyə ekspert xəbərdarlıq edib. Onun sözlərinə görə, bu üzdən, Azərbaycan da daxil olmaqla, heç kim düşünməməlidir ki, sanksiyalar təkcə Rusiyaya təsir edəcək: “Rusiya, sadəcə olaraq, postsovet və Avrasiya məkanına rahat giriş imkanıdır. Əgər günlərin birində Rusiya üçün düzəlməsi mümkün olmayacaq bir şey baş versə, onunla eyni anda həm opponentləri, həm də dostları olan qonşuları öz müdafiələrini itirəcəklər. Ona görə Qərb sanksiyalarının təsiri tezliklə onların üzərində də müşahidə ediləcək”.
Rusiyanın bölgədə ən yaxın müttəfiqi və yeganə forpostu isə Ermənistandır. Belə çıxır, Qərb-Rusiya “yorğan” davasının “küləyi” ən çox işğalçı ölkəni vuracaq, nəinki Qərbin Rusiyadan enerji asılılığını azaltmaq üçün daha böyük önəm kəsb edəcək Azərbaycan. Bu zaman Qarabağ ixtilafının güc yolu ilə həlli üçün yeni şans pəncərəsi açıla bilər. O mənada ki, Rusiyanın başının özünə, Qərblə münasibətləri aydınlaşdırmağa qarışması Bakıya öz ərazilərini ildırım sürətli əməliyyatla, qısa zamanda azad eləmək üçün unikal fürsət yarada bilər. ***** Öz növbəsində digər rusiyalı politoloq Konstantin Kalaçev hesab edir ki, dünya üçün ən qorxulu məqam ABŞ-Rusiya toqquşmasından daha çox, bu toqquşmaya mane olacaq və tərəfləri barışdıracaq alternativ gücün olmamasıdır:“Hələlik dünya siyasətində elə bir nüfuzlu subyekt görünmür ki, barışdırıcı rolu öz üzərinə götürə bilsin. Ona görə də sülhün azsaylı tərəfdarlarından kimə ümid bağlanacağı aydın deyil. Əgər amerikalılar Suriyaya hücum etsə və qurbanlar arasında rusiyalı hərbçilər olsa, o zaman hadisələr qeyri-müəyyən və geri dönüşü mümkün olmayan xarakter alacaq. İndi artıq problem ayrı-ayrı rus milyarderləri deyil. Kimyəvi hücum amerikalılar və rusiyalılar arasında birbaşa toqquşmaya səbəb ola bilər”. Deyildiyi kimi, iki böyük güc arasında münasibətlərin gərginləşməsinin Qafqazda da öz əksini tapacağı güman edilir:“Bölgədə tərəflərdən heç birinin tam nüfuz sahibi olmaması onların burada toqquşma ehtimalını artırır. Digər tərəfdən, Cənubi Qafqazda ABŞ-ın müttəfiqi sayılan Gürcüstanın olması Rusiyanı artıq uzun illərdir narahat edir. Azərbaycana gəlincə, nə Moskva, nə də Vaşinqton Bakının rəqibin tərəfdə yer almasını istəyir. Üstəlik, kimyəvi hücumla aktual olan İran məsələsinin daha da alovlanması Azərbaycanı Vaşinqton üçün daha önəmli ölkə halına gətirir. Siyasi kontekstlə bərabər, Rusiyaya qarşı sanksiyalar Cənubi Qafqaz ölkələrinin hamısı üçün yeni iqtisadi təhlükələrin yaranmasına şərait yaradır. Doğrudur, Ermənistandan fərqli olaraq Azərbaycan və Gürcüstanın Rusiya ilə iqtisadi əlaqələri çox da dərin deyil. Lakin bu ölkələr üçün ən mühüm təhdid Rusiyada saylarının milyonlarla ölçülən əmək miqrantlarının olmasıdır. Bu şəxslərin yaranacaq böhranla ölkəyə geri dönmələri həmin dövlətlər üçün müəyyən çətinliklərin yaranmasına gətirib çıxaracaq ki, bu da arzuolunmaz ssenari hesab edilir”.
ABŞ sanksiyalarının və tərəflər arasındakı münasibətlərin Cənubi Qafqaza təsirini şərh edən Gela Vasadze isə bölgə dövlətlərinin təcili şəkildə yarana biləcək çətinliklərə indidən hazırlaşmalı olduğunu deyib. O, ABŞ və Rusiya arasında yeni soyuq müharibənin gözləniləndən daha uzun olacağını bildirib: “Kreml ABŞ-ın yeni sanksiyalarına hələlik tutarlı cavab vermək iqtidarında deyil. Biz yaxşı anlamalıyıq ki, ”Soyuq müharibə 2" daha ciddidir və uzun müddətə hesablanıb. Hətta qərarları verənlər belə bunun nə qədər çox davam edəcəyini bilmirlər. Cənubi Qafqaza gəlincə isə, burada məsələyə iki aspektdən - siyasi və iqtisadi aspektdən baxmaq lazımdır. Aydındır ki, Cənubi Qafqaz üçün Rusiya iqtisadiyyatının vəziyyəti öz iqtisadi təhlükəsizliyi baxımından vacib elementdir. Buraya həm xarici ticarət, həm də miqrant məsələləri aiddir. Biz heç nəyi dəyişə bilmərik, amma onun neqativ effektinin yumşaldılmasına hazırlaşa bilərik. Bu məsələdə regional tərəfdaşlıq formatı açar rolunu oynamalıdır". Siyasi aspektə gəlincə isə, analitik bu fikirlə kifayətlənib: “Dünyanın yenilənməsi dövründə regionda dəyişikliklər nəinki mümkündür, hətta qaçılmazdır. Ona görə də bunu, sadəcə, diqqətdə saxlamaq yox, həm də yeni fərqli ssenarilərə hazır olmaq lazımdır”. Təbii ki, Rusiyanın forpostu Ermənistanla öz arasında Qarabağ konflikti yaşayan Azərbaycan da bütün ssenarilərə hazır olmalıdır...“Yeni Müsavat” AzerTaym.az
ABŞ və Rusiyanın Suriyaya görə toqquşması Güney Qafqaza, Qarabağ məsələsinə də sirayət edəcək; Kreml-Qərb çəkişməsi Ermənistanla blits-savaşı tezləşdirə bilər – yeni ssenari və xəbərdarlıqlar...