Regionlarda Müsavat- ADR qovğası başladı

Regionlarda Müsavat- ADR qovğası başladıMüsavat Partiyası ilə Azərbaycan Demokratiya və Rifah Hərəkatı arasında qarşıdurma davam edir.

Əldə etdiyimiz məlumata görə, rayonlarda təşəbbüs qrupu yaratmaq məqsədilə ADR-in bir qrup üzvü regionlara səfər ediblər. Onlar ilkin mərhələdə 5-7 rayonda təşəbbüs qrupu yaratmaq haqqında düşünürlər. Adının açıqlanmasını istəməyən ADR nümayəndəsi deyib ki, yaranacaq yerli strukturlar məhz Müsavatın rayon şöbələrinin bazasında təşkil ediləcək. Bununla da, mümkün qədər müsavatçının ADR sıralarına gətirilməsinə nail olunacaq. Mayın sonlarına qədər isə daha iyirmi rayon şöbəsinin yaradılması nəzərdə tutulub.

Ellada Məmmədli: "Əsas fəaliyyət təşkilatlanmaqdır"

Müsavat tərəfi isə bəyan edib ki, ADR Hərəkatının əsas fəaliyyəti ancaq Qubad İbadoğlu Bakıda olanda hiss olunur, digər hallarda isə qurumun mövcudluğu bilinmir. ADR-in İdarə Heyətinin üzvü Ellada Məmmədli isə bu kimi iddiaların doğru olmadığı qənaətindədir. Onun sözlərinə görə, sədrin Amerikada olmasının ADR-in fəaliyyətinə qətiyyən təsiri yoxdur: "ADR İdarə Heyəti mütəmadi iclaslarını keçirir, qarşıda duran məsələlərin həlli ilə məşğul olur. Artıq qeydiyyatdan keçmək üçün sənədləri Ədliyyə Nazirliyinə təqdim etmişik. ADR-in qarşısındakı əsas məsələ təşkilatlanmaqdır. Bütün gücünü də bu istiqamətə ayırıb".

Müsavat ADR-in qarşısını kəsmək istəyir

ADR Hərəkatının təşkilati işlərə xüsusi diqqət ayırması Müsavat Partiyasının rəhbərliyini oyadıb. Rəhbərlik hərəkatın məhz müsavatçıların hesabına imkanlarını genişləndirdiyini hiss edən kimi zona müşavirələrinə start verilib. Müsavat Partiyasının qəbul etdiyi qərarlara əsasən 3 aydan gec olmayaraq respublikanın bütün ərazisində partiyanın rayon (şəhər) təşkilatlarının zona müşavirələri keçirilməlidir. Mart ayının əvvəllərindən partiya rəhbərliyinin nümayəndələrinin iştirakı ilə belə müşavirələr Şəki, Siyəzən, Cəlilabad, Şamaxı, Göyçay, Şirvan, İmişli, Gəncə, Ağstafa, Salyan, Neftçala şəhərlərində keçirilib. 50-dən çox rayon təşkilatlarının nümayəndələrini əhatə edən zona müşavirələrində Müsavat rəhbərliyi iştirak edib. Zona müşavirələrində ADR Hərəkatının fəaliyyəti pislənilib, tövsiyə edilib ki, partiyanın bütövlüyünə zərər vuran bu qurumun fəaliyyətində sıravi müsavatçıların hər hansı bir şəkildə fəaliyyəti doğru deyil.

Pənah Hüseyn və Milli Şura üzvü ADR-çilərlə birlikdə...

Bu arada, bəlli olub ki, bir neçə gün əvvəl Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü Rafiq Manaflı və Xalq Partiyasının sədri, sabiq baş nazir Pənah Hüseyn ADR Hərəkatı ilə təmaslar yaradıb. Mənbə bildirib ki, Rafiq Manaflı və Pənah Hüseyn martın 15-də Salyan rayonunda ADR Hərəkatının üzvlərindən Hüseyn Məlik və Ədalət Yusifovla görüşüb. Görüşdə hansı məsələlərin müzakirə edildiyi konkret məlum deyil.

Qeyd edək ki, Pənah Hüseyn Müsavat Partiyasına xüsusi yaxınlığı ilə seçilən şəxsdir və daima bu partiyanın mövqeyindən çıxış edir. İndilikdə isə belə bəlli olur ki, P.Hüseyn Müsavatın perspektivlərinə ciddi inanmadığı üçün ADR-lə əlaqələrini normal hala gətirməyə cəhd edir. Milli Şura üzvü isə qarşıdan gələn seçkilər səbəbindən bütün siyasi qüvvələrlə normal əlaqə yaratmaq və seçkilərdə bütün qüvvələr tərəfindən dəstəklənmək niyyətini güdür.

ADR Hərəkatı qərargahını satacaq?

Digər maraqlı məqam isə ADR Hərəkatının qərargahı ilə bağlıdır. Əldə etdiyimiz informasiyaya görə, ADR Hərəkatı hazırda Nərimanov metrosunun yaxınlığında yaşayış binasındakı mənzildə yerləşir. Bu mənzil Qubad İbadoğlunun şəxsi mülküyyətindədir və əvvəllər onun QHT-sinin ofisi olaraq fəaliyyət göstərib. Mənbə qeyd edib ki, bu ofis ADR-in fəaliyyəti üçün münasib deyil. Bu səbəbdən də hərəkat sədri bildirib ki, buranı sataraq daha münasib ofis alacaq. Ancaq onun 5 aylıq Amerika səfəri bu məsələni də qeyri-müəyyən vaxta qədər təxirə salıb.






Fikirlər