Ziyalılar Müsavata qarşı...
Həmçinin bir zamanlar Müsavatda rəhbər vəzifələrdə təmsil olunan şəxslərin indiki partiya rəhbərliyinə olan narazılıqları da səngimək bilmir.
Belə ki, vaxtilə Müsavat Məclisində, Divanında təmsil olunan şəxslər indi sabiq başqan İsa Qəmbərə qarşı çox qəzəblidirlər. Ancaq hələlik bu barədə mətbuata danışmaq istəmirlər. Qəzəbə səbəb İsa Qəmbərin qurultayla bağlı addımlarıdır.
Çünki məhz qurultaydan sonra Müsavat AMİP-in taleyini yaşadı, partiyanın simalarından olan Hikmət Hacızadə, Səxavət Əlisoy, Qubad İbadoğlu, Vurğun Əyyub, Mehman Cavadoğlu, Məryəm Oruclu və digərləri faktiki olaraq indi partiyada yoxdur.
Düzdür, onların bəziləri müsavatçı sayılsa da, reallıqda partiya ilə əlaqələrini kəsiblər. Hazırda isə partiya daxilində ziyalıların ciddi narazılığı mövcuddur. Hətta Müsavatın bərpa komitəsinin üzvü olan Rafiq İsmayıl və Səftər Nehmətli də narazılığın açıq bildirir. Sadəcə olaraq, bu şəxslər gözləmə mövqeyindədirlər.
Narazılıqlar 2005-ci ildən başlamışdı
Bu arada uzun illər Müsavat Məclisinin və Divanının üzvü olan, hazırda fəaliyyətini ADR Hərəkatında davam etdirən Adil Qeybulla bəyan edib ki, Müsavat daxilindəki narazılığın kökü xeyli əvvəllərə gedib çıxır: “Bu cür fikir ayrılıqları 2005-ci ildən başlayıb. Biz qurultayı gözləyirdik. Hesab edirdik ki, problemlər həll olunar və Müsavatı cəmiyyətə yeni formada təqdim edə bilərik. Çünki bu təşkilatın adında ən azı Müsavat var və tarixi köklərə malikdir. Bu gün tutulan yanlış xətt, köhnə zehniyyət Müsavatı zəiflətdi. ADR isə hələlik ictimai təşkilatdır. Biz beynəlxalq reallıqları, Azərbaycanın geopolitik mövqeyini nəzərə alaraq yeni proqram, yeni yol xəritəsi hazırlayacağıq və bu hədəflərə nail olmaq niyyətindəyik”.
Arzu Səmədbəylinin və Mehman Cavadoğlunun adı yoxdur?
Bu arada əldə etdiyimiz məlumata görə, Müsavatın bir çox üzvləri namizədliklərini irəli vermək niyyətindədirlər. Dəqiq məlumata görə, Müsavat Məclisinin sabiq sədri Arzu Səmədbəyli, Mehman Cavadoğlu, Vurğun Əyyub və digər şəxslər namizəd olacaqlar. Arif Hacılı isə mətbuata açıqlamasında elan edib ki, 50 dairə üzrə namizədləri müəyyən ediblər. Bu isə ciddi narazılığa səbəb olub. Çünki adı çəkilən şəxslərin namizədlikləri haqda partiyada heç bir xəbər yoxdur. Bu isə o deməkdir ki, başqan Hacılı yalnız özünə yaxın olan və özünün istədiyi şəxsləri namizəd kimi irəli sürməkdə qərarlıdır.
ADR sənədlərini Ədliyyə Nazirliyinə təqdim edir
Azərbaycan Demokratiya və Rifah Hərəkatı isə qeydiyyata alınmaq məqsədilə müvafiq sənədləri Ədliyyə Nazirliyinə təqdim edəcək. ADR-dən bildiriblər ki, sənədlərin üzərində hazırlıq işləri başa çatdırılıb və gələn həftə ünvana çatdırılacaq. Bu həftənin sonlarından etibarən isə ADR Hərəkatının İdarə Heyətinin üzvləri rayonlara səfərə çıxacaqlar. Məqsəd üç rayonda Müsavatın yerli təşkilatının bazası əsasında təşəbbüs qrupu yaradıb rayon şöbəsini qurmaqdır. Qeyd edilib ki, bu günə qədər ADR 34 rayonda şöbəsini yaradıb, yaxın iki həftə müddətində isə 7-8 rayon şöbəsi yaradılacaq. Araşdırmadan belə bəlli olur ki, Müsavatın rayon təşkilatlarının çoxunda 70 faizin 30 faizə nisbətində ADR-ə simpatiya var. Elə rayon təşkilatları var ki, ümumiyyətlə, ADR-in əlindədir. Bura İsmayıllı, Ağstafa və digər rayonlar daxildir. Tovuzda müsavatçılar AXCP-yə, Beyləqanda isə AzDP-yə keçib.