Bu gün Müsavatda narazıların həlledici toplantısıdır- Qarşırıqlı ittihamlar
Qubad İbadoğlu partiya rəhbərliyinə çağırış edərək, onların da müzakirələrdə iştirakını təklif edib. Planlaşdırılan görüş ərəfəsində partiya daxilində ziddiyyətlər artıb. Yeni başqan Arif Hacılını müdafiə edənlər 8 noyabr görüşünün həm də partiyanı parçalamaq üçün bir fürsət olduğunu düşünürlər. Müsavatın qurultayından razı qalan tərəf iddia edir ki, Qubad İbadoğlu bütün bunları məqsədli şəkildə edir, partiyanı ikiyə bölmək istəyir. Bu səbəbdən görüşün baş tutub-tutmayacağı hələlik bəlli deyil.
Müsavat Məclisinin və Divanının üzvü Osman Kazımov azadlıq.info-ya deyib ki, qurultaydan sonra partiyanın rəhbərliyinin fəaliyyəti normaldır. Onun sözlərinə görə, partiyada yaşanan gərginliyə rəğmən, fəaliyyətə başlanılıb: “Bölgə müşavirələri keçirilir, rayonlarda iclaslar təşkil edirik. Həm qurultaydan sonra vəziyyəti müəyyən edirik, həm təşkilatın vəziyyətini yoxlayırıq, həm partiyadakı durumla bağlı rəyləri müəyyən edirik, həm də bələdiyyə seçkilərini müzakirə edirik”.
Osman Kazımov deyib ki, narazıların keçirəcəyi görüşdən heç nə gözləmir, əgər narazılar nizamnamədən kənar fəaliyyət planlaşdırsa, tədbirlər görüləcək: “Nizamnamə pozuntusu olarsa, buna qarşı xəbərdarlıq etmək, partiyadan xaricetmə tədbirləri nəzərdə tutulur. Əlbəttə, tənqidi çıxışlara görə tədbirlər görülmür. Amma biz vəziyyətə baxacağıq. Konkret olaraq rəhbərliyə qarşı çıxışlar, onun legitimliyi şübhə altına alınsa, məsələyə kollegial formada baxıb qərar verəcəyik”.
Osman Kazımov deyib ki, əslində, narazılar içində aktiv çıxış edən cəmi 5-6 nəfər şəxs var. Onun qənaətincə, əgər bu şəxslərin Müsavatdan getmək fikri varsa, gedəcəklər: “Heç kəs onları zorla saxlayası deyil. Hər hansı problemin yaşanacağına da inanmıram. Belə hallar bütün partiyalarda yaşanır. Mən parçalanma gözləmirəm. Baş verənlər daha çox məqsədli prosesə oxşayır”.
Narazıların nümayəndəsi Hüseyn Məlik isə deyib ki, partiyanın Suraxanı rayon təşkilatı partiyanın yeni rəhbərliyinə bütövlükdə etiraz edir: “İndiki rəhbərlik tərəfindən Suraxanı təşkilatı ilə hər hansı bir danışıq aparılmayıb. Ayın 8-də hər şeyə aydınlıq gələcək. Indi deyirlər ki, guya, biz partiyanı parçalamaq istəyirik, bunu məqsədli şəkildə edirik. Həm də deyirlər ki, biz 5-6 nəfərdən ibarətik. Bəyəm, 5-6 nəfər partiyanı parçalaya bilər? Siz indi Müsavatın qərargahına gedin, görün nə gündədir. Bir adam da yoxdur, daha çox dəyirmana bənzəyir. Mənim Müsavatla bağlı dediklərim indiyə qədər düz çıxıb, bundan sonra da düz çıxacaq. Mən sözümü ayın 8-də deyəcəyəm”.
Hüseyn Məlik “publika.az”a açıqlamasında onu da qeyd edib ki, geri çəkilmək niyyətində deyillər: “Çünki bizim mübarizəmiz müsavatçılıq mübarizəsidir”.
Başqanlığa keçmiş namizəd Səxavət Əlisoy “Hafta.az”a açıqlamasında bildirib ki, bu gün üçün nəzərdə tutulan görüşdə partiya daxilində fraksiyanın yaradılması barədə də müzakirələr olacaq. Onun sözlərinə görə, bütün qaranlıq məqamlara həmin görüşdə aydınlıq gətiriləcək: “Mən son zamanlar seçkilərlə bağlı status yazmasam da, saxtakarlıqlarla bağlı mövqeyim birmənalıdır. Əminəm ki, Qubad İbadoğlunun da bu məsələdə mövqeyi dəyişməyib. Sadəcə olaraq, hər şeyi təkrar-təkrar yazmağa gərək duymuruq”.
Deyəsən, Müsavat başqanı Arif Hacılının mətbuata son açıqlamalarından birində “Hakimiyyətin və digər opponentlərin planları puça çıxdı” atmacası ortalığı yenidən qarışdıracaq. “Moderator.az” Arif Hacılının “opponentlər” adlandırdığı qarşı tərəfin mövqeyini öyrənməyə çalışıb. Bu məqsədlə qurultayın nəticələrindən narazı qalan Vurğun Əyyuba müraciət edib. Amma Vurğun Əyyub Arif Hacılının fikirlərinin onu maraqlandırmadığını deyib: “Eynən hakimiyyətin ritorikası ilə danışır…”
Qurultayın nəticələri ilə barışmayan müsavatçı funksionerlərin yeni partiya yaradacağı barədə suala isə Vurğun Əyyub belə cavab verib: “Qurultayın nəticələri ilə barışmayan müsavatçı çoxdur. Onların bəziləri partiyadan gediblər. Nə planlaşdırdıqları barədə məlumatım yoxdur. Partiyada qalanların bir çoxu ilə fikir bölüşməmiz olur. Onlar yeni partiya yaratmaq haqqında yox, qurulmasında iştirak etdikləri, illərlə sıralarında mübarizə apardıqları Müsavatın demokratikləşməsi, Nizamnamə əsasında, demokratik üsullarla idarə ediməsi uğrunda çalışmaq niyyətindədir”.