Müsavatın narazıları geri çəkilmir

Müsavatın narazıları geri çəkilmirMüsavat Partiyasının başqanı
Arif Hacılı sosial şəbəkədə narazılara mesaj ünvanlayıb:
"Mən sizi "gəlin qucaqlaşaq"
- deyərək işığa doğru aparmağa çalışıram. Qaranlıqlar aydınlaşır. Bir azdan özünüz hər şeyi görəcəksiniz".


Hacılının bu fikirləri müzakirələrə səbəb olsa da, narazılar fikir bildirməyib.

"Müsavatı nüfuzdan salan indiki rəhbərlikdir"

Müsavat Partiyasının Məclis üzvü Vurğun Əyyub isə partiyadan çıxarılan sıravi fəallarla bağlı narazılığını ifadə edib. Məclis üzvü deyib ki, partiyadakı problemlərin həllinin bir yolu növbədənkənar qurultayın çağırılmasıdır və bu, nizamnamə ilə təsbit olunmuş normadır. Ona görə də növbədənkənar qurultayın çağırılmasında israr edən adamlara hədə-qorxu gəlmək mənasız bir iş və nizamnamədən kənar bir addımdır. Vurğun Əyyub partiyanın strukturlarının legitim saymayanların cəzalandırılacağına dair qaliblərin verdiyi açıqlamalardan çəkinmədiyini xüsusilə vurğulayıb. Deyib ki, partiya strukturlarını legitim hesab etmir və apardığı mübarizəsinin məqsədi də hamıya bəllidir. O, həmçinin söyləyib ki, partiyanı nüfuzdan salan indiki rəhbərlikdir.

"Vurğun Əyyub da cəzalandırıla bilər"

Müsavat başqanının müavini Osman Kazımov isə Vurğun Əyyubun iddialarının əsassız olduğunu bəyan edib. Deyib ki, partiyada gərginliyin yaranmasında mühüm rol oynayan şəxslərdən biri Vurğun Əyyubdur: "Onun qurultay barəsində səsləndirdiyi fikirlər absurddur. Növbədənkənar qurultayın hansı halda çağırılması nizamnamədə konkret göstərilib. Həmin hal isə mövcud deyil. Vurğun Əyyub nizamnaməni dəqiq oxusun". Kazımov deyib ki, Müsavatın 23 noyabr müşavirəsindən sonra Vurğun Əyyub-Səxavət Əlisoy-Əlövsət Talışxanlı üçlüyü tərəfindən İsa Qəmbərin hədəfə çevrilməsi təsadüfi deyil: "Bu şəxslər artıq öz niyyətlərini həyata keçirə bilmədikləri və ifşa olunduqlarını gördükləri üçün, eyni zamanda, İsa Qəmbər tərəfindən prosesə birmənalı qiymət verildiyini gördükdən sonra ardıcıl hücumlar edirlər". Osman Kazımov qeyd edib ki, nizamnaməni pozan istənilən şəxs elə nizamnamə əsasında cəzalandırıla bilər: "İstər Arif Hacılını, istər Vurğun Əyyub müdafiə edən şəxslər olsun, nizamnamə pozuntusuna yol verən, qurultayın qərarlarını heç bir əsas olmadan legitim hesab etməməkdə, ara qarışdırmaqda davam eləsələr, təbii ki, onlar barəsində tədbir görüləcək".

"Sona qədər haqsızlığa qarşı mübarizə aparacağıq"

Narazıların lideri Qubad İbadoğlu isə bəyan edib ki, Müsavat Partiyasının strukturlarında, o cümlədən Məclis sədri postunda olmaq niyyətində deyil, belə bir planı yoxdur. Qalib tərəfin təklifini rədd edən məğlubların lideri bəyan edib ki, Müsavat Partiyasında nizamnamədən kənar qəbul edilən heç bir qərarla barışmayacaq və pozulan hüquqların bərpası üçün daim mübarizə aparacaq. O, eyni zamanda, yeni partiya yaratmaq, başqa partiyaya keçmək niyyətində olmadığını vurğulayıb, eləcə də, indiki rəhbərliyin narazı tərəfi hədələməkdən çəkinməyə dəvət edib.

Rayonlardan təpki var.

Partiya sıralarından çıxarılan Səxavət Əlisoy isə bəyan edib ki, fədakarlarla saxtakarların bir arada olması mümkün deyil. Müsavatdakı mənbələr isə bildirirlər ki, hazırda Müsavatın bəzi rayon təşkilatları Arif Hacılıya qarşı bəyanat hazırlayır və bu sənəd yaxın günlərdə yayılacaq.






Fikirlər