A.Hacılı Q.İbadoğlunu da Müsavatdan çıxara bilər

A.Hacılı Q.İbadoğlunu da Müsavatdan çıxara bilərQ.İbadoğlu: “Burda məqsədlərdən biri digər üzvlərin susdurulmasıdır”

Müsavat Partiyasının sentyabrın 27-də keçirilən VIII qurultayından iki aya yaxın zaman ötsə də, qarşıdurma müstəvisinə keçən narazılıqlar səngimir. Narazılara rəhbərlik edən başqanlığa keçmiş namizəd Qubad İbadoğlu partiya daxilindəki son vəziyyətlə bağlı “Meydan TV”yə müsahibə verib.

O, əvvəlcə Arif Hacılının istefalarla bağlı dəyərləndirməsini qiymətləndirib. Vurğulayıb ki, birincisi, partiya üzvlərin könüllü olaraq birləşdiyi bir qurumdur. İkincisi, partiya nizamnamə ilə idarə olunur: “Müsavat Partiyasının nizamnaməsinin 1.8-ci bəndində partiya üzvlərinin aşağıdakı hüquqları göstərilib. Bunlardan biri də hər kəsin siyasi və əməli fəaliyyət məsələlərini partiya yığıncaqlarında, mətbuat səhifələrində müzakirə etmək, tənqid etmək, təklif və rəylər verməkdir. Nizamnamədə yazılıb ki, hər bir partiya orqanını və vəzifəsindən asılı olmayaraq istənilən partiya üzvünü tənqid etməyə partiya üzvünün hüququ vardır. Eyni zamanda üzvlər bütün partiya orqanlarına müraciət etmək və cavab tələb etmək hüququna malikdirlər. Bütün bu məsələlər nizamnamə ilə tənzimlənib. Baş verənləri təhlil edəndə görəcəyik ki, qəbul edilən qərar 1.8-ci bəndinə əsasən üzvlərin hüquqlarının kobud şəkildə pozulması deməkdir. Partiya üzvü partiyanın əməli fəaliyyəti ilə bağlı mətbuat səhifələrində, yığıncaqlarda azad müzakirə aparıb tənqidlər edib təkliflərini verə bilər.

Yəni nizamnamə buna icazə verir. Amma bu hüquqla ortaya çıxan mövqeləri partiyanın siyasi xəttinə əks xətt olaraq qiymətləndirməklə üzvlərin təşkilatdan xaric olunması, yaxud digər cəzaların verilməsi partiyadaxili demokratiyanın olmaması, həm də tənqidi fikirlərə dözümsüzlüyün mövcudluğu və siyasi plüralizmin partiya daxilində tətbiq imkanlarının məhdudluğunu göstərir. Bu qərarlar nizamnaməni kobud şəkildə pozulması ilə bərabər, həm də birtərəfli qaydada aparılır. Hətta iki partiya üzvü arasında olan mübahisə ilə bağlı cəzalandırma qərarları həyata keçirildikdə bir tərəfə cəza verilsə də, digər tərəfə qarşı bu cəzalandırma vasitələrindən istifadə olunmur. Partiya nizamnaməsinin tətbiqi, nizamnamənin normaları ilə bağlı MNTK-in bizim təqdim etdiyimiz arayışa cavabda müəyyən gözləntilərimiz vardı.

Çox təəssüflər ki, partiya məclisinin və rayon təşkilatlarının bəyanatı və partiya rəhbərliyində təmsil olunanların çıxışları artıq belə qərarların nizamnamə əsasında verilmədiyini deməyə əsas verir. Bu, bir növ siyasi repressiya qərarlardır. Olanlar göstərdi ki, Müsavat Partiyası demokratik düşüncəli insanların toplandığı siyasi təsisat olsa da, avtoritar üsullarla idarə olunur. Bu da partiya daxilində narazılığın artmasına gətirib çıxarır”.


Q.İbadoğlu jurnalistin “Bu gedişatla Vurğun Əyyub və sizin də partiyadan çıxarılmağınız reallaşa bilərmi” sualını da cavablandırıb. Başqanlığa sabiq namizəd deyib ki, əgər qanun, nizamnamə yoxdursa, yaxud bu istiqamətdə müzakirələr yalnız siyasi məqsədlərə, bir qrupun maraqlarına xidmət edirsə, hər şey gözləmək mümkündür: “ Bunu həm də o məqsədlə edirlər ki, partiyada tanınmış, üzdə olan bir neçə şəxsin cəzalandırılması və partiya sıralarından xaric olunması həmin şəxslərin tərəfdarlarında müəyyən sakitlik, müəyyən dövr üçün öz iddialarından geri çəkilmə instinkti yaratsın. Yəni adamlar özlərinin də cəzalanmasından qorxaraq fəallıqlarını azaltsınlar. Yanaşma bundan ibarətdir ki, əgər 10-15 nəfər cəzalanacaqsa, bu, son nəticədə digərlərinin susmasına gətirib çıxaracaq. Burda məqsədlərdən biri digər üzvlərin susdurulmasıdır. Qarşı tərəfin sayı müzakirələrə qoşulanların sayı ilə eyni deyil. Bizim mövqeyimizi bölüşənlərin sayı qarşı tərəfdən xeyli çoxdur”.

Maraqlıdır, bəs Q.İbadoğlu partiya daxilində baş verənlərə İsa Qəmbərin susqun yanaşmasını necə qiymətləndirir?

Qubad İbadoğlu bu suala cavabında bildirib: “Düşünmürəm ki, İsa bəy məsələlərdən xəbərsizdir və olanlara laqeyd yanaşır. Sadəcə, indiki məqamda öz mövqeyini təqdim etmək və onu ictimailəşdirmək məqsədəuyğun deyil, amma hesab edirəm ki, yaxın zamanda İsa bəyin bu istiqamətdə mövqeyi ilə tanış olacağıq”.






Fikirlər