“Biz azlıqda deyil, çoxluqdayıq”
“Zona müşavirələrində Müsavat Partiyası daxildə artan narazılığın necə boğulması, onların hansı formada cəzalandırılması məsələlərini müzakirə edilib"
Müsavat Partiyasının son qurultayından ay yarım ötməsinə baxmayaraq partiya içərisində başqanlıq gərginliyi bitməyib. Həm mediada, həm də sosial şəbəkələrdə qarşılıqlı ittihamlar ara vermir. Partiyaiçi müxalifətin lideri Qubad İbadoğlu deyir ki, gərginliyin əsası yeni qoyulmayıb.Müsavat Partiyası başqanlığına keçmiş namizəd Qubad İbadoğlunun “Yeni Müsavat”a müsahibəsini təqdim edirik.
- Bu gərginlik qurultaydan sonra ictimailəşsə də əslində qurultaydan öncə də var idi. Biz bununla bağlı müəyyən narahatçılıqlarımızı qurultaya hazırlıq üzrə təşkilat komitəsinin toplantılarında səsləndirirdik. Ancaq təkliflərimiz o zaman da aqressiya ilə qarşılanırdı. Biz deyəndə ki, qurultayın azad və ədalətli keçirilməsini istəyirik, qarşı tərəf bunu seçki keçirilmədən onun nəticələrini şübhə altına almaq kimi dəyərləndirirdi. Biz əvvəlcədən bilirdik ki, qurultayda ədalət prinsipləri pozulur.
- Qubad bəy, Müsavat başqanı İsa Qəmbərlə bu haqda müzakirələriniz olmuşdumu?
- Bu məsələlərin hamısı İsa Qəmbərin iştirakı ilə qurultaya hazırlıq üzrə təşkilat komitəsinin toplantılarında müzakirə edilib. Biz konkret faktlarla çıxış edirdik, yerlərdəki qanun pozuntularının araşdırılmasının tələb edirdik. O zaman bizə bildirirdilər ki, araşdırmaya zaman yoxdur, siz 1-2 səsin söhbətini edirsiniz? Qurultay günü baş verənlər isə göstərdi ki, qarşı tərəf qələbəsini həmin “1-2 səs”lər hesabına təmin etdi. Bizi narazı salan əsas məqamlardan biri də başqan İsa Qəmbərin adından sui-istifadəyə yol verilməsi idi. Qurultaya bir gün qalmış Arif Hacılı sizin qəzetə verdiyi müsahibədə demişdi ki, mən İsa Qəmbərin namizədinin kim olduğunu bilirəm və bu məni məyus etmir. Bu məsələni qurultaya hazırlıq üzrə təşkilat komitəsində qaldıraraq İsa Qəmbərə bildirdik ki, bu sizin adınızdan sui-istifadədir. Başqanın cavab verdi bu seçki texnologiyasıdır, biz buna qadağa qoya bilmərik. Qurultaya qədər ard-arda nə qədər pozuntular baş verdi. Təsəvvür edin, Samux rayonunda konfrans keçirib Gəncə və Şəmkir təşkilatlarından olan partiya üzvlərini qurultaya nümayəndə təqdim etmişdilər. Necə ola bilərdi ki, bir nəfər iki rayon təşkilatında prosesin iştirakçısı olur? Bu, partiya Nizamnaməsinin çox kobud şəkildə pozulması idi. Ən çox narazı qaldığımız məqamlardan biri də İcra Aparatında Təşkilat Şöbəsinin müdiri Zöhrab Məhərrəmlinin Arif Hacılının adından qurultay nümayəndələrinə zəng edərək İsa bəyin adından “Arif Hacılını dəstəkləməliyik” göstərişi verməsi idi. Qurultaya qədər inzibati resurslardan yetərincə sui-istifadə halı qeydə alınmışdı. Bütün bunlar ədalət prinsipinin pozulması idi. Biz bu məqamların heç birini mediaya çıxarmadıq. Qurultaydan qabaq Müsavat Partiyası ilə bağlı geniş ictimai müzakirələr açılmışdı, böyük gözləntilər vardı. Bu proses partiyaya böyük xeyir verə bilərdi. Çox təəssüf, proses tamam fərqli istiqamətə yönəldi. Biz istəməzdik ki, partiyada gərginlik yaransın və o, indiki səviyyəyə yüksəlsin. Öncədən müəyyən addımlar atılsaydı, gərginlik bu həddə çatmazdı.
- Qurultaydan sonra araşdırmasını tələb etdiyiniz məsələlər də açıq qalıb. Bu məsələlərin araşdırılması hansısa formada mümkün ola bilərmi?
- Əslində bu araşdırma partiyanın gələcək inkişafına töhfə ola bilərdi. Çünki proses bununla bitmir. Əgər obyektiv araşdırma aparılsaydı, bilinəcəkdi ki, seçki bizim hamımız üçün müqəddəs məsələdir, bu işdə maksimum məsuliyyətli olmalıyıq, həqiqətən də nizamnaməni pozan insanlar cəzalandırılır. Bu müzakirələr getsəydi, bizim üçün dialoq platforması da yaranardı. Hər halda biz israr edirik ki, seçki pozuntularla keçib.
- Siz partiyanın seçkili və təyinatlı orqanlarda təmsilçilikdən də imtina etmisiniz? Partiyadakı fəaliyyətiniz hansı formada davam etdirəcəksiz?
- Bizim indiki idarəçilərlə platformalarımız fərqlidir. Biz Müsavat Partiyasının potensialından istifadəni tamam başqa müstəvidə və fərqli formatda görürük. Bu fərq ilkin mərhələdə bizim birgə işləməyimizi mümkünsüz edirdi. Odur ki, biz öncə təkliflərimizi verdik ki dəyərləndirilsin, nizamnamə və seçki pozuntuları ilə bağlı arayış təqdim etdik ki, araşdırılsın. Arayışda 50-yə yaxın irad və qeydlərimiz var. Sənəd müzakirə edilməmiş, nəticələr ortaya qoyulmamış artıq siyasi bəyanatlar səsləndi. Nəticədə MNTK 50-yə yaxın irad və təkliflərdən heç birini də qəbul etmədi. Çünki aradırma yox idi, onların verdikləri rəy nizamnamə normalarına deyil, siyası bəyanatlara əsaslandırdı. Düşünürdük ki, qarşı tərəf heç olmazsa obyektivlik və etimadın formalaşması naminə müəyyən məsələlərdə qismən də olsa təkliflərimizi nəzərə alacaqlar. Fərqli yanaşdılar, hər şeyi inkar etdilər. Bununla da bizim partiyada getməyimizdə maraqlı olduqlarını ifadə etdilər. Ancaq bütün partiya üzvləri bilsin ki, bizim Müsavat Partiyasından getmək niyyətimiz yoxdur. Hazırda partiya daxilində üç mövqe formalaşıb. Bir qrup mövcud idarəçiliyi qəbul eləməyən və partiyanın gələcəyindən narahatlıq keçirən, məfkurə mübarizəsi aparanlardir. Ikinci qrup onlara qarşı bütün iradları və təqdim olunmuş təklifləri inkar edib, mənafe mübarizəsi aparanlardır. Üçüncü qrup isə gözləmə mövqeyində olanlardır ki, onlar da artıq partiyanın gələcəyi ilə bağlı narahatlıq keçirməyə başlayıblar. Bu da bizim mövqeyimizin güclənməsinə gətirib çıxarır.
- Siz barışıqdan danışdız, ancaq sizin barışıq cəhdləriniz cavabsız qalıb. Oktyabrın 6-da və noyabrın 8-də Arif Hacılının komandası sizin dəvətlərinizi qəbul etməyib. Üçüncü cəhdiniz də ola bilərmi?
- Noyabrın 8-də mən başqanlığa namizədlərin həmrəylik toplantısı keçirmək təşəbbüsü irəli sürdüm. Tərəflərlə polemika aparmaq, narahat olan bütün insanları dinləmək üçün dialoq təklif etdik. Təəssüflər olsun ki, gəlmədilər. Əsas gözləntimiz o idi ki, həm Arif bəy, həm də onun komandasının üzvləri gəlib iştirak edəcəklər, müzakirələrə qoşulacaqlar. Çünki Müsavat başqanlığına iddialı olan şəxs istənilən müsavatçı ilə görüşə hazır olmalıdır, onu dinləməlidir. Həmin zaman Arif bəy də partiya qərargahında idi. Komandasından bizim toplantıya qatılmaq istəyənlərdən biri ilə koridorda qarşılaşan Arif bəy ondan bizə mesaj göndərib ki, onlara qoşulma, mən onlarla qurtarmışam. Belə yanaşma qətiyyən olmaz. Müsavat bir nəfərin, bir ailənin, bir dönəmin partiyası deyil, bu partiya əsrlərin partiyasıdır, tarixin sınaqlarından çıxıb, onu heç kəs özünküləşdirə bilməyib. Bu gün də bu iddiada olmaq əbəsdir. Həqiqətən də bizim birgə görüş təklifimiz həmrəylik üçün yaxşı şans idi, ancaq dəyərləndirmədilər. Əksinə, görüşün baş tutmaması üçün xeyli cəhdlər edildi. Görüş günü bəlli oldu ki, belə bir toplantının vacibliyini dərk edənlərin sayı heç də bir ay öncə keçirdiyimiz toplantıdakıların sayından az deyil. Nəticədə də dialoq baş tutmasa da görüşün əzəməti qarşı tərəfdə təşviş yaratdı, bəlkə də onları vahimələndirdi – başqa səbəblər də ola bilər – və görüşün ardınca kütləvi bəyanat “istehsal” etməyə başaldılar. Hazır bəyanatları rayon təşkilatlarına göndərib imzalatmaqla hesab etdilər ki, bu mərhələdə öz işlərini daha düzgün qururlar. Bu yanlış bir metoddur. Həm Məclis səviyyəsində, həm Divan səviyyəsində bəyanatla vəziyyət ən kritik səviyyəyə yüksəldildi. Yeganə bəyanat verməyən təşkilat MNTK qalıb, yəqin ki, yaxın günlərdə onlar da eyni ritorikalı bəyanatla çıxış edərlər.
- Bəyanatda siz və tərəfdarlarınız hakimiyyətlə işbirliyində ittiham edilirsiniz. Bu ittihamlara cavabınız nədir?
- Onlar heç bir fakt, əsas olmadan Müsavat Partiyasının gələcəyi ilə bağlı narahatlıq keçirən, indiki durumundan narazı olanlara qara yaxırlar. Mən onları faktlarla danışmağa, sübutları, dəlilləri varsa, onu təqdim etməyə dəvət edirəm. Qarşı tərəfin ittiham etdiyi insanlar illərdir Müsavat Partiyasına görə saglamlıqlarını, iş yerlərini, əmlaklarını, bizneslərini itiriblər, dostaları, qohumları ilə münasibətləri qırılıb, ailələri basqılarla üzləşib. Həyatını Müsavat Partiyasına sərf etmiş insanları hakimiyyətə xidmətdə suçlamaq, vicdansızlıqdır. Biz barış təklifi ilə çıxış etdiyimiz günlərdə qarşı tərəf regionlarda bölücülük toxumları səpməyə başladılar. Zona müşavirələrində Müsavat Partiyasının yaxındakı bələdiyyə, bir il sonra keçiriləcək parlament seçkilərində iştirakı məsələlərinin əvəzinə, partiyanın gücləndiriləcəyi ilə bağlı təklirlər deyil, daxildə artan narazılığın necə boğulması, onların hansı formada cəzalandırılması məsələlərini müzakirə edilib. Təəssüf doğuracaq durumdur.
- Qubad bəy, baş verənlərdən çıxış edərək söyləmək olarmı ki, Müsavat Partiyası qurultay keçirməyə hazır deyildi?
- Qurultayın Müsavat Partiyası üçün müsbət tərəfləri həddən artıq çox olacaqdı… əgər seçki ədalətli olsaydı. Bu gün Azərbaycan cəmiyyətində də, bütövlükdə hakimiyyətdə də seçki məsələsinə münasibət birmənalı deyil. Beynəlxalq birlik də Azərbaycanda seçkinin yetərincə zədəli olduğu haqqında dəflərlə bəyanat verib. Seçkini azad və ədalətli keçirən siyasi qüvvənin ortaya çıxması çox önəmli bir hadisə ola bilərdi. Ola bilər ki, müəyyən basqılar da oldu. Məsələn, biz İsa Qəmbərə mövqeyini açıqlaması üçün hansı səviyyələrdə basqı olduğunu bilirdik. Bütün bunların qarşısı almaq mümkün idi.
- Müsavat Partiyası içərisindəki müxalifərin fraksiya yaratmaq təklifləri də səslənir. Siz bu məsələyə sıcaq baxmadığınızı demisiz. Səbəb nədir?
- Biz partiyanın bütövlüyünün qorunub saxlanması, hər bir müsavatçının fikrinin eşidiləcəyi bir düzən yaradılmasını istəyirik. Bu gün partiyanın idarəçiliyindən kənarda qalanların çoxu cəmiyyətin dürüstlüyünə, obyektivliyinə görə hörmət elədiyi, savadı, intellekti ilə seçilən şəxslərdir. Müsavat Partiyası bu insanların potensialından istifadə etmədi. Onlar da qərarların qəbuluna təsir imkanları ilə bağlı axtarışdırlar. Fraksiya təklifi də elə bu səbəbdən ilk dəfə oktyabrın 6-da keçirilən toplantıda səslənib. Sadəcə o zaman bu o qədər də cəlbedici görünmürdü. Bu ideyanı Müsavatdakı narazıların birgə işləmək istəyi cəlbedici edib. Bu şəxslər hesab edir ki, fraksiya fəaliyyəti partiyanın yüksəlişinə xidmət edər, alternativ fikir qaynağına çevrilə bilər. Bu da indi partiya strukturlarında təmsil olunanların məsuliyyətini artırar, onların daha çox işləməsinə, sağlam rəqabət mühitinin yaranmasına səbəb olar. Bizim fraksiya ilə bağlı tərəddüdlərimiz ideoloji məqamlarla bağlıdır. Beynəlxalq təcrübəyə baxsaq fraksiyaların məhz ideoloji ayrılıqlara görə yarandığını görəcəyik. Bu gün Müsavat partiyası daxilində qarşı-qarşıya olan tərəflərin heç biri solçu, sağçı, ya mərkəzçi deyil. Daha bir məqam var – fraksiyanı azlıqda qalan tərəflər yaradır, biz bu gün partiyada azlıqda deyil, çoxluqdayıq. Bizim indiki halda bir məqsədimiz var – Müsavat Partiyasını parçalanmasına yol verməmək, partiyanın bütövlüyünü qorumaq. Biz 8 noyabr görüşündə də tərəfdarlarımızı partiyanı tərk etməməyə çağırdıq.
- Hədəfiniz nədir?
- Hədəfimiz növbədənkənar qurultay çağırılmasına nail olmaqdır. Partiya nizamnaməsinə görə, rayon təşkilatlarının 1/5-i qurultayın çağırılması ilə bağlı təşəbbüs göstərə bilər. Bu təşəbbüsü Məclis müzakirə edərək qəbul etməlidir. Bizim bu 1/5-i yığmaq imkanımız var. Ancaq əlavə gərgin yaranmaması üçün buna getmirik. Biz istəyirik ki, bu prosesi zamanla, sağlam rəqabət müstəvisində, Müsavat Partiyasının güclənməsinə yönəlik proses kimi aparaq. Biz bu imkanlardan zamanında istifadə edib, Müsavatda ədaləti bərpa edəcəyik.