03.09.2014- “Müsavat iqtidarla sazişə getməyəcək”
- Belə fikirlər var ki, Arif bəyin namizədliyinin ən böyük dəstəkçisi İsa bəydir. İsa bəy dəstəkdən əl çəksə, Arif bəy uduzar. Siz necə düşünürsünüz?
- Əgər belə bir fikir varsa, mən bu fikirlərə müsbət yanaşıram.Biz Müsavat partiyasının, Azərbaycan siyasətinin istiqamətinin müəyyənləşməsində və demokratik qüvvələrinin gələcək şanslarını müzakirə edərkən ilk növbədə İsa Qəmbər faktorunu əsas götürürük. Düşünürəm ki, İsa Qəmbər Azərbaycan siyasətində bundan sonra da öz sözünü deyəcək əsas siyasi fiqur olaraq qalacaq.
- Siz başqan olsanız, İsa bəyə hansı postu verəcəksiniz?
- Müsavat Partiyası oturuşmuş təşkilatdır. İsa bəy elə çapda olan siyasətçi deyil ki, Müsavatın yeni seçiləcək başqanı onun statusunu müəyyən etsin. İsa Qəmbər Azərbaycan demokratik müxalifətinin lideridir. Onun siyasi gücü, təsir imkanları yalnız Müsavat Partiyasının başqanı olması ilə bağlı deyil. Başqan olmadığı dövrlərdə də İsa Qəmbərin partiyanın strukturlarına, həm də Azərbaycan demokratik düşərgəsindən olan siyasi qüvvələrə təsir imkanları olacaq. Bəlkə də onun manevr imkanlarının artması hesabına təsir imkanları da daha da artacaq.
- Belə çıxır ki, o zaman bu seçkilər formal xarakter daşıyır. Sadəcə bu seçki yerdəyişmə kimi başa düşülməlidir. Bəs Qurultayın önəmi nədən ibarətdir?
- Qurultay partiyanın nizamnaməsinə uyğun olaraq 4 ildən bir keçirilməlidir. İsa Qəmbərin namizədliyi ona görə irəli sürülməyəcək ki, bunu nizamnamə tələb edir. Əgər partiya nizamnaməsinə 2001-ci ildə İsa Qəmbərin özünün təklifi ilə bir nəfərin iki dəfədən artıq seçilməsini qadağa edən müddəa daxil edilməsəydi, əminəm ki, İsa Qəmbər yenidən partiyanın başqanı seçiləcəkdi. İsa Qəmbərin Müsavat Partiyasının başqanlığından getməsi heç də bu idarəçilik sisteminin uğursuzluğu ilə bağlı deyil, bunu nizamnamə tələb edir. İsa Qəmbər başqanlıqdan getdikdən sonra partiyanın ideoloji- siyasi xətti dəyişməyəcəksə qurultayın nə əhəmiyyəti var sualı hesab edirəm ki, burada yerinə düşmür. Bu sualı tək siz vermirsiniz. Belə suallar mövcuddur. Mən mətbuatda, həm də sosial şəbəkədə belə suallarla rastlaşıram. Müsavat Partiyasi 103 yaşlı, ideoloji-siyasi təşkilatdır. Hər hansı seçkilər, siyasi kampaniya üçün yaradılmış təşkilat deyil. Azərbaycanın əsas ideologiyası, müsavatçılığın daşıyıcısı olan bir partiyadır. Müsavat Partiyasının bu günki gücünə,ideoloji-siyasi xəttlərinə əsaslanaraq partiyanın siyasətini bundan sonra da davam etdirmək niyyətindəyik. Yəni hər hansı radikal dəyişikliklər gözlənilmir. Heç kəs gözləməsin ki, Müsavat Partiyasının başqanın kim seçilməsindən asılı olmayaraq partiya siyasətində, hakimiyyətə qarşı münasibətində dönüş yaradacaq, iqtidarla sazişə gedəcək. Başqanın kim olmasından asılı olmayaraq Müsavat Partiyasının bugünki siyasi vəziyyətdə hakimiyyətlə loyal münasibət qurması, avtoritarizmlə mübarizəni durdurmaq kimi siyasi xətt seçməsi qeyri-mümkündür. Bu seçiləcək başqanın iradəsindən də asılı deyil. Müsavat Partiyasının ənənələrini qorumaqla onun daha da gücləndirmək, təsir imkanlarını artırmaq, 2015- ci ildə keçiriləcək parlament seçkilərində ciddi uğur qazanmasına nail olmaq, 2018- cilin prezident seçkilərində isə İsa Qəmbərin prezident seçilməsinə nail olmaq istiqamətində addımlar atmaq niyyətindəyik.
- Bilirsiniz necə, insanlar dəyişiklik istəyir. Sabitlikdən yorulub, hər mənada yeniliyin tərəfdarıdır. Bu baxımdan sizin proqramınız nədən ibarət olacaq?
- Mən hələlik yeni addımlarımla bağlı fikir səsləndirmək istəmirəm. Bir sıra yeni addımlar atılacaq. Müsavat Partiyasının rəhbərliyinə yeni adamlar gələcək. Vakant yerlərə yeni şəxslər seçiləcək. Müsavat partiyası daha çevik, dinamik təşkilat kimi fəaliyyət göstərəcək. Bu məsələr barədə ciddi planlarımız var.
- Başqan seçilsəniz də, 2018- ci ilin prezident seçkilərində İsa bəyin namizədlyi üçün çalışacağını bildirirsiniz...
- Bugünkü siyasi durumda daha uğurlu namizəd görmürəm. Təbii ki bu illər ərzində siyasi şəraitin əsaslı şəkildə dəyişməsi başqa namizədlərin də ortaya çıxmasını istisna deyil. Bilirsiniz ki, 2013- cu ilin prezident seçkilərində İsa Qəmbərin prezidentliyiə namizədliyini irəli sürmüşdük. Ancaq mövcud siyasi şəraiti nəzərə alaraq vahid namizədin müəyyənləşməsinə nail olduq. Normal siyasi şəraitdə biz İsa Qəmbərin Azərbaycan Respublikasına rəhbərlik etməsi üçün və ölkəni mövcud ictimai-siyasi böhran şəraitindən çıxarmaq üçün ən uğurlu namizəd hesab edirik.
- Müsavatçılar hansı kriteriyalarınıza əsasən sizi başqan seçməlidirlər? Məsələn, Tural Abbaslı deyir ki təmizliyə, vicdana, gözəlliyə görə seçmək istəsələr, şansı var...
- Mən namizədliyimi irəli sürsəm, bu kriteriyaları elan edəcəm.
- Elə deyirsiniz ki, sanki namizədlyinizi irəli sürməyəcəksiniz. Bu mümkündürmü?
- " Heç vaxt heç vaxt demə" - deyimi var. Mən bu məsələyə olmazsa olmaz məsələsi kimi yanaşmıram. Mən bu seçkiləri ölüm-dirim seçkiləri kimi qəbul etmirəm. Bu seçkilərdə qalib gəlsəm də, onu çox böyük təntənə ilə qeyd etmək niyyətində deyiləm. Çünki bu partiya içi seçkilərdir. Müsavat Partiyası başqanı olmağın məsuliyyətini də kifayət qədər aydın dərk edirəm. İşin çətinliyini də anlayıram. Hesab etsəm ki, başqa namizədin seçilməsi Müsavat partiyasının və Azərbaycan cəmiyyətinin mənafələrinə daha uyğun olaraq müxtəlif variantlar müzakirə oluna bilər. Amma namizədliyimi irəli sürəcəyim təqdirdə maksimum dərəcədə bu seçkilərdə qalib gəlməyə çalışacam və qalib gələcəyimə əminəm.
- Şüarınız var?
- Mən uzun illər seçki kampaniyaları ilə məşğul olmuşam. İlk dəfə 1984-cü ildə kənd bələdiyyəsinin üzvü seçilmişəm. Onda mənim 22 yaşım var idi. Sonra Zaqatala rayon sovetinin deputatı, Rəyasət Heyətinin üzvü seçilmişəm. 28 yaşımda Azərbaycanın millət vəkili seçilmişəm. Sonrakı dövrlərdə də bir çox şəxslərin seçkidə nümayəndəsi kimi iştirak etmişəm. 2003, 2005, 2009-cu ildə keçirilən ümumrespublika miqyaslı seçki kampaniyalarına rəhbərlik etmişəm. Kifayət qədər seçki təcrübəm var. Müsavat Partiyasının daxilində keçirilən bir sıra seçki kampaniyalarında iştirak etmişəm. Bu seçki kampaniyasını da kifayət qədər uğurlu təşkil etməyə çalışacam. Bu seçki kampaniyasında da cəmiyyətə fərqli seçki taktikası, bir sıra yeni seçki texnologiyaları təqdim olunacaq.
- Namizədliyin son irəli sürülmə zamanına 15 gün qalıb. Nə zaman rəsmi şəkildə namizədliyinizi elan edəcəksiniz?
- Bu gedən proseslərdən asılı olacaq. Mən vəziyyəti izləyirəm. Biz bu məsələlərlə bağlı daim müzakirə aparırıq. Müsavat başqanı seçiləcəyimə inanan bir adam kimi Müsavat Partiyasının daxilində hər hansı kataklizmlərin olmasini istəmirəm. Digər seçki kampaniyalarında olduğu kimi tam gücümlə seçki kampaniyası aparmaq niyyətində də deyiləm. Namizədliyimin irəli sürülməməsinin ləngiməsininin səbəblərindən biri də budur. Mən seçki kampaniyasının ölüm-dirim, qarşıdurmalar şəraitində keçməsini istəmirəm. Bundan ehtiyatlanıram. Maksimum dərəcədə sakit seçki kampaniyası aparmaq niyyətindəyəm. Müsavat Partiyasının qurultay nümayəndələrinin siyasi səviyyəsinə bələdəm. Onların düzgün qərar qəbul edəcəyimə heç bir şübhəm yoxdur. Hesab edirəm ki, mənim Müsavat partiyasında apardığım 22 ilə yaxın fəaliyyətim də bir seçki kampaniyasıdır. Qurultay nümayəndlərinin əksəriyyəti kimə səs verəcəkləri haqda qərarı artıq qəbul ediblər.
- Elə indiki situasiyadan hiss olunur ki, seçki dövründə kataklizmlər yaşanacaq. Partiyanın seçkidən güclənmiş yox, zəifləmiş şəkildə çıxacaq...
- Mənim də hədəfim odur ki, partiya bu seçkilərdən güclənmiş çıxsın. Əminəm ki, birlikdə buna nail ola biləcəyik.
- Kampaniyanız dövründə pafoslu çıxışlar etmək fikriniz varmı?
- Çıxışlarım Azərbaycan cəmiyyətinin yaddaşındadır. Əgər auditoriya verilsə, yenə həmin çıxışların daha təsirlilərini etmək imkanlarımız var. Ancaq dediyim kimi partiya içində partlayışlı seçki kampaniyası aparmaq niyyətində deyiləm.
- Müsavat Partiyasının seçki kampaniyası ilə bağlı müəyyən etik qaydalar partiya tərəfindən elan olundu. Qaydalardan biri də o idi ki , namizədlər bir-birinin ünvanına “hakimiyyətin adamısan” sözünü deyə bilməz. Partiyada kiminsə hakimiyyətin adamı olmasına şübhə varmı? Bu qaydanın ora salınması kənardan yaxşı görünmür...
- Ola biləcək ehtimallarla bağlı belə bir qadağa qoyulub. Azərbaycan cəmiyyətində ən bəsit təbliğat bu cür aparılır. Açığı sizin mənə verdiyiniz sualların içində bu mövzuya yönəlik suallar var idi. O baxımdan da belə bir müddəanın Müsavat partiyası içində keçiriləcək seçkilərə aid edilməsini normal hesab edirəm.
- Bir müxalifətçi digər müxalifətçi haqqında belə bir məqamı necə düşünə bilər?
- Söhbət düşünməkdən yox, seçki kampaniyası fonunda belə texnologiyadan istifadə olunmasından gedir.
- Bu bir-birinə əmin olmamaqdan irəli gəlir?
- Müsavat Partiyasına təkcə başqan seçkiləri keçirilmir. Nəzarət Təftiş Komissiyasına, Məclis üzvlüyünə namizədlər irəli sürülür. Bəlkə də bir neçə yüz namizəd olacaq. Bu namizədlərdən kimlərinsə kimlərəsə qarşı seçki kampaniyası dövründə belə təbliğat üsulundan istifadə etməsi ehtimalını önləmək məqsədilə belə bir müddəa həmin əsasnaməyə daxil edilib. Hesab edirəm ki, bu tamamilə normaldır.