AĞ EV keçmiş sovet dövlətlərini Kremlin təsir dairəsindən ÇIXARMAĞA ÇALIŞIR - TƏHLİL
Natiq Miri: "Qazaxıstan və Özbəkistan prezidentlərinin ABŞ-a dəvət olunması Vaşinqtonun Mərkəzi Asiyadakı geosiyasi maraqları ilə bağlıdır" "Azərbaycan Qərb dünyası ilə yaxınlaşacağı təqdirdə rəsmi Bakıdan bəzi Qərb standartları tələb olunacaq ki, hakimiyyət hələlik bunlara hazır deyil" "ABŞ "Kiçik Asiya NATO-su"nu yaratmağı və Çini mühasirəyə almağı planlaşdırır" Bu gün Rusiya ilə ABŞ arasında həm Cənubi Qafqaz, həm də Orta Asiya uğrunda gərgin mübarizə gedir. Aydın şəkildə görünür ki, Ağ Ev nəyin bahasına olursa-olsun keçmiş sovet dövlətlərini Kremlin təsir dairəsindən çıxarmağa can atır. Əgər belə demək olarsa, hazırda postsovet ölkələri üzərində Rusiya kabusu ilə yanaşı, ABŞ maraqları dayanır. Yəni keçmiş sovet dövlətlərinin bir çoxu rəsmi Moskvanın təsir və təzyiqlərindən ehtiyatlandığı üçün Qərb dünyası ilə maksimum məsafəli davranmağa çalışır. Əslində, Vaşinqton vəziyyətin nə yerdə olduğunu çox gözəl bilir və elə bu səbəbdən də Cənubi Qafqaz, eyni zamanda Orta Asiyaya dair planlarını mərhələli şəkildə reallaşdırmağa səy göstərir. Heç şübhəsiz, bu ilin yanvar ayında Qazaxıstan prezidenti Nursultan Nazarbayevin, mayda isə Özbəkistan prezidenti Şövkət Mirziyayevin ABŞ-a rəsmi səfəri Ağ Evin keçmiş sovet dövlətlərini Kremlin təsir dairəsindən çıxarmaqda qəti olduğunu deməyə əsas verir. ABŞ Dövlət Departamentinin sözçüsü Hizer Nauertin bu ilin fevral ayında keçirdiyi mətbuat konfransında səsləndirdiyi fikirlər də bir növ bunun sübutu kimi dəyərləndirilməlidir. Belə ki, o, ABŞ-ın MDB ölkələrini və digər dövlətləri Rusiya ilə hərbi-sənaye sahəsində əməkdaşlıqdan çəkindirməyə çalışdığını vurğulayıb: "Rəsmi Vaşinqton artıq bütün ölkələrdəki səfirliklərə bu istiqamətdə fəaliyyəti daha da aktivləşdirmək üçün müvafiq təlimatlar göndərib. Onlara diplomatik fəaliyyət göstərdikləri ölkələrin hökumətləri ilə danışıqlar apararaq, onlara rəsmi Moskva ilə analoji formada əməkdaşlığa cəhd edəcəkləri təqdirdə ABŞ tərəfdən ciddi problemlərlə üzləşəcəkləri ilə bağlı xəbərdarlıq etmək tapşırılıb". ABŞ-ın dünyada, Rusiyanın isə MDB məkanında böyük nüfuza və təsirə malik ölkə olduğunu deyən rusiyalı politoloq, Siyasi Araşdırmalar İnistitinun rəhbəri Sergey Markov isə bu qənaətdədir ki, iki ölkənin münasibətinin pisləşməsi öz təsirini keçmiş sovet ölkələrinə də göstərməkdədir: "Rusiya Federasiyası ilə Amerika Birləşmiş ştatları arasında qarşılıqlı münasibətlərin gərginləşməsi və qarşılıqlı imtiyazların möhkəmləndirilməsi və artırılması MDB ölkələri üçün də durumu sərtləşdirir". Bu arada, Ağ Evin qarşısına qoyduğu məqsədləri yavaş-yavaş həyata keçirdiyini bildirən politoloq Qabil Hüseynli enter.news-a açıqlamasında qeyd edib ki, son vaxtlar ABŞ Asiya qitəsində möhkəmlənməyə, əsasən də Əfqanıstan ətrafı dövlətlərlə əlaqələrini genişləndirməyə çalışır: "Nazarbayev ABŞ-a səfərində Qazaxıstanda ABŞ hərbi bazasının yaradılmasını təklif etmişdi. Üstəlik, Əfqanıstandakı ABŞ qoşunlarının təminatı Azərbaycan və Qazaxıstan vasitəsilə həyata keçirilir. Yəni Gürcüstandan Azərbaycana daşınan yüklər Qazaxıstana, oradan isə birbaşa Əfqanıstana göndərilir. ABŞ Qazaxıstanla möhkəm əlaqələr qura bilib. İndi də Mirziyayevlə eyni istiqamətdə danışıqlar aparılıb. Əsas məsələ Özbəkistan neft və qazının Avropa bazarlarına çıxarılmasıdır. Sözsüz ki, burada Bakı-Ceyhan və TANAP layihələri nəzərdə tutulur. Eyni zamanda, bu ölkədə ABŞ hərbi bazalarının yaradılması haqqında da razılığa gəlinib. Bu razılıq aviasiya bazası şəklində həyata keçiriləcək və məqsəd Əfqanıstana gedən yolun daha da qısaldılmasıdır. Belə ki, əgər bu ölkədə də hava bazası yaradılarsa, Bakıdan havaya qalxan yükdaşıyan təyyarələr daha Qazaxıstana getmədən birbaşa Özbəkistana, oradan isə birbaşa Əfqanıstana uçacaq. Nəticədə yüklərin daşınması məsafəsi qısalacaq və vaxta qənaət ediləcək". Politoloqun fikrincə, hazırda ABŞ-ın əsas strategiyası bir növ Rusiyanı "mühasirəyə" alan dövlətlərlə sıx əməkdaşlıq tellərinin yaradılmasından ibarətdir: "Vaşinqton sözügedən dövlətlərlə ciddi münasibətlər quraraq və Rusiya ətrafında bir çənbər yaradaraq Moskvanın bu bölgələrdəki mövqelərini ələ keçirir. Qədimdən belə bir fikir hakimdir ki, kim Asiyada hökmranlığı ələ alırsa, bütün dünyaya həmin güc nəzarət edə bilir. Görünür, ABŞ qarşısına qoyduğu mətləbləri yavaş-yavaş icra edir. Qazaxıstanda məqsədinə çatan ABŞ Özbəkistanla da əlaqələri getdikcə inkişaf etdirəcək. Monqolustanla münasibətlər onsuz da normaldır. Koreya ilə əlaqələr də qaydaya salınsa, ABŞ-ın Rusiya ətrafında nəzərdə tutduğu mühasirə həlqəsi başa çatmış olacaq. Belə şəraitdə Rusiyanın öz iradəsini dünyaya diqtə etmək imkanları minimuma enəcək və ABŞ-ın strateji üstünlükləri ön plana çıxacaq".
Mövzu ilə bağlı mövqeyini öyrəndiyimiz politoloq Natiq Miri isə hesab edir ki, Qazaxıstan və Özbəkistan prezidentlərinin ABŞ-a dəvət olunması Ağ Evin Mərkəzi Asiyadakı geosiyasi maraqları ilə bilavasitə bağlıdır: "Özbəkistan prezidenti Şövkət Mirziyayevin ABŞ-a səfəri Orta Asiya ölkələri içərisində yeganə siyasi hadisə deyil. Bildiyiniz kimi, ondan öncə Qazaxıstan prezidenti Nazarbayev də ABŞ-a dəvət olunmuşdu. Təbii ki, bu, Ağ Evin Mərkəzi Asiyadakı geosiyasi maraqları ilə bilavasitə bağlıdır. Yəni Mərkəzi Asiya, xüsusilə də Orta Asiya ölkələri ilə həmsərhəd olan Əfqanıstanın da yerləşdiyi bölgə ABŞ-ın geosiyasi hədəfləri daxilindədir. Odur ki, ABŞ Əfqanıstanda yerləşməklə dolayısıyla bir növ "Kiçik Asiya NATO-su"nu yaratmağı və bu gün özü üçün güclü rəqib olan Çini tamamilə mühasirəyə almağı planlaşdırır. Bununla yanaşı, ABŞ Orta Asiya ölkələrində möhkəmlənməklə paralel olaraq Rusiyanın bu bölgədəki təsirini azalmaq niyyətindədir. Bu baxımdan, düşünürəm ki, sögügedən məsələyə ABŞ-ın Mərkəzi Asiyadakı geosiyasi maraqları kontekstində yanaşmaq lazımdır. Təbii ki, bunun bir başqa tərəfi də var. Yəni bu, təkcə Vaşinqtonun geosiyasi maraqları ilə məhdudlaşmır. Söz yox ki, baş tutmuş səfərlərdə Qazaxıstan və Özbəkistanın da müəyyən mənada maraqları var. Hər iki ölkənin lideri ABŞ-a səfər etməklə, Ağ Evlə münasibətləri isti müstəviyə daşımaqla dolayısıyla Çinin və Rusiyanın ekspansiyasından sığortalanmaq istəyir. Çünki Rusiya heç bir ətraf ölkələrlə bərabər səviyyədə tərəfdaşlıq etmək istəmir. Kreml ətrafdakı ölkələrin bilavasitə nüvəsinin özünün olduğu bir orbitdə fırlanmasını arzulayır. Qazaxıstan və Özbəkistan isə bu çərçivədə olan ölkələrdən sayılır. Yəni Rusiya hələ də Mərkəzi Asiya və Cənubi Qafqazı öz əhatə dairəsi saydığı üçün bu bölgələrdə vahid lider kimi hərəkət etmək istəyindədir. Bu da təbii ki, Qazaxıstan və Özbəkistan kimi ölkələrin dövlət maraqlarına uyğun gəlmir. Odur ki, bu bölgədə hegemon olan Rusiya və Çinə alternativ olaraq, həm də bilavasitə bu ölkələrin təhlükəsindən sığortalanmaq üçün başqa bir dünya gücünə ehtiyac var. Bu güc isə sözsüz ABŞ ola bilər. Ona görə də Qazaxıstan və Özbəkistan liderlərinin ABŞ-a olan səfərlərini bir də bu kontekstdən dəyərləndirmək lazımdır". Azərbaycanla bağlı məqama gəlincə, politoloq qeyd etdi ki, rəsmi Bakı balanslaşdırılmış siyasət yürütdüyündən dünya gücləri arasında bərabər səviyyəli məsafə saxlamağa çalışır:"Yəni Azərbaycan bu dünya gücləri arasında hansısa birinə xüsusi üstünlük vermir. Çünki hər hansı bir xüsusi üstünlük verildiyi təqdirdə, Azərbaycana digər güc mərkəzi tərəfindən azruolunmaz təzyiqlər ola bilər. Məhz buna görə də Azərbaycan bərabər məsafə saxlamaqla balanslaşdırılmış xarici siyasət yürütməyə üstünlük verir. Və bununla da dolayısıyla xarici təzyiqlərdən sığortalanmaq istəyir. Burda Azərbaycan hakimiyyətinin müəyyən siyasi maraqları da mövcuddur. Yəni Azərbaycan ABŞ və bütövlükdə Qərb dünyası ilə yaxınlaşacağı, ciddi inteqrasiya olacağı təqdirdə rəsmi Bakıdan bəzi Qərb standartları tələb olunacaq. Söhbət demokratik institutların yaradılması, demokratiyanın inkişafı, demokratik seçkilərin keçirilməsi və insan hüquqlarının qorunması kimi bir çox prinsiplərdən gedir. Azərbaycan hakimiyyəti isə hələlik bunlara hazır deyil. Buna görə də Azərbaycan Qərb dünyası ilə əməkdaşlıq etmiş olsa da, bir növ müəyyən məsafə saxlamaqla özünü bu təzyiqlərdən sığortalanmış hesab edir".