İran ABŞ-ın ultimatumunu RƏDD ETDİ: “Dünyada heç KƏS...”
“ABŞ da daxil olmaqla, dünyada heç kəs İranı milli raket proqramını dayandırmağa məcbur edə bilməyəcək”. Publika.az “Tasnim” agentliyinə istinadən xəbər verir ki, bu haqda İran İslam İnqilabı Keşikçilər Korpusunun (silahlı qüvvələrin elit birlikləri –red.) komandanının müavini, briqada generalı Hüseyn Salami bildirib. “Onlar hesab edirlər ki, İran öz raket proqramını dayandırmalıdır. Ancaq bizi bunu etməyə məcbur edə bilməyəcəklər. Bizim raket potensialımızı heç kim məhv edə bilməz. Qorxduqları üçün özlərinə sığınacaqlar axtarırlar”, - o deyib. Salami həmçinin İranın Yaxın Şərqdə təsirinin artmasından Vaşinqtonun narazılığına toxunub: “Biz o qədər güclü olduq ki, onlar regionda mövcudluğumuzu azaltmağımızı istəyirlər. Bu o deməkdir ki, onlar buna qarşı heç nə edə bilmirlər”. Xatırladaq ki, ABŞ-ın dövlət katibi Mayk Pompeo mayın 21-də Tehrandan regional siyasəti dəyişdirməyi və raket-nüvə proqramını dayandırmağı tələb edib. Pompeo əks təqdirdə, İran barəsində “tarixin ən sərt sanksiyaları”nı tətbiq ediləcəyini bildirib. Dövlət katibi İrandan Yaxın Şərq regionunda siyasəti təkrar gözdən keçirməyi, “Hizbullah” şiə qruplaşmasına dəstəkdən imtina etməyi, həmçinin ölkənin nüvə obyektlərinə MAQATE-nin inspektorlarını buraxmağı tələb edib.