İSRAİLLƏ kim anlaşıb: İran, YOSA RUSİYA...

Suriya ətrafında baş verən son hadisənin pərdəarxası

Bazar ertəsi xarici mətbuatda yayılan xəbərdə iddia olunurdu ki, İran və İsrail nümayəndələri arasında İordaniyanın paytaxtı Əmman şəhərində gizli görüş keçirilib. Səudiyyə Ərəbistanına məxsus Londonda dərc olunan “İlaf” qəzetinin iddiasına görə, İranın İordaniyadakı səfiri Müctəba Firdovsi Purun da olduğu İran kəşfiyyatının nümayəndələrindən ibarət heyətlə MOSSAD rəhbərinin müavininin rəhbərlik etdiyi heyət arasında Əmmanın mərkəzində yerləşən hoteldə görüş keçirilib.

Danışıqların vasitəçisi İordaniya kəşfiyyatçıları olub. İran və İsrail kəşfiyyatçıları Suriyanın cənubi-qərbi, o cümlədən İsraillə sərhəd bölgələrində Dəməşqin hazırladığı əməliyyatı müzakirə edib. Ərəb nəşri iddia edib ki, tərəflər Suriya ordusunun Dəra, eləcə də İsrail işğalında olan Colan təpələri bölgəsi ilə həmsərhəd olan ərazilərdə müxaliflərə qarşı keçirəcəyi əməliyyata müdaxilə etməməklə bağlı razılaşıblar. Belə ki, İran və Hizbullah Suriya ordusuna, İsrail isə müxaliflərə dəstək verməyəcək.

Ancaq günün sonunda bu xəbəri təkzib edən başqa bir məlumat yayıldı. İsrail mətbuatında yayılan xəbərdə qeyd olunur ki, Rusiya və İsrail arasında Suriya ordusunun ölkənin cənubunda, Dəra və Kuneytra bölgəsində, Colanla sərhəd ərazilərdə əməliyyat aparılması ilə bağlı razılaşma əldə olunub. Razılaşmaya əsasən Rusiya rəsmiləri İran və Hizbullah silahlılarının bu bölgədəki əməliyyatlara qatılmayacağı ilə bağlı təminat verib. Bunun qarşılığında isə İsrail ordusu Suriya hökumət qüvvələrinin müxaliflərə qarşı əməliyyatlarına müdaxilə etməyəcək.

Suriya ordusu ile ilgili görsel sonucu

Qeyd edək ki, Suriya ordusu artıq bir neçə gündür ölkənin cənubuna, Colan bölgəsi sərhədlərinə qüvvə toplayır. Dəməşqətrafı, həmçinin Hums ər-Rastan bölgəsi təmizləndikdən sonra hazırda iki əsas qaynar nöqtə mövcuddur. Birinci nöqtə ölkənin şərqində yerləşən Deyr əz-Zor vilayətidir. Burada son günlərdə bir neçə ciddi toqquşmalar baş verib, İŞİD-in nəzarətindəki bölgə ilə kürdlərin liderlik etdiyi Suriya Demokratik Qüvvələrinin nəzarətində olan bölgələrdə ağır qarşıdurmalar yaşanır. Xatirladaq ki, burada fevralda da ağır toqquşma baş vermiş və qaz emalı zavodunu nəzarətə götürməyə çalışan Suriya qüvvələri ilə Rusiyanın “Vaqner” muzdluları və amerikalılar arasında baş verən toqquşma xeyli sayda rusun ölümü ilə nəticələnmişdi. Bu günlərdə də Deyr əz-Zorda gərginlik yüksəlməkdədir. Ancaq gözlənildiyini əksinə olaraq Suriya ordusu şərqə deyil, İordaniya və İsraillə sərhədə, cənuba doğru yönəlib. Ehtimal olunur ki, yaxın günlərdə həm Dəra istiqamətində İordaniya sərhədləri, həm də Colana doğru İsrail sərhədlərindəki silahlılara qarşı əməliyyat başlayacaq.

Belə bir əməliyyat öncəsi İsraillə anlaşmanın olması təbiidir. Çünki əvvəla,  İsrail uzun illərdir ki, sərhəddəki müxalifləri dəstəkləyir. Hətta yaralı müxalifləri müalicə üçün səhra hospitalı da qurulub. Təl-Əviv bunu sərhədlərinin Suriya, İran və Hizbullah qüvvələrindən uzaq tutmaq məqsədilə edir. Bu səbəbdən də bir çox hallarda İsrail ordusu bölgəyə yaxınlaşan Hizbullah və Suriya birləşmələrini atəşə tutub. Ancaq indi ehtimal ki, Rusiya işə qarışıb və sərhəd bölgələrinin Suriya tərəfindən nəzarətə götürülməsi ilə bağlı Təl-Əvivi inandırıb.

Suriya ordusu ile ilgili görsel sonucu

İsrailin bu plana razılaşması isə bir halda mümkündür: İran və Hizbullahın uzaq tutulması. Bu ayın əvvəlində Colan bölgəsinin Suriya ərazisindən raket atəşinə tutulması İsraili ciddi şəkildə narahat edib. Təl-Əviv dəfələrlə Moskvaya müraciət edərək İran və Hizbullah qüvvələrinin Suriyadan çıxarılmasını təklif edib. Bu barədə dəfələrlə mediada məlumatlar yer alsa da, belə görünür, Moskva Yaxın Şərqdəki əsas müttəfiqi ilə pozuluşmaq istəmir. Ancaq ötən həftə Soçiyə səfər edən Suriya prezidenti ilə görüşən Putin bütün xarici ölkələrin silahlı güclərini Suriyadan çıxarmağa çağırıb. Bunların arasında rusiyalı rəsmilərə görə, İran və Hizbullah da olub.

Hizbullah ile ilgili görsel sonucu

İndi isə gözlənilmədən ərəb mediası İranın İsraillə gizli anlaşma əldə etdiyi haqda xəbər yayır. Arxasınca isə yayılan başqa bir xəbərdə anlaşmanın Rusiya və İsrail arasında əldə olunduğu qeyd olunur. Təbii ki, İsrail tərəfindən səssizlikdir. Eyni şəkildə İran cəbhəsindən də səs yoxdur. Üstəlik, bu günlərdə Suriya ordusu əməliyyatlara başlasa, bunun Rusiya-İsrail, yoxsa İran-İsrail razılaşmasına əsasən baş tutmasını dəqiqləşdirmək mümkün olmayacaq. Lakin birdən-birə İranın əzəli düşməni İsraillə anlaşması haqda xəbərin yayılması ortada başqa formada bir anlaşmanın olduğunu deməyə əsas verir. İran rəsmən İsrailin yox olması üçün tarix elan edib, İsrail isə İranı bölgədə sülhün düşməni, terrorizmi bəsləyən ölkə adlandırıb. İndi belə bir dövlətlərin gizlində anlaşmasını üzə çıxarmaları ağılasığan deyil. Hətta olmuş olsa belə, kimsə bunu təsdiqləyə bilməz. Lakin aydın məsələdir ki, belə bir xəbərin yayılmasında maraqlı olan qüvvələr var. O cümlədən ərəb ölkələri, xüsusən də Səudiyyə Ərəbistanının seçilməsi maraq doğurur. Belə anlamaq olar ki, İsrail və ikinci bir ölkə - ehtimal ki, Rusiya - arasında Suriya mövzusunda gizli bir anlaşma var. Və bu anlaşma İranı kənarda qoymağa xidmət edir. Xəbərin birinci variantında İranın hədəfə çıxarılmasının da əsas səbəbi budur. Tehran və müttəfiqləri İsraillə sərhəddən uzaq saxlanılacaq. Bununla da Rusiya və İsrail qazanclı çıxacaq. İran qüvvələri isə yəqin ki, Deyr əz-Zora doğru, amerikalılarla savaşa gedəcək.






Fikirlər