Elmar Vəliyev cinayətinin PƏRDƏARXASI: Bakı Tehran münasibətlərini yaralamağa çalışırlar!

Gəncə işində İran izi - hadisənin arxasında Tehranın göstərilməsi kimə sərf edir?; Gerçəklər üzə çıxır və...

Məlum olduğu kimi, rəsmi ittihamda Elmar Vəliyevə  qarşı sui-qəsd törətmiş Yunis Səfərovun dindar olması və bir neçə ay İranda (Qum şəhərində - Musavat.com.) yaşadığı və buradan Suriyaya getdiyi qeyd olunur. Doğrudur, rəsmi orqanların bəyanatında Gəncə hadisəsində İran dövlətinin əli olması haqda iddia mövcud deyil. Lakin bu açıqlamadan sonra media və sosial şəbəkələrdə İranın adı hallanmağa başlayıb.

Rəsmi məlumatda qeyd olunur ki, fakt üzrə başlanılmış cinayət işi üzrə həyata keçirilən istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri ilə müəyyən edilmişdir ki, Rusiya Federasiyasının vətəndaşı olan Yunis Səfərovun törətdiyi bu cinayət məqsədyönlü şəkildə həyata keçirilən əvvəlcədən planlaşdırılmış terror aktıdır. O, 2016-cı ildə İran İslam Respublikasına gedərək 8 ay Qum şəhərində yaşamış və bu müddət ərzində Azərbaycan vətəndaşı olan Rasim Əsədovla birgə Suriya Ərəb Respublikasının ərazisində olan silahlı birləşmələrin tərkibində döyüş təlimi keçmişdir.

Göründüyü kimi, rəsmi sənəddə İran adı qeyd olunmur. Lakin Səfərovun Qumda (İranda – Musavat.com.) yaşaması və oradan Suriyaya getməsi istər-istəməz İran dövlət orqanlarını ağıla gətirir. Ancaq İslam Respublikasının indiki şəraitdə Azərbaycanda siyasi qətl və ajiotaj yaratması üçün nə qədər səbəbi var? Üstəlik, İran hansısa məımura qarşı bir terror hərəkəti etsəydi, bu qədər açıq və görünən iz qoyardımı? Dosyesi bunca qabarıq birini tətikçi olaraq yollayardımı?

Məsələ ondadır ki, hazırda dünyada möhkəm sıxışdırılan, neft ixracatı iki dəfəyə yaxın azalan (gündəlik 2,8 milyon barreldən 1 milyona enmə təhlükəsi var – Musavat.com) və ABŞ-ın ciddi siyasi, iqtisadi təzyiqləri ilə üz-üzə qalan, regionda İsrail, ərəb dövlətləri kimi güclü rəqiblərinin təzyiqi altına olan İranın Azərbaycanda xaos və sui-qəsd törətmək nəyinə lazımlıdır? Məntiqlə qəti şəkildə lazım deyil və İran üçün Azərbaycan indiki zamanda olduqca vacib müttəfiqdir.

Lakin fakt ortalıqdadır və kimlərsə israrla Yunis Səfərovu din mücahidi, “İran agenti” etməyə çalışır. Məqsəd nədir? Bizə görə Tehranla Bakının arasını vurmaq, iki qonşunu bir-birinə düşmən etdirmək.

7cf64581-00e8-4e6c-88ff-b03227090d72.jpg (48 KB)

Sübutmu? Musavat.com-un müxbirləri müşahidə edirlər ki, ilk baxışdan  İrandan idarə olunduğu ehtimal edilən bəzi informasiya resursları və sosial şəbəkə səhifələri Gəncə ŞİH başçısı Elmar Vəliyevə sui-qəsddən sui-istifadə edərək şiddətli anti-Azərbaycan təbliğatı aparırlar. Kiçik bir araşdırma nəticəsində isə aydın olur ki, bu resurslar İrandan deyil, Qərb ölkələrindən yayın yapırlar. Buradan da ortaya çıxan yalnız bir nəticə var: Elmar Vəliyevə sui-qəsddən sonra aparılan proses, Gəncə camaatına və Azərbaycan xalqına yönəlik kampaniyalar əslində İranla Azərbaycan arasında münasibətləri pozmağa çalışan bəzi Qərb dairələrinin təxribatıdır. Maraqlı dairələr indi bu vəziyyətdən istifadə edərək Tehran-Bakı əlaqələrini yaralamağa çalışırlar. Bu istiqamətdə ciddi iş aparılır və belə demək olarsa artıq ictimai rəydə bu görüntü yaradılıb.

6dbb653a-802c-4abe-a0d7-bae53b547456.jpg (71 KB)

Həqiqəti hər şeydən vacib hesab edən oxucularımıza bildiririk ki, hər şey heç də təqdim olunan kimi deyil. Əminik ki, yaxın günlərdə istintaq orqanları da bu cinayət işini daha dərindən araşdırıb, din amilinə aydınlıq və korreksiya gətirəcəklər. 

İranda oxuyan birinin, hətta “Hizbullah” hörgütünün əfsanəvi komandiri İmad Muğniyəyə simpatiya bəsləyən, onun papağından qoyan biri olsa da, hər hansı bir cinayəti dərhal Tehrandan gələn göstəriş kimi qəbul olunmamalıdır. Burada hər kəs ayıq və həssas olmalı, kənar güclərin təxribatlarına alət olmamalıdır.

İran dövlət orqanları da kifayət qədər təcrübəlidir və təbii ki, onlar da dindar kimliyi olan, İranda yaşamış birinin törədəcəyi qətlin Tehranın üzərində qalacağını bilirlər. Və aydın məsələdir ki, belə bir şey etsə idi, yüksək rütbəli məmuruna qəsd olunmasını rəsmi Bakı Tehrana bağışlamazdı. Belə olanda halda Gəncə tətikçisinin Tehranın əmri ilə bu addımı atması mümkünsüz görünür. Nəzərə alaq ki, söhbət blokadası sürətlə daralan İrandan gedir və belə bir vəziyyətdə Tehran daha bir qonşusu ilə düşmən vəziyyəti yaradıb, blokadasını daha da daraltmaz.

Əlbəttə, bu işin arxasındakı qüvvəni istintaq və dövlət orqanları müəyyən edəcəklər. Mümkündür ki, bu qəsdin arxasındakı əsl qüvvənin adı heç zaman açıqlanmasın. Amma ən azı əlimizdəki məlum açıq bilgilər və məntiq bu qənaətə gəlməyə əsas verir ki, Tehran bu qədər açıq “əl izi” buraxaraq,  bu işi görməzdi.

Musavat.com






Fikirlər