"Moskvanın adamı" ölkənin 90 FAİZİNİ ƏLƏ KEÇİRDİ
Marşal Xəlifə Xaftarın rəhbərliyi altında Liviya Milli Ordusu ölkə ərazisinin 90 faizində nəzarəti təmin edib. Publika.az xarici mediaya istinadən xəbər verir ki, bu haqda Xaftarın rəsmi nümayəndəsi Əhməd al-Mismari bildirib. O, həmçinin müxtəlif silahlı qruplaşmaların ölkə paytaxtı Tripoliyə nəzarətin dayandırılmasına ehtiyac olduğunu deyib. Qeyd edək ki, Liviyanın çoxillik lideri Müəmmər Qəddafinin devirilməsindən sonra döyüşçülər silahları yeni hökumətə verməkdən imtina etdilər. Onlar hazırda paytaxt da daxil olmaqla ölkənin bir sıra şəhərlərinə nəzarət etməyə davam edirlər. Son illərdə Liviyada ikihakimiyyətlilik hökm sürür. Tripolini BMT və Avropa İttifaqının dəstəyi ilə formalaşdırılmış və Faiz Mustafa Al-Sarracın rəhbəri olduğu Liviya Milli Barışıq Hökuməti idarə edir. Ölkənin şərq hissəsində yaradılan hökumət isə Tripolidən asılı olmayan və Xəlifə Xaftarın başçılıq etdiyi milli ordu ilə əməkdaşlıq edir. Qeyd edək ki, general Xəlifə Xaftar Liviyada Rusiyanın əsas “lobbist”i rolunda çıxış edir. Moskva Liviya generalını ölkədəki situasiyaya təsir edən əsas siyasi fiqurlardan biri hesab edir. “Xaftar ötən il Aralıq dənizində neftdaşıyan limanların əksəriyyətini nəzarət altına alıb və o vaxtdan Rusiya prezidenti Vladimir Putin ona açıq maraq göstərir”, - İsveçrənin “Neue Zuercher Zeitung” qəzetinin siyasi müşahidəçisi Ulrix Şmid ötən il yazmışdı.