“Qəddafi fransız əsgərin oğlu imiş” – Gizli FAKT
2011-ci ildə xalq tərəfindən linç edilən sabiq Liviya lideri Muəmmar Qəddafi barəsində şayiə, rəvayətlər bitmək bilmir. Bunun bir səbəbi də sabiq diktatorun özü olub. Gəncliyindən ta ölümünə qədər dövləti idarə edən Qəddafi özü haqqında çox bilgiləri gizli saxlayıb. Hətta doğma ailə üzvəri belə onun kimliyi, uşaqlığı barəsində çox az nələrisə biliblər. Bu faktlardan biri də Muəmmar Qəddafinin atası ilə bağlı olub. Qəddafi hakimiyyətdə olduğu 30 ildən çox müddətdə atası barəsində nadir hallarda danışıb. Yalnız o, linç ediləndən sonra Liviya xüsusi orqanları bunun səbəblərini axtarmağa başladılar. Axtarış zamanı maraqlı bir detal üzə çıxdı. Moderator.az xəbər verir ki, Liviya yetkililəri Qəddafinin atası hesab edilən Menyar Qəddafi və anası Ayişə haqqında heç bir sənəd tapa bilməyiblər. Onların yaşaması, harada anadan olub, harada ölmələri haqqında da ətraflı məlumat yoxdu. Bu faktlar Qəddafinin valideynləri haqqında sorğu-sualı daha da artırdı. Üstəlik Liviyada qiyam başlanan zaman Fransa mediasına yer alan bir xəbərin təsdiqlədici qüvvəsi daha da artdı: Qəddafi əslən fransız imiş və o, II Dünya Müharibəsində almanlara qarşı döyüşən fransız hərbi pilot Albert Preziosinin oğlu imiş. Fransa mediasında yazılanlara görə, Albert 1941-ci ildə Liviya səmasında alman və italyan pilotlarına qarşı vuruşarkən, təyyarəsi parçalanır və o, Liviyanın ucsuz-bucaqsız çöllərinə düşür. Almanlar onun öldüyünü zənn edir. Lakin o ətrafda yaşayan və Qəddafinin də aid olduğu Senussi qəbiləsi yaralı pilotu tapır və bir ay içində onu müalicə edərək özünə gətirirlər. Albert xeyli müddət Liviya qəbiləsinin üzvləri arasında yaşayır və orada bir xanımla ailə qurur. Fransa mediasının iddiasına görə, 1942-ci ildə anadan olan Muəmmar həmin fransız pilotun oğludur. Pilot sonradan tam sağalır və yenidən cəbhəyə qayıdır. O, 1943-cü ildə döyüşçü dostlarına Liviyada bir qadınla evləndiyini və ötən il bir oğlu olduğunu da deyib. Həmin döyüşçülərdən biri bu faktı sonradan xatirələrində yazıb. Albertin özü isə 1943-cü ildə Rusiya səmasında gedən ağır döyüşdə dünyasını dəyişir. Maraqlısı budur ki, bu xəbərlərin yayıldığı ərəfədə Fransanın bir neçə mətbuatı dövlətin hərb tarixini öyrənən quruma bu haqda sorğu göndərib. Orduya tabe olan qurum faktı inkar etməyib.