2011-ci ildə- Liviyada başlanan xalq üsyanının pik vaxtlarında diktator Qəddafinin şəxsi tibb bacılarından biri ukraynalı Oksana Bolınskayanın qəfil yoxa çıxması hamının marağına səbəb oldu. Lakin 2011-ci ilin payızında Qəddafinin xalq tərəfindən zərərsizləşdirilməsindən sonra sular nisbətən duruldu.
Liviyadan vətəninə qaçan 25 yaşlı tibb bacısı məhz bu hadisələrdən sonra nüfuzlu mətbu orqanlara müsahibə verdi. O, müsahibə verərkən Qəddafi hələ xalq tərəfindən linç edilməmişdi, ölməmək üçün insanlardan gizlənirdi.
Bu ərəfədə sarışın tibb bacısının müsahibəsində Qəddafi barəsində dedikləri heyrətlə qarşılandı.
Moderator.az xəbər verir ki, iki il Qəddafinin yanında işləyən, hər gün onun təzyiqini ölçən və vitaminlərlə təmin edən tibb bacısı sabiq diktatoru müsbət insan kimi bildiyini və ona başqa tibb bacıları ilə birgə “ata” deyərək müraciət etdiyini qeyd edib. Oksananın sözlərinə görə Qəddafinin qəsrində yaşayan tibb bacıları və həkim heyəti onun və ailəsinin sağlamlığına cavabdeh idi. Onlar çox sadə geyinməli, qadınlarsa, diqqət çəkən heç nədən-hətta sadə makiyajdan belə istifadə etməməli idilər. Qəddafini hər dəfə müayinə edəndə yanında çoxlu adamın olduğunu deyən gənc ukraynalı qız diktatorla nadir hallarda danışdıqlarını bildirib. Amma Qəddafi hər dəfə onların problemləri, maddi durumları ilə maraqlanar və çatışmazlıqları həmən aradan qaldırarmış. Oksana Qəddafinin onlara az qala, sərvət verdiklərini də gizləmir. Sabiq lider hakimiyyətə gəldiyi gün ətrafındakı insanlarla bərabər, tibb bacılarına da bahalı hədiyyələr verirmiş.
Qeyd edək ki, məşhur Vikiliks sənədlərində Qəddafi ilə adı hallanan Oksana bu iddiaların hamısını rədd edib. O, nə özünün, nə də özündən başqa 5 ukraynalı tibb bacısının Qəddafi ilə heç bir yaxın münasibətdə olmadığını bildirib.