PAKİSTANDA “LİRƏ AL” KAMPANİYASI:müsəlman ölkənin vətəndaşları türk iqtisadiyyatına dəstək verirlər

Suddaf Çaudri

“Middle East Eye”

Onlar bir-birindən minlərlə kilometr uzaqda ola bilər, hətta ticarət əlaqələri minimaldır, amma Pakistanda keçirilən kampaniya insanları çətin günlər yaşayan Türkiyəyə dəstək verməyə təşviq edir.

Bu il Türkiyə iqtisadiyyatı prezident Rəcəb Tayyib Ərdoğanın iqtisadiyyata olan təsiri,  yüksək inflyasiya qarşısında  aşağı faiz dərəcələri tətbiq etmə çağırışları və Birləşmiş Ştatlarla əlaqələrin pisləşməsi üzündən dəyərinin 45 faizini itirib. Türkiyə həbsxanadakı amerikalı pastoru azad etməkdən imtina etdiyi üçün ABŞ prezidenti Donald Tramp bu ayın əvvəlində polad və alüminium tariflərini iki dəfə artırıb, nəticədə, lirənin də məzənnəsi düşüb.

Bir çox pakistanlı üçün bu, bir məna verir: lirə al.

Kəraçi şəhərində fəaliyyət göstərən IT işçisi Şüəyb əmanətlərinin bir hissəsini 300 türk lirəsi (50 dollar) almağa yönəldib. “Bir çox insan Pakistan bayrağının Osmanlı İmperatorluğunun ələmindən törəndiyini bilmir. Mən pakistanlıyam, amma hazırda türkcəni öyrənirəm”.

İslamabaddakı valyuta bazarında işləyən İbrahim deyir: “Pakistan və Türkiyə xalqı arasındakı əlaqəni təsvir etmək üçün söz tapmıram. Mən üç dəfə Məclisimizdə danışan başqa bir türk lider tanımıram, heç kim bizi bu səviyyədə dəstəkləməyib”.

Pakistanda onlarla adam bu ayın əvvəlində vətəndaş cəmiyyəti aktyorlarının çağırışı ilə Türkiyə valyutasını almağa yönəlib. Onların aldığı məbləğ minimaldır, orta hesabla 125-300 lirə arasında. Lakin Pakistanla Türkiyəni birləşdirəcək bir şey var: hər iki ölkə bu il Pakistana 255 milyon dollarlıq yardımı kəsən Tramp administrasiyasına qarşı çıxır. Analitiklərin fikrincə, ABŞ-la paylaşılan bu məyusluq lirə alma kampaniyasını genişləndirir.

“Pakistan və Türkiyə bir çox ortaqlıqları bölüşür, qeyri-sabit iqtisadiyyat hər ikisinin inkişafını ləngidir, – Lahorlu jurnalist İsgəndər Lodhi deyir. – Ölkələrimiz hazırda prezident Trampın radarındadır”.

Lodhi Trampın avqustun 10-da Türkiyəyə qarşı tarifləri ikiqat artırmasının pakistanlılara xüsusilə ilham verdiyini söyləyib.

IT işçisi Şüeyb də onunla razılaşır: “Anlamaq lazımdır: bu, ABŞ-a qarşı simvolik bir etirazdır, mənim töhfəm və ya başqa amillərin iqtisadiyyata təsir edib-etməməsi tamamilə fərqli bir məsələdir”.

Amma ABŞ-a meydan oxuduqdan sonra, hər iki ölkədə dindar müsəlmanlar da daxil olmaqla, Pakistanın Türkiyəyə dəstək verməsinin digər səbəbləri də var.

İslamabaddakı Qeydi-Azam Universitetinin beynəlxalq münasibətlər üzrə professoru Nazir Hüseyn bildirib ki, “iki xalqı bir araya gətirən Fələstin və digər müsəlman ölkələrində baş verən qırğınlara münasibətdir”.

Nazir Hüseyn, həmçinin keçmişdə Türkiyənin təmənnasız olaraq Pakistana dəstək təklif etdiyini söyləyib. “Çox az sayda insan bilir ki, Türkiyə 2005-ci ildə meydana gələn zəlzələdə Pakistana köməklik göstərib. “Lirə al” kampaniyası Pakistanın sosial mühafizəkar islamçı siyasi partiyası “Camaat-e-İslami tərəfindən də dəstəklənib. Türkiyə, “Müsəlman Qardaşlar”ın cəsarətli tərəfdarıdır, “Müsəlman Qardaşlar”, xüsusilə indi “Camaat-e İslami” ilə birlikdə müsəlman dünyasında möhkəm dəstək görür. “Camaat-e-İslami”nin Ərdoğana və türk xalqına dəstək verməsi təbiidir, bu dini partiyaların dostluq bağları var”.

1919-1923-cü illərdə, İstiqlal müharibəsi dövründə Britaniya ərazisi olan Hindistanın müsəlmanları Osmanlı İmperatorluğuna maliyyə yardımı göndərib. Lahorda fəaliyyət göstərən analitik İbrahim Qazi deyir: “Qətərli qardaşlarımız ilk yardım edən oldu. Pakistanın Türkiyə ilə minimal ticarət dövriyyəsinin olduğunu qəbul edirik, amma “lirə al” kampaniyası Türkiyəyə hədiyyədir”.

O, Pakistanda ABŞ məhsullarını boykot etməyə çağırıb. “Türk məhsullarını dəstəkləyirik. Biz Türkiyənin lehinə onun əmtəələrini satın alacağıq “.

Analitiklər və sorğu iştirakçıları kampaniyanın iki ölkə arasındakı əlaqələrin daha da artmasına imkan yaratdığını deyir. Ərdoğan ABŞ sanksiyaları ilə mübarizə aparmaq üçün Rusiya, İran və Çinlə yeni iqtisadi bloka üzv olmaq istəyir. Pakistan baş naziri İmran Xan Ərdoğana dəstək mesajları göndərib.

Bir çoxları Ərdoğanın və Xanın müsəlman dünyasında liderliyə ABŞ təzyiqlərinə asanlıqla təslim olmayan yeni bir paradiqma təqdim edə biləcəyinə inanır.

 

Bununla belə, ticarətin azalması və büdcə kəsirləri ilə mübarizə aparmaqla, Pakistanın status-kvoya etiraz qabiliyyəti havada qalır.

 

 






Fikirlər