Qətər və Türkiyəni birləşdirən amillər – İrana qarşı ittifaqda iki “zəif bənd” (TƏHLİL)
Birce Bora “Al-Jazeera” Səudiyyə Ərəbistanı, Misir, Birləşmiş Ərəb Əmirlikləri və Bəhreynin “terror təşkilatları”na dəstək iddiası ilə Qətərlə diplomatik münasibətləri kəsməsindən cəmi iki gün sonra Türkiyə parlamenti türk hərbi bazasının yaradılması barədə sazişi ratifikasiya edib. “Əl-Cəzirə”yə danışan türk analitiklər bunu “Qətərə aydın dəstək nümayişi” kimi yozublar. “Qətərlə müdafiə əlaqələri, həqiqətən, Türkiyənin bölgədə strateji mövqeyinin ayrılmaz sütunu kimi görünür, – Türkiyənin EDAM təşkilatının analitiki Can Kasapoğlu bildirib. – O, həmçinin Ankaranın kəskin regional dəyişmələrə məhəl qoymadan uzunmüddətli planlarını göstərir”. “Türkiyənin bu müddətə qədər də Qətərdə hərbi baza və əsgəri vardı, – Vaşinqtondakı SETA Fondunun icraçı direktoru Qədir Üstün izah edir. – Orada türk mövcudluğunun artırılması Qətəri sakitləşdirmək cəhdi də ola bilər”. Türkiyə Yaxın Şərqdə ilk hərbi bazasını 2014-cü ildə imzalanmış müqavilə çərçivəsində qurur. 5 min hərbçinin yerləşdirməyə qabil “türk evi”ndə artıq 200 əsgər var. Parlamentdə ratifikasiya edilmiş ikinci müqavilə iki ölkə arasında hərbi təlim əməkdaşlığını nəzərdə tutur. Qətər və onun qonşuları arasında münaqişənin davam etdiyi dövrdə hər iki müqavilə Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasından (AKP) olan millət vəkilləri tərəfindən parlamentə təqdim olunub. “Qətərdə hərbi baza Türkiyə üçün əhəmiyyətli güc proyeksiyasıdır, – Kasapoğlu bildirib. – Türkiyə həmişə Qətəri regionda öz mühüm strateji müttəfiq hesab edib və bu görünüşü nümayiş etdirmək üçün həmin bazadan istifadə edir”. Lakin analitiklər Körfəzi sarsıdan münaqişədə Türkiyənin Qətərə qoşun yerləşdirmək qərarının düzgün oxunmasının vacibliyini qeyd ediblər. “Qətərdə Türkiyənin hərbi bazası həmişə rəmzi olub və hələ də simvolik jestdir”. Bunu isə İstanbuldakı “Global Source Partners”dən olan siyasi analitik Atilla Yeşilada bildirib. “Türkiyə Qətərlə tərəfdaşlığını yüksək dəyərləndirir və Səudiyyə Ərəbistanının kiçik, lakin nüfuzlu əmirlik barədə tətbiq etdiyi xarici siyasəti təqdir etmir, lakin Riyad ilə mübarizə aparmağı da özünə borc saymır. Hərbi müqavilələrin ratifikasiyası anti-Səudiyyə hərəkəti deyil, – deyə C.Kasapoglu əlavə edib. – Türkiyə hələ də “Ən yaxşı iki dost arasında problem istəmirik” siyasətini yürüdür”. “Bununla belə, bu, anti-Səudiyyə mövqeyi deyil, lakin qətərpərəstdir. Ankara geosiyasi perspektivi müəyyən edib və Qətərdə hərbi varlığını son diplomatik böhrandan üstün bir şey kimi nəzərdən keçirir”. Türkiyə və Qətər regional münaqişələr və proseslərdə eyni tərəfdə olmanın uzun bir tarixini bölüşür. Onlar həm də Misir inqilabına dəstək verib və hakimiyyəti qəsb edən ölkənin hazırkı lideri Əbdülfəttah əl-Sisinin hərbi çevrilişini qınayıb. Bu iki dövlət, həmçinin “Müsəlman qardaşlar”, HƏMAS” və Suriya prezidenti Bəşər Əsədi devirmək üçün döyüşən üsyançıları “terror təşkilatları” kimi təsnifatlandırmaqdan imtina edir, həm də onlara dəstək verirlər. Qətər əmiri Şeyx Tamim bin Hamad Əl-Tani ötən uğursuz çevriliş cəhdinin ardından Türkiyə hökuməti və prezident Rəcəb Tayyib Ərdoğana güclü dəstək göstərdi, bundan sonra regional siyasətdə onların tərəfdaşlığı daha da gücləndi. Qətər və Türkiyə İran ilə münasibətlərdə “balans”a bənzər strategiya izləyir. Analitiklər Donald Trampın dəstəyi və təşviqi ilə Səudiyyə Ərəbistanı və BƏƏ-nin İranı tamamilə təcrid etmək üçün vahid cəbhə yaratmağa çalışdığını qeyd edirlər. Onların fikrincə, Qətərin İslam Respublikasına qarşı quzğun strategiya izləməkdən imtina etməsi nəticəsində o, anti-İran Körfəz ittifaqında “zəif bənd” kimi qəbul olunur. İranla güclü ticarət əlaqələrinə malik Türkiyə də qonşu ilə bir qarşıdurma istəmir və Dohanın “İran təhlükəsi”nə yanaşmasını müdafiə edir. “Riyad İranı ekzistensial təhlükə sayır, lakin Qətər, Türkiyə kimi, İrana qarşı olduqca mürəkkəb və çoxplanlı strategiya izləyir, – A.Yeşilada bildirib. – Türkiyə, İraq və Suriya İranla davalı vəziyyətdədir, həm də bu qonşusu ilə artan ticarət əlaqələri var. Bu, Riyadın Yaxın Şərqdə İrana qarşı təşkil edilən ittifaqda Türkiyənin gücünü sual altına qoyur. İrana qarşı münasibət bir daha Qətər və Türkiyəni eyni düşərgəyə qoyur”. Analitiklər izah edirlər ki, Türkiyə İranla tarixi rəqabəti düşmənçiliyə çevirməməkdən ötrü ABŞ və Səudiyyənin təzyiqinə müqavimət göstərir. “Türkiyə və İran uzun müddətdir ki, bunu etiraf edirlər, – Can Kasapoglu deyir. – Onlar İraq və Suriyada qarşı-qarşıya gəlir, amma bu, İran xarici işlər nazirinin Türkiyəyə gəlməsinə mane olmadı və ya iki ölkənin ticarət əlaqələrinə təsir etmədi”. “Türkiyə Qətərin xarici siyasətindəki bir çox aspektlərlə razılaşır və prezident Ərdoğan aydın şəkildə dedi ki, o, Riyadın Qətərə yönəlmiş ittihamları ilə razı deyil, – Atilla Yeşilada bildirib. – Fələstin, Misir, HƏMAS və “Müsəlman qardaşlar” kimi mövzularda hər iki ölkə eyni təmələ dayaqlanır. Amma bu, Türkiyənin Səudiyyə Ərəbistanı və ya BƏƏ ilə münasibətlərini təhlükəyə atmaq istəyi deyil”. Tərcümə: Strateq.az