“Azərbaycanda da qarışıqlıq yarada bilərlər” – Sərdar Cəlaloğludan İRAN ŞƏRHİ

1496908935_serdar

Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu Yaxın Şərqdə cərəyan edən son hadisələri, Qətər böhranını və İran parlamentindəki terroru şərh edib. ADP lideri BakuPost.az-a müsahibəsində regionda baş verənlərin Azərbaycan üçün olan təhlükələrindən də danışıb.

- Sərdar bəy, İran kimi sabit müsəlman dövlətinin parlamentinə “cihad”çıların soxulması bu ölkəyə xəbərdarlıqdır, yoxsa regionla bağlı yeni ssenarinin başlanğıcı?

– Mənə elə gəlir ki, Yaxın Şərqdə hadisələr başa çatır. Ona görə də yeni müstəviyə keçirlər. Münaqişələr İraqda başladı, Suriyada inkişaf elədi və indi də Qətər keçirirlər. Suriyada müharibə artıq yekunlaşır.
O dairələr ki, müsəlman dünyasının parçalanmasını qarşıya məqsəd qoyublar, onlar yeni və abad olan Qətər, İran, Türkiyə kimi ölkələrə xaosu yaymağa çalışırlar.
Ərdoğanın qəhrəmanlığı onda oldu ki, bu ssenarinin qarşısını aldı. Suriyadakı müharibə və terrorun Türkiyənin sərhədlərinə keçirmək istəyənlərə imkan vermədi.
Ona görə də indiki halda zəif halqa Qətər dövlətidir. Çünki Qətər onu blokadaya alan ölkələrdən geopolitik cəhətdən asılıdır. Əgər dövlətlər iqtisadi cəhətdən dəstək verməsələr Qətər xalqı acından ölər.
Bu baxımdan proseslərin içində məhz Qətərin seçilməsi onun 6 ölkədən asılı olması faktoruyla bağlıdır. Burada yalnız Misir formal olaraq iştirak edir ki, guya bu ölkələrin başqa niyyəti yoxdur.
Suriyanı da, İraqı da Amerika dağıtmışdı. İndi yeni zonalara girirlər. Bu layihələrin adını da qoyublar ki, guya, terroru dəstəkləyən və təriqətlərarası münasibətlərdəın sui-istifadə edənləri cəzalandırırlar.
Bu gün İslam dünyası şiəlik və sünnilik ziddiyyətində məhv edilir. Baxmayaraq ki, heç bir təriqətin İslama dəxili yoxdur. Allah da onlara göstərir ki, islamın yolundan çıxıblar və cəzalarını çəkirlər. Xristian dünyası isə onların təriqət qovğasından istifadə edib cəzalandırır.

- Bəs, Suriya və İraq müharibələrinin İrana tranformasiyası mümkündürmü?

– İran güclü və sabit dövlətdir. İran və Türkiyənin başına İraq bəlalarını gətirmək çətindir. Bu hadisələr Yəmən və Küveytdə ola bilər.
Yəni, hər bir ölkədə rejimlərin xarakterindən asılı olaraq hadisələr inkişaf edir. Qətər, Yəmən balaca ölkələrdir və onları seçə bilərlər.
Pakistanda edə bilməzlər, çünki atom bombası var. İrana Suriya kimi girmək mümkün deyil, güclü ordusu var. Türkiyədə də bu ssenarinin gerçəkləşməsi çətindir, demokratik sistem qurmuş dövlətdir…

- İŞİD İran, Türkiyə və Rusiyada terror törədib, üç sərhəd ölkəyə kamikadzelər girib, Azərbaycan üçün hansı təhlükələr mövcuddur?

– Azərbaycan da müsəlman ölkələrindən biridir. Burda asanlıqla qarışıqlıq yaradıla bilər. Necə ki, Qarabağda başımıza oyun gətirdilər. Əslində, bu gün Yaxın Şərqdə olan ssenarinin labaratoriyası Qarabağ idi. Azərbaycan və Yaxın Şərq üçün 100 faiz təhlükə var.

Digər tərəfdən də, Amerika neft ölkələrinə müdaxilələr edir ki, dolların kursunu saxlasın. O baxımdan da Azərbaycan restablizasiya üçün potensial hədəfdir.
Həmin təhlükəli ssenariləri Azərbaycanda gerçəkləşdirmək imkanları var. Çıxış yolu demokratik sistemin yaradılmasıdır. Əks halda Azərbaycan dünyadakı mədəniyyətlərarası toqquşmada zərbə ala bilər.

 






Fikirlər