İRANI XAMENEİNİN GİZLİ MÜŞAVİRİ İDARƏ EDİR- -Tehranın xarici siyasətinin "boz kardinalı" kimdir?
Qərb mətbuatının yazdığına görə, İranın xarici işlər naziri Məhəmməd Zərif artıq uzun müddətdir ki, dünyada əhəmiyyətli siyasi təsirə malik deyil. ABŞ-ın aparıcı nəşrlərindən olan “Foreign Policy” jurnalı iddia edir ki, xarici siyasət üzrə real “şef” İranın ali dini lideri ayətullah Xameneinin beynəlxalq məsələlər üzrə müşaviri Əli Əkbər Vilayətidir. Onu İran liderinin plan və niyyətlərinin “tərcümanı” adlandırırlar. Zərif uzun müddət Qərbdə ciddi fiqur hesab olunurdu. O, İran hökuməti ilə istənilən ziddiyyətin yoluna qoyulmasına dair danışıqlara açıq olan biri kimi tanınırdı. Burada İran diplomatiyası rəhbərinin Qərb keçmişi də böyük rol oynayırdı. Zərif ABŞ-da Yozef Korbel adına Beynəlxalq Əlaqələr Məktəbini bitirib. İngilis dilində yaxşı bilir, İran islahatçılarının təmsilçilərindəndir.
Məhəmməd Zərif “Foreign Policy”nin iddiasına görə, Zərif İran xarici siyasətinə elə böyük təsir rıçaqlarına malik deyil. Və Əli Əkbər Vilayəti onu kölgədə qoyub: “Tehranın xarici siyasət proqramı ilə maraqlanan və tanış olan hər kəsin Vilayətinin həm İranda, həm də regiona səfərləri zamanı hansı bəyanatlar verdiyini izləməsi faydalıdır. Bu mənada, Vilayətinin mühafizəkar baxışlarını və Zərifin praqmatizmindən fərqlərini öyrənmək Qərb liderləri üçün kritik vacib məsələdir. Məlumdur ki, İran Xarici İşlər Nazirliyinin hazırkı rəhbəri Zərif kimi, Vilayəti də Qərb təhsili alıb. O, Con Hopkins Tibb Məktəbində oxuyub. Lakin Zərifdən fərqli olaraq, Vilayəti ABŞ mədəniyyətini qəbul etmir”. Nəşrin yazdığına görə, Vilayətinin əsas siyasi rolu 2013-cü ildə İran prezidentliyə namizədliyini verməsi olub. Seçki kampaniyasının gedişində o, aktiv şəkildə Əhmədinejad hökumətinin xarici siyasətinə qarşı çıxışlar edib. Lakin 2013 seçkiləri Vilayətiyə uğur gətirmir və o, topladığı səslərin sayına görə 5-ci yeri tutur.
Əli Əkbər Vilayəti “Critical Threats” Mərkəzinin (American Enterprise Institute) qiymətləndirməsinə görə, Vilayəti hər zaman İslam inqilabının dəyərlərini müdafiə edir. Və İranı müsəlmanların müdafiəçisi adlandırır: “Nüvə “dosyesi” ilə məşğul olmasına baxmayaraq, Vilayəti ABŞ-la yaxınlaşmanın əleyhdarlarındandır. Bu da onun mühafizəkar qanada mənsubluğunu bir daha ortaya qoyur”. Analitiklər xatırladırlar ki, İslam inqilabının lideri ayətullah Xomeyni və hazırkı ali dini lider şəxsi müşavirlərindən həmişə paralel xarici siyasətin yürüdülməsi üçün istifadə ediblər. Bu baxımdan, baş müşavir Əli Əkbər Vilayətinin ritorika və addımlarını qiymətləndirməklə Xameneinin plan və prioritetlərini başa düşmək olar.
Putin və Vilayəti Vilayətinin ali dini liderə yaxınlıq səviyyəsi qeyri-müəyyəndir. Bununla belə, analitiklər hesab edirlər ki, beynəlxalq məsəllələr üzrə baş müşavir postunu tutması, həmçinin İranın aparıcı analitik mərkəzi olan Beynəlxalq Əlaqələr üzrə Strateji Şurada fəaliyyəti Vilayətinin ali dini liderə nə dərəcədə yaxın olduğunu ortaya qoyur. Yeri gəlmişkən, son dövrlərdə İran xarici siyasətinin “boz kardinalı” Suriya diplomatiya cəbhəsində İranın maraqlarının müdafiəsində böyük rol oynayıb. Məsələn, İranın hərbi müşavirlərinin Suriyada mövcudluğunun qanuni olmasını təmin edib. Vilayəti bu il iyulun ortalarında Rusiyaya səfər edərək prezident Vladimir Putinlə danışıqlar aparıb. Həmin danışıqlarda Suriyadakı vəziyyəti və nüvə sazişini müzakirə edib. Və Putinə prezident Həsən Ruhaninin mesajlarını çatdırıb… Tərcümə Strateq.az-ındır