Rusiya İsraili bağışlamır – ƏSƏDƏ DƏSTƏK güclənir

Rusiya Suriyanın silahlandırılmasına davam edir.

Teleqraf.com xəbər verir ki, Moskva Suriyaya daha bir neçə S-300 hava hücumundan müdafiə sistemləri göndərəcək.

Bu proses 2 həftə ərzində reallaşacaq və avadanlıq Suriya-İsrail sərhədində yerləşdiriləcək. Bu barədə Rusiyanın Müdafiə Naziri Sergey Şoyqu məlumat verib.

Ekspertlər Rusiyanın bu addımını İsrailə qarşı təhdid kimi qiymətləndirir.

Bir neçə gün öncə Suriya sahillərində vurulan Rusiyanın “İl-20” təyyarəsinə görə İsrail günahlandırılır.

İsrail tərəfinin öz günahsızlığını sübut etmək cəhdləri isə Kreml tərəfindən birmənalı qarşılanmır. Hərbi ekspertlərin fikirincə, 2 gün öncə İsraildən olan nümayəndə heyətinin gətirilən dəlillərlə birlikdə Moskvadan geri göndərilməsi Putin hökumətinin Tel-Əvivi hələ bağışlamadığı və qarşıdurmanın hələ uzun müddət davam edəcəyindən xəbər verir.

Bundan başqa Rusiya Suriya hava məkanını 1 həftə boyunca bütün uçuşlar üçün bağlı elan etməsi də İsrail üçün bir mesajdır.

Bir neçə saat öncə Rusiya prezidentinin mətbuat katibi Dmitriy Peskov İsrail-Ruisya münasibətlərini şərh edib:

“Təbii ki, bizim hərbi mütəxəssislərimizin rəyinə əsasən bu insidentə səbəb israilli pilotların hərəkətləridir. Bu da bizim münasibətlərimizə zərər vurdu”

Peskov həmçinin qeyd edib ki, hazırda rəsmi Moskvanın əsas hədəfi Suriyada olan hərbiçilərinin təhlükəsizliyidir.

O, həmçinin xatırladıb ki, İsrail Rusiyanın regionda Suriya münaqişəsi zamanı ilk əlaqə qurduğu dövlət olub. “İl-20” faciəsindən sonra isə bu əlaqələr əvvəlki səviyyədə deyil” deyə Peskov əlavə edib.

 






Fikirlər