ABBAS ABBASOV OĞLUNA GÖRƏ PUTİNƏ ÇIXIB! – Rusiya prezidenti Bakıdan sabiq deputatın xahişini edəcəkmi?
Təxminən bir ay əvvəl, avqustun 27-də baş nazirin sabiq birinci müavini Abbas Abbasovun oğlu Aydın Abbasovun Azərbaycanın hüquq-mühafizə orqanları tərəfindən saxlanıldığına dair xəbər yaymışdıq. “AzPolitika.info”ya daxil olan məlumatda bildirilirdi ki, Gəncənin sabiq deputatı A.Abbasov həmin gün Bakıya gələrkən Heydər Əliyev Beynəlxalq Hava Limanında saxlanılaraq, DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə aparılıb.Abbasovun hansı səbəbdən saxlanıldığı açıqlanmasa da, onun istintaq altında olduğu, dindirildiyi də saytımıza daxil olan məlumatlar sırasında idi. “AzPolitika.info” ötən müddət ərzində məlumatı dəqiqləşdirməyə, A.Abbasovun saxlanılma səbəbini öyrənməyə çalışsa da, rəsmi olaraq bu haqda hər hansı informasiya əldə etmək mümkün olmayıb. Məlumat saytımızda dərc olunduqdan sonra da təkzib olunmadı. Abbasovların və hüquq-mühafizə orqanlarının susqunluğu bu günə qədər davam edir. Bu da hazırda hər iki tərəfin gözləmə mövqeyində olduğunu, Aydın Abbasovla bağlı konkret qərarın verilmədiyini düşünməyə əsas verir. Elə saytımıza daxil olan yeni məlumatlar da bir növ bu ehtimalımızı təsdiqləyir. Belə ki, məlumatlı mənbənin sözlərinə görə, Aydın Abbasovla bağlı hazırda hər hansı istintaq hərəkəti aparılmasa da, o, hüquq-mühafizə orqanlarının nəzarəti altındadır. Onun təcridxanada olduğunu deyənlər də var, ev şəraitində nəzarət altında saxlanıldığını iddia edənlər də. Mənbə A.Abbasovun saxlanılması ilə bağlı rəsmi olaraq açıqlama verilməməsinin səbəblərini söyləyə bilməsə də, qarşı tərəfin susqunluğunu Putinin Bakıya gözlənilən səfərinə olan ümidlərlə bağlayır. Belə ki, Rusiyanın siyasi elitası ilə, o cümlədən prezident Putinin ətrafı ilə yaxın əlaqləri olan Abbas Abbasov dostlarının köməyi ilə oğlunun sərbəstliyinə nail olmaq niyyətindədir. Məlum olduğu kimı, Rusiya Prezidenti Vladimir Putinin sabah Bakıya səfəri gözlənilir. Abbas Abbasovun da yaxın dostu olan Rusiya Federasiyası Prezidentinin Xəzər regionu dövlətləri ilə iqtisadi əməkdaşlıq və humanitar məsələləri üzrə xüsusi nümayəndəsi, Dağıstan Muxtar Respublikasının sabiq rəhbəri Ramazan Abdulatipovun vasitəsilə Putinə çıxdığı, ondan oğlunun azad edilməsinə köməklik göstərməyi xahiş etdiyi bildirilir. Putinin bu xahişə necə yanaşacağı, rəsmi Bakıdan bunu istəyib-istəməyəcəyini zaman göstərək. Bakının belə bir xahişə reaksiyasını da… Xatırladaq ki, Aydın Abbasov Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev silahlı hücuma məruz qalarkən, “facebook” üzərindən bu hadisəni bir növ təqdir edən paylaşım etmişdi. Bizə verilən məlumata görə, A.Abbasovun adı Gəncə hadisələrilə bağlı cinayət işində rəsmən keçir… Onu da qeyd edək ki, aktiv “Facebook” istifadəçisi olan Aydın Abbasov avqustun 21-dən sonra bu sosial şəbəkədə heç bir paylaşım etməyib…