ABBAS ABBASOVUN OÖLUNUN saxlanılmasının arxasında gizlənən sirlər

Aydın Abbasovun Elmar Vəliyevə sui-qəsdə ironiyalı  münasibətinə görə saxlanması ehtimalı var; onun Hüseyn Abdullayevlə əlaqələrinin də araşdırıldığı ehtimal edilir

Baş nazirin sabiq birinci müavini Abbas Abbasovun oğlu Aydın Abbasov Azərbaycana gələrkən Heydər Əliyev Bakıya Beynəlxalq Hava Limanında Azərbaycanın hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb.

Məlumatı yayan azpolitika.info saytı sabiq deputat Aydın Abbasovun saxlanmasının Gəncə hadisələri ilə bağlı ola biləcəyi ehtimalını yazıb.

Bu günə qədər Aydın Abbasovun Gəncə hadisələrinə bağlılığı haqda hər hansı bir rəsmi məlumat yoxdur. Gəncə İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevə sui-qəsd etmiş Yunis Səfərovun sabiq deputatla necə əlaqəli ola biləcəyi haqda da hər hansı bir ipucu, məlumata rast gəlinməyib. Bilinən odur ki, Elmar Vəliyevə qarşı terrordan sonra Aydın Abbasov özünün sosial şəbəkədəki profili üzərindən reaksiya verib və ildırım surəti ilə yayılan reaksiya Vəliyevlərə xoş olmayıb. 

Yada salaq ki, Gəncənin sabiq deputatı düşmənçilik münasibətində olduqları Elmar Vəliyevin vurulmasına iki bənd şeirlə münasibətini ifadə etmişdi. Onun paylaşdığı 2 bənd şeirdə gəncəlilərə xəyanətdən və buna görə cəzadan söhbət açılırdı.

Sabiq deputat həmin vaxt bu statusu paylaşmışdı:

“- Gəncə xəzinədir əzəl binadan,

Qədir bilməyənə Gəncə qənimdir.

İndi gəncəlilər dursa kənarda,

Hər gələn deyər ki, Gəncə mənimdir.

Gəncəni sevənə Gəncə gencədir,

Ədalət hər şeydən burda öncədir.

Kim etsə xəyanət gəncəlilərə,

Qisməti ya möhnət, ya işgəncədir!"

hüseyn Abdullayev ile ilgili görsel sonucu

Qeyd edək ki, Abbasovlarla Elmar Vəliyevin münasibətləri əzəl gündən gərgin olub. 2013-cü ildən sonra isə düşmənçilik həddinə çatmışdı. Bu da səbəbsiz deyildi. Abbas Abbasov 2013-cü ilin prezident seçkiləri ərəfəsində Moskvada siyasi fəallıq göstərməyə başlayanda oğlu Aydın Abbasov Milli Məclisdə Gəncəni təmsil edirdi. Həmin günlərdə yayılan və təkzib olunmayan məlumatlara görə, Elmar Vəliyevin göstərişi ilə deputat toxunulmazlığı daşımasına baxmayaraq, Aydın Abbasov Gəncə polisi tərəfindən saxlanılmış, təhqirlərə məruz qalmışdı. Bakının müdaxiləsindən sonra Aydın Abbasov bir daha Gəncəyə ayaq basmamaq şərti ilə sərbəst buraxılmışdı. Bu şərti irəli sürən isə təbii ki, Elmar Vəliyevdən başqası deyildi. Sonrakı illərdə isə Abbas Abbasovun yaxın ətrafının və qohum-əqrəbasının Gəncədə təqiblərə məruz qalması xəbərləri yayılmışdı. Bu baxımdan Aydın Abbasovun Elmar Vəliyevin güllələnməsinə tikanlı münasibəti təsadüfi deyildi.

Ä°lgili resim

Elmar Vəliyev bu il iyulun 3-də sui-qəsdə məruz qalıb və ötən müddətdə onun harada olduğu haqda konkret məlumat verilmirdi. Aydın Abbasov Bakı hava limanında saxlanıldığı saatlarda Elmar Vəliyevin sağ-salamat olması haqda video yayılıb. Bunun sırf təsadüf,  yoxsa planlı şəkildə olması bilinmir. Abbas Abbasovun oğlunu məhz Gəncədə baş verən hadisəyə münasibətinə görə saxlayıblar, yoxsa başqa səbəblər  var?

Hazırda bu suallara cavab verəcək ünvanlar susurlar. Belə məlumatlar da dolaşır ki, Aydın Abbasovu digər sabiq deputat, Türkiyədə həbs olunaraq Azərbaycana gətirilmiş Hüseyn Abdullayevin cinayət işinə görə də saxlaya bilərlər. Mümkündür ki, Aydın Abbasovla Hüseyn Adbullayevin telefon danışıqları, yazışmaları və ya digər formada ünsiyyətləri qeydə alınsın. Abbasovların İstanbulda biznesinin olması yeni xəbər deyil. Cibində Almaniya pasportu gəzdirən Hüseyn Abdullayev də Aydın Abbasov kimi son illərdə Türkiyədə biznes qurub, istirahətini əsasən Türkiyədə keçiribmiş. Ola bilər ki, bu ehtimallar Hüseyn Abdullayevin cinayət işi üzrə aparılan istintaq çərçivəsində araşdırılır. Yaranan suallara Aydın Abbasovun cavabları öyrənilir. Aydın Abbasovun saxlanılması bu məsələ ilə də əlaqəli ola bilər. 

Qeyd edək ki, Azərbaycanın hüquq-mühafizə orqanları Aydın Abbasovun saxlanılması ilə bağlı hər hansı bir şərh vermirlər.  






Fikirlər