15.09.2014- Abbas Abbasovun oğlu barədə şok məlumat
Bakı küçələrində gecələr peyda olan baykerlərdən biri də deputat Aydın Abbasovdur. Baykerləri adi motosiklet həvəskarlarından fərqləndirən onların “dəmir at”ı bir qayda olaraq yüksək sürətlə hərəkət etdirmələridir.
Aydın Abbasovun “dəmir at”a həvəsinin nə vaxtdan olması bilinməsə də, onun facebook səhifəsində paylaşdığı fotolardan aydın olur ki, deputat gecələr bahalı “Harley-Devidson” motosikletinin sükanı arxasına keçir.
Deputat Azərbaycan baykerlərinin təşkilatı “Baku HOG Azerbaijan”ın da (Harley Owners Group) üzvüdür. Təkilatın internet səhifəsində də Aydın Abbasovun quruma üzvlüyü haqda qeyd var. Həmin qeyddə deputatın avtobioqrafiyası yer alır: “Abbasov Aydın Abbas oğlu 1976-cı il avqustun 26-da Gəncə şəhərində anadan olub.
Londondakı Amerika kollecinin biznesi idarəetmə fakültəsini və Bakı Dövlət Universitetinin hüquq fakültəsini bitirib. Rus və ingilis dillərini bilir.
1998-2005-ci illərdə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Xarici Sərmayələr İdarəsində Qazın satışı və marketinqi şöbəsinin rəisi vəzifəsində çalışıb. 2005-ci ildə 37 saylı Nizami birinci (Gəncə) seçki dairəsindən deputat seçilib. Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvüdür.
Motosiklet həvəskarıdır. 2013-cü il tarixindən Baku HOG Azerbaycanın üzvüdür".
Bu təşkilat bir qədər əvvəl Bakıdan Şəkiyə baykerlərin yürüşünü təşkil edib. Həmin yürüşə bayker deputatın qatılması haqda məlumat yoxdur. Bilinən odur ki, Abbas Abbasovun oğlu ölkədən kənarda, Çeçenstanda, Özbəkistanda motosiklet sürür. Dünyada baykerlərin - “dəmir at” üzərində həyat keçirməyi sevənlərin müxləfif təşkilatları var. Bu təşkilatların da əksərinin qaydaları, həyat tərzləri, geyimləri oxşardır. Dəridən gödəkçə və şalvar, başda qoruyucu kaska əvəzinə bandana və ya Vermaxt əsgərlərinin buynuz əlavə edilmiş kaskası, uzun bığ və saçlar baykeri adi motosikletçidən ayıran nişanələrdir. Bayk - motosiklet sevərlər əsasən 7 qaydaya riayət edirlər - rok müsiqisinə qulaq asır, tərkibində spirtin faizi çox olan içkilər qəbul edir, özündən əvvələ heç bir “dəmir at”lını buraxmır, heç bir halda polisə təslim olmur, “dəmir at”ın daim ideal vəziyyətdə olmasına nəzarət edir, siyasətə qarışmır və həmişə bayker olaraq qalır.
Baykerlər ötən əsrin 50-ci illərində ABŞ-da ilk təşkilatlarını yaradıblar. 20 il sonra Avropada da “dəmir at”lıların təşkilatları yaranıb və 80-ci illərdə keçmiş Sovetlər Birliyində baykerlər rokkerlər adı ilə yayılmağa başlayıblar.
Aydın Abbasovun baykerlərin qaydalarına nə dərəcədə riayət etməsi bizə məlum deyil. Bir qədər əvvəl Bakı Beynəlxalq “Motor Şou”sərgisində ən bahalı və ən ucuz motosikllər nümayiş etdirilmişdi. Sərgidə Çində istehsal olunan “Zontes” motosikletlərinin qiyməti 1600 manat, Amerika istehsalı olan “Harley-Devidson”ların qiyməti isə 60 min manat idi.
Sabiq baş nazirin 1-ci müavini Abbas Abbasovun oğlunun facebook divarında izləyicilərinin mühakiməsinə çıxardığı “dəmir at”ı - “Harley Devidson” markalı baykı Bakıdakı motomağazalarda yeni istehsal edilmiş bahalı maşın markaları ilə təxminən eyni qiymətədir. (musavat)