“Vaxtında su, çay içib QAYIDA BİLƏRLƏR...”

“Vaxtında su, çay içib qayıda bilərlər...”

Xəbər verdiyimiz kimi, Milli Məclisin oktyabrın 16-da keçirilən plenar iclasına sədrlik edən spiker Oqtay Əsədov həmkarlarına irad tutub.

“Qafqazinfo” xəbər verir ki, O. Əsədov səsvermə zamanı yetərsayın olmamasını bildirərək səs verməyən deputatlara söz ataraq “belə getsə, Milli Məclisin kofe, çay yerinin bağlamalı olacağıq” deyib. 

 Bəs, tez-tez belə iradları eşidən deputatlar bu barədə nə düşünür? Bu halların təkrarlanması nədən xəbər verir? 

 “Qafqazinfo” bu kimi suallarla parlamentarilərə müraciət edib. 

Zahid Oruc qeyd edib ki, hazırda daxili nizamnamənin tələbindən çıxış etsək,  deputatların müzakirələrdə və səsvermədə iştirakı mütləq tələbdir: “Əks halda, keçmişdə  bir həmkar digərinin mövqeyini ifadə edə bilirdi. Bu da mediada və cəmiyyətdə çox mənfi qarşılanmışdı. Parlamentin bu qaydaya əməl etməməsi müxtəlif instansiyalarda qanunun ruhuna hörmətsizlik edilirmiş kimi əsas yaratmış olurdu. Ona görə də norma sərtləşdirildi. Bizdə səsvermədə kvotalar ilə bağlı başqa alternativ yoxdur. Ona görə də sədrin belə yanaşması normaldır”. 

Z. Oruc  xarici ölkələrin parlament təcrübələrini nəzərə alaraq xatırladıb ki, əksər Avropa ölkələrində  iştirak və səsvermə prosedurları ləğv edilib: “Hesab edirəm ki, gələcəkdə parlamentin daxili prosedurları həddindən artıq sadələşdiriləcək. Hökm deyil ki, 125 nəfər iştirak etsin. Amerika konqresində  konqres üzvü öz iradəsini elektron üsulla da ifadə edə bilir. 

Qeyd edim ki, parlamentdə keçmişdən foye şəraiti qurulub: “Ora sanki mini parlament salonudur. Ora daha artıq dərəcədə çayı və kofesiylə cəlbedicidir. Bir çoxları orada daha maraqlı müzakirələr aparmış olur. Bəzən maraqlı fikirləri tribunadan səsləndirmək imkanı da olmur. Ona görə ki, sərt reqlament mövcuddur. Halbuki cari məsələlərə verilən vaxt 30 dəqiqədir. Bizdə isə parlament saatı, xüsusi dinləmələr günü  yoxdur.Səsvermə proseduru hazırkı dövrdə bu cür  sərt normativ altında qalırsa, bu cür iradlar iclasa sədrlik edən şəxs tərəfindən edilməlidir. Belə olmadığı halda layihə qəbul oluna bilmir. Başqa alternativ də qəbul olmur”.

Fazil  Mustafanın sözlərinə görə, bu cür hadisələr dünya parlamentlərində də baş verir: “Bir də görürsən ki , Türkiyə parlamentində çıxışlar zamanı zalda az adam olur. Hərə bir tərəfdə hansısa bir işlə məşğul olur. Bu hallar normal qəbul olunur. Parlamentdə müəyyən yaş təbəqəsindən olan insanlar var. Bunların içində yaşlılar da, müəyyən xəstəlikləri olan şəxslər də var. Bunlar başa düşüləndir. Ancaq bu cür vəziyyətin bir neçə dəfə baş  verməsini spikerin deputatları danlaması kimi qəbul etmək olmaz. Əlbəttə ki, səsvermə zamanı yetərsay olmadığı halda bu cür iradların olması normaldır. Amma bəzən olur ki deputatlar da spikerə öz narazılıqlarını  bildirirlər. Bu da əsasən onlara cavab haqqı  verilmədiyi hallarda baş verir”. 

Fəzail Ağamalı spikerlə razı olduğunu qeyd edib: “Onlar da mənim kimi deputatlardır. Mən Oqtay müəllimin  fikri ilə razıyam ki, plenar iclaslarda iştirak mütləqdir.  Deputatların iclasda iştirak etmək və qanun yaradıcılığından başqa üzərinə bir vəzifə düşmür. Təbii ki gerçəklik odur ki, iclasın müəyyən dövründə kimsə kənara çıxa bilir. Bu normaldır. Qalan hallarda isə, biz iclaslara ciddi yanaşmalıyıq.  Elə etməməliyik ki, cənab sədr səviyyəsində bu cür iradların hədəfinə çevrilək. Xüsusən plenar iclaslar gedə-gedə saatlarla içəridə olmamaq, oturub söhbət  etmək, yığıncaqdan kənar işlərlə məşğul olmaq  əlbəttə, doğru deyil. Oqtay müəllimi də narahat edən və əsəbiləşdirən bu məsələ oldu. Görünür, Milli Məclisin deputatlarını öz ətrafına toplayan bir çay, kofe yeri var. Ona görə də oranın bağlamalı olacağını ifadə etdi.  Ancaq hesab edirəm ki, yığıncağın keçirildiyi məkan ilə həmin yer arasında məsafə çox olmadığı üçün  deputatlar vaxtında gedib su, çay içib qayıda bilərlər”.

Çingiz Qənizadə hesab edir ki, spiker bu cür iradlar bildirə bilər, deputatların işini də təşkil edə bilər: "İclasın sədri olaraq Oqtay Əsədov bu cür irad bildirməkdə tamamilə haqlıdır. Hesab edirəm ki, o hal mənimlə bağlı da baş versəydi, mən tənqid olunsaydım, bunu əsaslı hesab edərdim. Bəzən ola bilər ki, həmkarlarım müəyyən vaxtı düzgün seçə bilmirlər.  Baxırsan ki, çıxışa beş-altı nəfər yazılıb. Bu çıxışlar 3 dəqiqədən olanda 15 dəqiqə 5 dəqiqədən isə 25 dəqiqə edir. Yəni bu çıxışlar zamanı  salona çıxıb girmək daha  yaxşı olar, nəinki çıxışların sonunda zalı tərk etmək və səsverməyə çatmamaq. Günahı özümüzdə axtarmağın tərəfdarıyam”.

 






Fikirlər