Məşhur diplomatlardan Dövlət Komitəsi ilə bağlı AÇIQLAMALAR

Diasporla İş üzrə Dövlət Komitəsinin təşəbbüsü ilə son günlər bir sıra xarici ölkələrdə azərbaycanlıları birləşdirən qurumların Koordinasiya Şurası yaradılır.

Artıq Almaniya, İsveçrə, Fransada yaşayan soydaşlarımızın Koordinasiya şuraları fəaliyyət göstərir.

Baxmayaraq ki, Dövlət Komitəsi 25 ildir mövcuddur, amma ötən illər ərzində xaricdə yaşayan soydaşlarımızın fəaliyyəti belə koordinasiya  olunmayıb. Bu isə ona gətirib ki, xaricdə təşkilatlanan azərbaycanlılar  komitə ilə paralel şəkildə addımlaya bilməyib. Təbii, bu işdə soydaşlarımız arasında “günah keçisi” axtarmağa da dəyməzdi. Çünki “başsız atlı” heç vaxt  aydınlığa vara bilmir.

Nəhayət, komitəyə son təyinatdan sonra pərakəndə və dağınıq formada çabalayan diaspor təşkilatları bir araya gətirilir.

Xaricdə yaşayan soydaşlarımızın  aydınlığa çıxa bilməsi üçün vahid mərkəzdən paralel mexanizm şəbəkəsi yaratmağa nail olunur 

Koordinasiya Şurasının yaradılmasında məqsəd nədir?

Elə buradan başlayaq. Xarici ölkələrdə yaşayan  azərbaycanlıların diaspor təşkilatlarının sayı ölkədən-ölkəyə fərqlidir. Məsələn, Ukraynanı götürək. Orada 100-dən artıq diaspor təşkilatı fəaliyyət göstərir. Həmin təşkilatlar Azərbaycanla bağlı hansısa özəl günlərdə ayrı-ayrılıqda tədbirlər keçirir. Təbii ki, birinin digərinin gördüyü işdən xəbəri də olmur. Üstəlik bu qədər təşkilatın ayrılıqda və dağınıq şəkildə Xocalı sıyqırımını, Qarabağ münaqişəsini gündəmə gətirməsi, həqiqətləri dünya ictimaiyyətinin diqqətinə çatdırmağa çalışması effekt vermir.

Elə buna görə də azərbaycanlıların Koordinasiya Şurasının yaradılması həm də proseslərə təsiretmə imkanlarını ortaya qoyur. Çünki birgə və bərabər addımlamaq, bütövləşmə baryerini aşmış olacaq.

Azərbaycanın sabiq xarici işlər naziri, politoloq Tofiq Zülfüqarov deyib ki, xaricdəki diaspor təşkilatlarının Koordinasiya Şurasının yaradılması çox vacibdir:

Hesab edirəm ki, bu, çox yaxşı addımdır. Çünki dünyada yaşayan azərbaycanlıların birgə addımlaması çox önəmlidir. Soydaşlarımız xarici ölkələrdə özünü təcrid olunmuş vəziyyətdə hiss etməməlidir. Məhz bərabər şəkildə biri-birinə dəstək olmalıdırlar. Amma çox istərdim ki, bu işi Xarici İşlər Nazirliyi və Diasporla İş üzrə Dövlət Komitəsi birgə həyata keçirsin. Belə olan təqdirdə hər iki qurum biri-birilə bağlantı yaradacaq. Həmçinin,  Koordinasiya şuralarınəın yaradılması çox vacibdir. Koordinasiya Şurası təkcə diaspor təşkilatlarının yox, həm də iki qurumun qüvvələrinin toplanması üçün çox yaxşı şərait yaradır. Xarici İşlər Nazirliyinin adını ona görə qeyd edirəm ki, xaricdəki səfirliklərimizin fəaliyyəti çox genişdir. Onların xarici ölkələrə işçiləri ezam olunub. Birbaşa əlaqələrin yaradılması üçün səfirliklərin daha geniş imkanları var. Diaspor Komitəsi isə mütəmadi olaraq xarici ölkələrə gedib-gələ bilmir. Amma xarici ölkələrdə rəsmi olaraq səfirliklər mövcuddur. Koordinasiya Şurasının mövcud olması isə əlaqələri daha da möhkəmləndirəcək”.

Görkəmli diplomat, Azərbaycan Xalq Cümhuriyyəti tarixinin araşdırıcısı, Fransanın “Fəxri Legion Kavaleri” Ordenin sahibi Ramiz Abutalıbov da diaspor təşkilatlarının Koordinasiya şuralarının vacibliyini qeyd edib:

Doğrudur, azərbaycanlıların Koordinasiya şuralarının fəaliyyəti ilə hələ ki  yaxından tanış deyiləm. Amma onu deyə bilərəm ki, “koordinasiya” sözünün özü müsbət anlam ifadə edir. Ona görə də azərbaycanlıların Koordinasiya Şurasının yaradılması çox yaxşı haldır. Sadə misal gətirək: xarici ölkədə yaşayan Azərbaycan təşkilatları hansısa günlə bağlı tədbir keçirir. Eyni anda hamısı tədbir keçirərkən effektli olmur və hansına gedəcəyini bilmirsən. Yaxud da etiraz mitinqi keçirmək istəyirlər. Bunu mütləq razılaşdırmalıdırlar. Bunun üçün Koordinasiya Şurasının mövcudluğuna ehtiyac var. Diaspor təşkilatları üçün bunun  irəli sürülməsi çox yaxşı ideyadır. Məsələn, tutaq ki, Azərbaycan tarixi ilə bağlı kitab nəşr etdirmək istəyirik. Bu zaman yaxşı olar ki, hər təşkilatın ağsaqqalı ilə məsləhətləşmə aparılsın. Ona görə də bu addımı alqışlayıram. Bu şəkildə yanaşma ümumi işimizin xeyrinədir. Diasporla İş üzrə Dövlət Komitəsinin bu addımını biz xaricdə yaşayan azərbaycanlılar alqışlayırıq”.

 






Fikirlər