Azərbaycanda son günlər xalq artisti Faiq Ağayevin deputatlığa namizdəliyi iddiası cəmiyyətdə incəsənət, şou adamlarının parlamentdə təmsilçiliyini gündəmə gətirib, geniş müzakirələrə səbəb olub.
Yeni Azərbaycan Partiyasının (YAP) İcra katibinin müavini, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov "Report”a açıqlamasında bildirib ki, yaşı 18- i tamam etmiş, qanunvericiliyin tələblərinə uyğun olan hər bir Azərbaycan vətəndaşı, o cümlədən istənilən incəsənət və şou nümayəndəsi deputatlığa namizədliyini verərək xalqın dəstəyini sınaya bilər: "Son referendumdan sonra bildiyiniz kimi bu yaş həddi 25-dən 18-ə endirilib. Buna görə də indi daha çox vətəndaşın deputatlığa öz namizədliyini vermək imkanı var. Bu, seçkili orqandır və qanunvericiliyin tələblərinə uyğun olaraq hər bir vətəndaş namizədliyini verə bilər”.
Konkret olaraq son vaxtlar xalq artisti Faiq Ağayevin deputatlığa namizədliyini vermə təşəbbüsü ətrafında gedən müzakirələrə toxunan S. Novruzov bildirib ki, Milli Məclisdə xalqın dəstəklədiyi hər bir sənətin nümayəndəsi seçilə bilər: "Axı qanunvericiliyə əsasən sənətinə görə kiməsə bununla bağlı məhdudiyyət də yoxdur. Bu, xalqın seçimidir. Əgər Faiq Ağayev həqiqətən də iddia etdiyi kimi xalqın səsini qazana biləcəksə, buyursun hüququndan istifadə etsin. Bizim xalqın seçimi qarşısında boynumuz qıldır, qıldan da nazikdir”.