QARABAĞ Komitəsindən mitinqlə BAĞLI AÇIQLAMA
“Müraciətlərimizi icazə verilənədək davam etdirəcəyik” Xəbər verdiyimiz kimi, Qarabağ Komitəsi 15 dekabra yeni Qarabağ mitinqi təyin edib. Mitinqin Bakı şəhərində “Məhsul” stadionunda saat 15.00-17.00-dək “Qarabağa azadlıq!”, “İşğala son!” şüarları ilə keçirilməsi qərara alınıb. Mitinqə hazırlıq işlərinə artıq bir neçə gündür başlanılıb. Qarabağ Komitəsinin İşçi qrupunun üzvü, AXP sədri Pənah Hüseyn isə sosial şəbəkə vasitəsilə 15 dekabr mitinqi ilə bağlı çağırış edib. P.Hüseyn bildirib ki, Qarabağ Komitəsi 10 min adamın iştirakı ilə mitinq keçirmək barədə qərar verib və mitinqə hazırlıq başlanıb. Xatırladaq ki, Qarabağ Komitəsi ilk Qarabağ mitinqini sentyabrın 29-da Bakı Şəhər İcra Hakimiyyətinin razılığı ilə “Məhsul” stadionunda keçirib. İkinci mitinqini isə 24 noyabra eyni ünvana təyin etmişdi. Lakin Bakı Şəhər İcra Hakimiyyəti mitinqin keçirilməsini məqsədəuyğun hesab etmədi. Qarabağ Komitəsi qarşıdurma yaranmasını istəmədiyini əsas göstərərək razılaşdırılmamış mitinqə getməmişdi. 15 dekabra təyin olunan mitinq üçüncü mitinqdir. BŞİH-in bu dəfə razılıq verib-verməyəcəyi hələlik bəlli deyil. Bakı Şəhər İcra Hakimiyyətinin 24 noyabra təyin olunmuş mitinqə razılıq verməməsindən az sonra Qarabağ Komitəsinin 15 dekabra mitinq təyin etməsi maraqla qarşılanıb. Yenə də meriyadan eyni cavabın gələcəyi ehtimalının yüksək olduğunu Qarabağ Komitəsi də yəqin ki, bilir. O zaman nədən yenidən mitinq təyin etdikləri barədə sual meydana gəlir? Qarabağ Komitəsinin İşçi Qrupunun üzvü, Qarabağ Azadlıq Təşkilatının sədri Akif Nağı bildirdi ki, 15 dekabra yenidən mitinq təyin olunması Qarabağ Komitəsinin qərarıdır. Bu qərarın qəbul olunmasında məntiq davamlı mitinq ideyası ilə bağlıdır: “Hesab edirik ki, Qarabağ mitinqinin keçirilməsinə icazə verilməlidir. Hakimiyyət bu müraciətlərə diqqətlə yanaşmalı və bizim xoş niyyətimizi, Qarabağın azadlığı naminə çalışdığımızı nəzərə almalıdır. Mitinqlə bağlı müraciətlərimizi icazə verilənədək davam etdirəcəyik”.