24 noyabra təyin olunan MİTİNQlə bağlı QEYRİ-MÜƏYYƏNLİK...

Image result for pənah hüseyn

Pənah Hüseyn: “24 noyabr mitinqi ilə bağlı sosial şəbəkədə hətta təxribat olacağı haqda müəyyən şayiələr buraxılıb

Noyabrın 21-də Qarabağ Komitəsinin toplantısı keçirilib. Toplantıda təşkilati məsələlərə baxılıb və Sevinc Axundova yekdilliklə Qarabağ Komitəsinə üzv seçilib. Bununla da Qarabağ Komitəsinin üzvlərinin sayı 38 nəfərə çatıb. İclasda, eyni zamanda Qarabağ Komitəsinin üzvü Əvəz Zeynallı Komitənin mətbuat xidmətinin rəhbəri seçilib.

İclasda daha sonra 24 noyabr 2018-ci ildə keçiriləcək mitinq məsələsi və mitinqə verilən rədd qərarından Bakı 1 saylı İnzibati-İqtisad Məhkəməsinə olunan müraciət müzakirə olunub. Müzakirələrdə məhkəmənin verdiyi qərarın  doğru olmadığı bildirilib. Bəyan edilib ki, 24 noyabrda keçirilməsi istənilən mitinqin məhkəmə baxışının dekabrın 7-nə təyin edilməsi qanunsuzdur. Aparılan müzakirələr nəticəsində qərara alınıb ki, 23 noyabrda saat 11.00-da Qarabağ Komitəsinin İşçi qrupunun fövqəladə iclası çağırılsın və 24 noyabrda mitinqin keçirilib-keçirilməməsi barədə son qərar o iclasda verilsin.

Qarabağ Komitəsinin İşçi qrupunun üzvü, AXP sədri Pənah Hüseyn “Yeni Müsavat”a açıqlamasında bildirib ki, 24 noyabr mitinqinin qadağa olunmasına görə BŞİHİ qərarından 1 saylı Bakı inzibati iqtisadi məhkəməsinə edilən şikayətə baxılması qanunsuz olaraq 7 dekabra təyin edilib. Qanunun tələbinə görə şikayətə 24 noyabra qədər baxılmalı idi: “1 saylı Bakı İnzibati İqtisadi Məhkəməsinin müraciətimizə cavabı Azərbaycanda məhkəmə sisteminin müstəqil olmadığının bariz nümunəsidir. Ayın 21-də Qarabağ Komitəsinin toplantısından sonra 1 saylı Bakı İnzibati İqtisadi Məhkəməsində olub, Minsk Qrupu həmsədr ölkə səfirlikləri qarşısında piketin qadağan edilməsi haqqında Bakı şəhər İcra Hakimiyyətinin qərarından verdiyim şikayətin taleyi ilə maraqlandım. Dəftərxanada məlum oldu ki, iş hakim Miminat Hacçbəyovaya verilib. Hakimin köməkçiləri xeyli axtarışdan sonra məlumat verdilər ki, bu işə baxış ümumiyyətlə təyin edilməyib və nə vaxt təyin ediləcəyi də məlum deyil. Mən ”Sərbəst toplaşma azadlığı haqqında" qanunun 11 -ci maddəsində bu cür işlərin şikayət daxil olduqdan sonra 2 gün ərzində baxılmalıdır müddəasını xatırlatdıqda isə dedilər ki, onlar İnzibati Prosessual Məcəllənin müddəalarını əsas tuturlar. İPM- də isə işin baxılması müddəti barədə konkret müddəa yoxdur. Mən elementar hüquqi bilgilərimə istinad edib, bu halın xüsusi hal olduğunu, məsələn Seçki prosesində olduğu kimi, qanunun özündəki müddəanın (konkret halda Sərbəst Toplaşma Azadlığı haqqında qanunun 11- ci madəsinin) üstün prosessual qayda kimi götürülməli olduğunu dedikdə isə dedilər ki, onlar üçün əsas olan İP Məcəllədir, Sərbəst toplaşma azadlığı qanununu isə tanımırlar. Mən bu məsələdən də şikayət verəcəyəm".

P.Hüseyn hesab edir ki, Qarabağ mitinqinə razılıq verilməməsinin səbəbi var: “Mitinqə münasibətin nədən ibarət olması əslində Bakı Şəhər İcra Hakimiyyətinin cavabında qeyd olunub. Orada yazılıb ki, prezident İlham Əliyevin apardığı siyasət Qarabağın azad olunması məsələlərini əhatə edir, ona görə də mitinq keçirmək məqsədəuyğun deyil. Mitinqə razılıq verilməməsində başqa məsələlər də var. Azərbaycan prezidenti ilə Ermənistan baş nazirinin Düşənbədə görüşündə müəyyən razılaşmaların olması və bu razılaşmaların Azərbaycan tərəfinin də bir növü davakar olmayan mövqeyinin ifadə olunmasını gərəkliyi deyilir. Məncə, əsas səbəb Qarabağ məsələsinin xalqı fəallaşdıra və təşkilatlandıra biləcək ideya ola biləcəyindən ehtiyatlanmaqdır. Amma biz hesab edirik ki, Azərbaycan üçün Qarabağ məsələsi, hakimiyyət məsələsindən mühümdür. Qarabağla bağlı baş verənlər, işğalın bu qədər uzanması, beynəlxalq məkanda separatçı rejimin qəbul edilməyə başlaması kimi məsələlər Azərbaycan cəmiyyətini və bizi narahat edir. Qarabağla bağlı mitinqin keçirilməsinin məqsədi də bu narahatlığı ortalığa qoymaqdan ibarətdir”.

P.Hüseynin sözlərinə görə, işin hüquqi tərəfi ondan ibarətdir ki, mitinqlə bağlı müraciət qanunvericiliyə tam uyğundur. Bu müraciətə verilən cavab isə qanuna qətiyyən uyğun deyil: “Müraciətimizdə qətiyyən siyasi tələblər qətiyyən yox idi. Sentyabrda keçirdiyimiz mitinqdə ayrı-ayrı adamların çıxışlarını əsas kimi göstərmək istəyirlər. Lakin bu bir bəhanədir və mitinqə razılıq verilməməsi üçün hüquqi əsas ola bilməz.

Hakimiyyət bilməlidir ki, biz hər bir halda Qarabağ məsələsini gündəmdə bir nömrəli məsələ kimi saxlamaqda davam edəcəyik".

AXP sədri dedi ki, 24 noyabr mitinqi ilə bağlı son qərarın necə olacağı haqda qəti fikir söyləməkdə çətinlik çəkir: “Yekun qərara 23 noyabrda gəlinəcək. Ən azı bu günə Qarabağ Komitəsinin razılaşdırılmamış aksiyalar keçirməmək barədə prinsipial mövqeyi var. Biz məhkəmənin münasibətini də gözləyəcəyik və ona uyğun olaraq da qərar qəbul olunacaq. Açığı, 24 noyabr mitinqi ilə bağlı sosial şəbəkədə narahatlıq doğuran bir ajiotaj yaranıb, hətta təxribat olacağı haqda da müəyyən şayiələr buraxılıb. Ona görə də biz bütün bu kimi məsələləri nəzərə alacağıq”. (Yeni Müsavat)






Fikirlər