ƏLİYEV rus torpaqlarında Ermənistanı belə məğlub etdi - Sankt-Peterburq görüşünün SİRRİ AÇILDI
MDB dövlət başçılarının və Avrasiya İqtisadi İttifaqına üzv dövlətlərin Sankt-Peterburqda keçirilən sammitində Ermənistanda baş nazir vəzifəsini icra edən Nikol Paşinyanın “lider” kimi qəbul edilməməsi xüsusi diqqət çəkdi. Lakin Avrasiya İqtisadi İttifaqına üzv dövlətlərin rəhbərlərinin iclasından sonra Belarus prezidenti Aleksandr Lukaşenkonun açıqlaması Ermənistanın rus torpaqlarında yaxşı şillə yediyini açıq şəkildə təsdiqlədi.
Publika.az xəbər verir ki, Lukaşenko Sankt-Peterburqda qeyri-rəsmi şəkildə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) baş katibin seçildiyini bəyan etdi.
“Biz az qala gözlənilmədən KTMT-nin iclasını keçirdik və prinsip etibarilə baş katibin təyinatı problemini həll etdik”, - deyə Lukaşenko baş katibin Belarus nümayəndəsi olacağını təsdiqləyib.
Qeyd edək ki, KTMT-də erməni baş katib Yuri Xaçatrov haqqında Ermənistanda cinayət işi açılandan sonra bu post boş qalıb. Ermənistanın təşkilatda baş katiblik müddəti 2020-ci ildə başa çatmalıdır. Lakin təşkilata üzv ölkələr, xüsusilə Qazaxıstan və Belarus Ermənistanın yeni namizəd irəli sürməsinə qarşı çıxdılar və əlifba sırası üzrə baş katibliyin Belarusa keçməli olduğu fikrini müdafiə etdilər. Təşkilatın Astanada keçirilən sonuncu iclasında bununla bağlı qalmaqal yarandı. Xüsusilə Lukaşenkonun iclasdan sonra öz ölkəsinə qayıdarkən Azərbaycan səfirini qəbul etməsi və baş verənlərlə bağlı müzakirələr aparması İrəvana ağır zərbə oldu. Proseslərdə Azərbaycan liderini diplomatik manevrləri və bunun nəticəsində Ermənistanın Avrasiya platformasında məğlubiyyəti açıq görünürdü. Astana sammitindən sonra baş katibin seçilməsi üçün növbəti iclasın dekabrın 6-da Sankt-Peterburqda keçiriləcəyi gözlənilirdi. Lakin Rusiya prezidenti Vladimir Putinin təklifi ilə iclas təxirə salındı. Ehtimallara görə, iclas dekabrın sonunda keçirilə bilər. Əslində iclasın təxirə salınmasını Nikol Paşinyan xahiş etmişdi. Çünki o, baş katiblik məsələsində məğlub olacağını və bu məğlubiyyətin seçki öncəsi reytinqinə zərbə vuracağını anlayırdı. Ermənistanda belə bir süni inam yarandı ki, KTMT-nin baş katibi məsələsi hələ həll olumayıb və, İrəvanın hələ də şansları var.
Lakin dünən Sankt-Peterburqda keçirilən görüşdə baş verənlər və Lukaşenkonun açıqladıqları kulislərdə hər şeyin həll edildiyini deməyə əsas verir.
Ermənistan baş nazirinin mətbuat katibi Lukaşenkonun dediklərini təkzib edib. Lakin erməni şərhçilər Azərbaycanın Belarus və Qazaxıstanın vasitəsilə Ermənistanı məğlub etdiyini hesab edirlər.
“Görünür, Qazaxıstan və Belarus öz oyunlarına davam edirlər. Azərbaycan istədiyinə nail olur və bu, gələcək müharibədə KTMT-nin Ermənistana dəstək verə biləcəyi ehtimalını sıradan çıxarır”, - deyə “lragir” saytı yazır.