Saatlar sonra Ermənistan türk torpaqlarında VURULACAQ - Bakının planı REALLAŞIR
Bu gün Astanada Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Şura iclası öz işinə başlayır. İki gün davam edəcək iclasda KTMT-nin yeni baş katibinin seçilməsi gözlənilir.
Publika.az xəbər verir ki, Ermənistanın nümayəndəsi olan baş katib Yuri Xaçaturov prosedura görə 3 il – 2020-ci ilə qədər bu postda olmalı idi. Lakin Paşinyan hakimiyyətə gələndən sonra 1 mart işi üzrə açılan cinayət işinə Xaçaturovun da cəlb edilməsi hadisələrin gedişatını dəyişdirdi.
Gözləntilərə görə, əlifba sırasına uyğun olaraq baş katib postunda Xaçaturovu Belarus nümayəndəsi Stanislav Zas əvəz etməlidir. Lakin Ermənistan Xaçaturovu öz nümayəndəsi ilə əvəz etmək niyyətindədir. Artıq Xaçaturovu əvəz etmək üçün namizədliyi irəli sürüləcək erməninin adı da məlumdur: keçmiş müdafiə naziri, general Mikael Arütyunyan.
Nikol Paşinyanın da iştirak edəcəyi iclasda İrəvanın istəyinin baş tutacağı çətin görünür.
Rusiya prezidentinin köməkçisi Yuri Uşakov KTMT-nin baş katibi məsələsində üç ssenarinin ola biləcəyini açıqlayıb.
1. Ermənistan nümayəndəsinin dəyişdirilməsi, yəni Xaçaturovun Arutyunyanla əvəzlənməsi.
2. KTMT baş katibinin müavini Valeri Semerikovun 2020-ci ilə qədər - yəni Belarusun növbəsi çatana qədər - baş katib səlahiyyətlərini icra etməsi.
3. Belarusun namizədinin seçilməsi.
Hansı ssenarinin reallaşacağı iclasda müəyyən ediləcək. Ekspertlər hesab edirlər ki, Ermənistanın arzuladığı ssenarinin baş tutması çətindir. Erməni şərhçilər də bu ehtimalın üzərində dayanır.
Erməni siyasi şərhçi Sərkis Artsruni yazır ki, Uşakovun danışdığı ssenarilər əslində Kremldə təsdiqlənən variantlardır: “Ermənistan öz istəyinin reallaşması üçün sona kimi israr edir. Artünyunyanın namizədliyi Moskvanın ürəyincə ola bilər, çünki bu şəxs Rusiyayönümlü olduğunu gizlətmir. Lakin Uşakov üç ssenaridən danışırsa, deməli, İrəvanın istəyi qarşısında maneələr var. Böyük ehtimalla Belarus və Qazaxıstan Ermənistanın nümayəndəsinin dəyişdirilməsinə qarşıdır”.
Artsruni qeyd edir ki, Astana və Minsk vaxtarışı Bakının maraqlarını müdafiə edir.
“Yəqin ki, heç kim Ermənistanın Avrasiya İqtisadi İttifaqına girişi zamanı Nazarbayev İlham Əliyevin məktubunu oxudu. Onu da unutmamışıq ki, Qazaxıstan KTMT-yə erməni baş katibin təyin edilməsinin qarşısını uzun müddət aldı. Belarus və Qazaxıstan Azərbaycanın ən yaxın tərəfdaşlarıdır və Qarabağ məsələsində daim Bakıya açıq dəstək verirlər. Xaçaturov qalmaqalından sonra KTMT-də erməni nümayəndəsinin baş katib olmasının qarşısını almaq üçün Minsk və Astanın əlinə yeni əsas düşdü”, - deyə o bildirib.